Huquqaz.com

Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən, strateji nöqteyi nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondu

28.08.2023
2.445
Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən, strateji nöqteyi nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondu

Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən, strateji nöqteyi nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondu

Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.

Bu proses kənardan heç də sadə və bəsit görünməməlidir. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır.

Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir.

Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir.

Bu gün Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Bu cür yanaşmaqla əslində onlar Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətə fərqli don geyindirməyə çalışırlar.

Ölkəmizi “Etnik təmizləmə” ilə təqsirləyənlər anlamalıdırlar ki, tarix boyu xalqımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, soyqırımlar törətmiş, işğalçılıq, deportasiya siyasəti həyata keçirmiş məhz Ermənistan olmuşdur. Azərbaycan xalqı bu qanlı tarixləri heç vaxt unutmur və unutmayacaqdır.

Bu qanlı səhifələrdən biri də məhz Laçın rayonunun 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğalı idi. Həmin dövrdə ölkəmizdə baş verən ağır siyasi böhrandan, daxili siyasi gərginliyin pik həddə çatmasından yararlanan ermənilər ilk öncə 9 mayda Şuşanı daxili satqınlıq hesabına işğal etdilər. Ardınca Qarabağın gələcək işğalına yol açan yeganə yolu – Laçını işğal etdilər.

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Laçın rayonunun strateji əhəmiyyətini bu cür vurğulamışdı: “Laçın rayonu həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir… Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən, strateji nöqteyi nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondur”.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren huquqları çərçivəsində atılmış legitim əsaslı addımdır

Bu gün ölkəmiz öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun şəkildə həyata keçirir.

Bütün çirkin iftiralara rəğmən ölkəmiz öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsini qurduğu elə ilk gündən Qarabağ bölgəsində yaşayan etnik azlıq olan erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişini şəffaf şəkildə təmin etməkdədir.

Üstəlik, Azərbaycan hərbi və siyasi etik davranış sərgiləyərək, sərhəd-buraxılış məntəqəsinin yaradılacağı ilə bağlı həm Rusiya sülhməramlı kontingenti və həm də Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarını lazımi informasiyalarla təmin etmişdir.

Azərbaycan hər zaman olduğu kimi ədalətin tərafdarı olmaqla bundan sonra da qətiyyətli şəkildə öz haqlı mübarizəsini davam etdirəcəkdir.

Bütün bu kimi haqsız ittihamlara rəğmən Azərbaycan tərəfi hər zaman dürüstlük, mübarizə və qətiyyət nümayiş etdirmişdir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim sözümüz imzamız qədər keçərlidir”.

Bu səbəbdən ölkəmiz səsləndirilən cəfəng iddiaları haqlı olaraq qətiyyətlə rədd edir.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren huquqları çərçivəsində atılmış legitim əsaslı addımdır.

Belə ki, Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir.

Dövlət təhlükəsizliyimizə qarşı yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.

Qarşı tərəf anlamalıdır ki, həm Ermənistanın, həm də onu himayə edənlərin bu cür yanaşmaları bölgəmizdə yaranacaq sülhə və inkişafa xidmət etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən gələcəkdə yaranacaq hər hansısa mənfi hallara görə Ermənistan tərəfi məsuliyyət daşıyır.

Azərbaycan tərəfi hər zaman əməkdaşlığa, o cümlədən iki dövlət arasında münasibətlərin normallaşması və inkişafına yönəlik səmərəli müzakirələrin aparılmasına açıqdır.

Əgər Ermənistan həm iqtisadi, həm də siyasi cəhətdən güclənməsini və inkişaf etməsini, sivil dünyanın bir parçası olmasını istəyirsə, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkməli, xarici siyasət kursunu düzgün planlaşdırmalı, konstruktiv danışıqlara yaşıl işıq yandırmalıdır.

Bunun üçün Ermənistan ölkəmizlə sülh razılaşmasının əldə olunmasında istəkli və qərarlı olduğunu açıq şəkildə nümayiş etdirməli, regionda qalıcı sülhün yaradılması üçün ilk növbədə həlli zəruri məsələləri icra etməlidir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması baxımından böyük önəm daşıyır

Bu gün Ermənistan hakimiyyəti, revanşist qüvvələr, eyni zamanda, onları himayə edən xarici qüvvələr bu faktla barışaraq, gerçəklikləri qəbul etməli və Qarabağ iqtisadi rayonunda yaşayan etnik azlıq olan ermənilərin Azərbaycana reinteqrasiyası prosesinə yardım göstərməlidirlər.

Eyni zamanda, sərhəd-buraxılış məntəqəsinin yaradılması humanitar yardım adı altında Qarabağa gizli yollarla hərbi texnika və silah-sursatın, xüsusilə minaların daşınması təhlükəsinin də qarşısını almaqdadır.

Bu xüsusda “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin 01 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etdiyi kimi: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib… Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir… Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.

Məhz Prezident İlham Əliyevin qurub-yaratdığı ideal mərkəzləşdirilmiş idarəçilik mexanizmi sayəsində ölkəmizin bütün güc strukturlarının birgə koordinasiyalı şəkildə fəaliyyəti ilə çətin, lakin şərəfli və müqəddəs missiya çevik şəkildə icra edildi.

Bu baxımdan, Laçında Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Beləliklə, xalqımız post-müharibə dövründən bu yana vətənin bölünməzliyini və sərhədlərində yeganə söz sahibi olduğunu düşmənə, eyni zamanda, onu bu günə qədər himayə edən, dəstəkləyən və hər cür hərbi-siyasi dəstək göstərən bütün qüvvələrə sübut etmiş oldu.

Eyni zamanda, Azərbaycan Dövlət Gömrük Komitəsi də Həkəri çayı üzərindəki Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsində öz fəaliyyətinə başlamışdır. Gömrükçülərimiz yüksək intizam və nəzakətlə öz xidməti vəzifələrini icra edirlər.

“Laçın” sərhəd-buraxılış məntəqəsində yüklərin təmas olmadan, dəqiq və sürətli şəkildə yoxlama-baxış proseduru ABŞ istehsalı olan müasir mobil rentgen aparatı vasitəsi ilə təmin olunur.

Otuz il özlərini “qalib, döyüşkən xalq” kimi adlandıran xəstə təxəyüllülər indi gerçəkliklə, regionda yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətindədirlər.

Bu səbəbdən qarşı tərəf və onu himayə edənlər sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalı, Azərbaycanla güc və hədə-qorxu dili ilə danışmağın faydasız olduğunu anlamalıdırlar.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.