Huquqaz.com

İlin ilk altı ayı səmərəli keçib

13.07.2023
2.753
İlin ilk altı ayı səmərəli keçib

Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramları əhəmiyyətlidir. İqtisadi inkişafın əsas hədəfi, rəqabət qabiliyyətliyin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya yolu ilə uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi inkişafın davamlığını təmin etməkdir.

Bütün dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyinin şahidi olur. 30 il ərzində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Müasir standartlara cavab verən yollar çəkilir, beynəlxalq hava limanları tikilir, tarixi, mədəni, dini irsimiz bərpa olunur, “ağıllı kənd” layihəsi həyata keçirilir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir.Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.Qarabağ bölgəsi gələcəkdə sənaye mərkəzinə çevriləcək.

Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımız üçün dünyanın ən müasir imkanlarını yaradır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurulur. İşğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünyaya nümunə olan Qalib Azərbaycan güclü siyasi iradə nümayiş etdirir.

Ümumillikdə cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi ki, bu məsələlər də konseptual çərçivədə öz həllini tapır.

 Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır

2023-cü ilin ilk rübünün statistikasına baxsaq  ölkə iqtisadiy­yatının qeyri-neft sektorunda 3,1 faiz ar­tım qeydə alındığını görərik. Bununla belə, Dünya Bankının proqnozlarına görə, cari ilin so­nunadək ÜDM-də qeyri-neft sektorunun payının 3 faizdən çox olacağı gözlənilir. Azərbaycanın dövlət büdcəsinin forma­laşdırılmasında iki növ gəlirdən istifadə olunur. Neft sektorundan ölkə büdcəsinə daxilolmalar, hələ ki, üs­tünlük təşkil etsə də, qeyri-neft sektoru­nun mühüm sahələri olan kənd təsərrüfa­tı, xidmət, tikinti, sənaye, turizm və digər sahələrdən, eləcə də enerji və qiymətli metalların ixracından, nəqliyyat və logis­tika sektorundan gələn tranzit haqları da büdcə gəlirlərinin formalaşmasında mü­hüm rol oynayır. Ötən il qeyri-neft sekto­rundan daxil olan gəlirlər hesabına ÜDM-də artım baş vermişdir. İşğaldan azad edilmiş ərazilərdə həyatın tədricən əvvəlki məc­rasına qayıtması ilə bu göstərici getdikcə yaxşılaşacaq.

Qeyri-neft sektorunun inkişafı sayəsində onun ÜDM-də payı Azərbaycanın ən yaxın tarixində maksi­muma çatacağı gözlənilir. Qarabağda reallaşdırılan yeni layihələr və Azərbay­canın Avrasiya regionunda artan logis­tik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxla­maqla 2024-cü ilə qədər onun ÜDM-də payı 70 faizə yaxınlaşacaq. 2026-cı ilə qədər Qarabağda icra olunan layihələrə təxminən 10 milyard ABŞ dolları (ÜDM-in 18 faizi) sərmayə qoyulacaq, infrast­rukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-neft-qaz məhsullarının istehsalına və ixracına yönəlmiş yeni sənaye və iqtisadi zonalar yaradılacaq.

Azərbaycanda qeyri-neft sektorunun avanqard qüvvəsi sayılan sahibkarlara dövlət qayğısı ildən-ilə artır. Yaxın vaxt­larda isə ölkədə sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi bir qədər də genişləndiriləcək. Qarşıdakı dövrdə mövcud dövlət dəstək mexanizmlərinin təkmilləşdirilmə­si və əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, yerli alətlərin tətbiq edil­məsi Azərbaycanda sahibkarlığın inkişa­fına töhfə verəcək.

Göründüyü kimi, ölkəmizdə sosial-iq­tisadi inkişafın sürətləndirilməsinə yönəldilmiş məqsədli dövlət proqramlarının qəbulu, əlverişli biznes mühiti, eləcə də uğurlu şaxələndirmə siyasəti qeyri-neft sektorunun ümumi daxili məhsulda pa­yının getdikcə artmasına səbəb olacaq. Bunun da nəticəsində ixracda qeyri-neft mallarının payı ildən-ilə artacaq.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır

Cari dövr ərzində büdcənin gəlirlərini nəzərdən keçirsək ststistik cəhətdən görərik ki, mərkəzləşdirilmiş gəlirlər 30 milyard 016 milyon 998 min manatdan 33 milyard 014 milyon 798 min manata, yerli gəlirlər 756 milyon 980 min manatdan 764 milyon 702 min manata, mərkəzləşdirilmiş xərclər 32 milyard 583 milyon 992 min manatdan 35 milyard 791 milyon 792 min manata, yerli xərclər isə 769 milyon 286 min manatdan 777 milyon 008 min manata çatdırılıb.

Bu statistik rəqəmlərə əsasən demək olar ki, maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb. Bunun da bir çox səbəbləri var.

İlk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi – bütün bu amillər imkan verdi ki, ilin ortasında  büdcəyə yenidən baxılsın.

Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır. Onsuz da Azərbaycanın builki dövlət büdcəsi rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki,  təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr olunsun.

2023-cü il dövlət büdcəsinin fəlsəfəsi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı əhatə edir. Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin parametrləri ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq tərtib edilib. Strategiyaya əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddi 2023-cü ilin sonuna 25 faiz nəzərdə tutulub. Ortamüddətli dövrün sonuna isə hədəf 17,5 faizdir. Ümumi dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi ortamüddətli dövr üzrə 20% müəyyən edilib. Hazırda birbaşa xarici dövlət borcunun ÜDM-ə nisbəti 10% təşkil edir.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur

İşğaldan azad edilmiş ərazilərdə müasir standartlara əsaslanan yol infrastrukturu yaradılır. Belə ki, iki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir.Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir.

Ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmək üçün Qarabağ və Şərqi Zəngəzurda əkin işləri aparılaraq təqribən 60 min hektarda taxıl səpilmişdir. Bu ərazilərdə həmçinin sənaye parkları  da yaradılır. Bu işlər çərçivəsində Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq, Cəbrayıl Sənaye Parkında isə 10 milyonluq investisiya layihələri təsdiqlənmişdir.  Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətimizin əsas prioritetlərindəndir. Laçında hazırda yüzlərlə ev,  o cümlədən ictimai binalar yenidən qurulur, təmir edilir.

Bununla paralel olaraq, bir çox kəndlərdə artıq inşaat işləri başlanıb. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Həmçinin Şuşa, Ağdam, Füzuli və Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Böyük Qayıdış haqqında danışarkən onu da vurğulamaq lazımdır ki, infrastruktur olmadan insanları köçürmək mümkün deyil.  Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulması üçün çox böyük işlər görülüb və bu işlər davam etdirilir. Bu ərazilərdə elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub.

Dürüstləşmə zamanı Azərbaycanın əsas iki istiqamət çox açıq aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi ki, bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir.  1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə yönəldilmişdir. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə idi və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi uşaq bağçasının müdiri

 

 

Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq

Ordu quruculuğu daimi prosesdir və hər gün yeni silahlar istehsal edilir, müasir texnologiyalar tətbiq edir. Dövlətimiz də Azərbaycan Ordusunun hərbi potensialının güclü olması üçün onun dünyanın ən qabaqcıl ölkələrinin müasir silahları ilə təmin olmasına çalışır. Şəxsi heyətin qidalanmasına, geyim, silah-sursat təminatına, işğaldan azad edilmiş ərazilərdə müasir kazarmaların və zastavaların tikilməsinə, ordunun daim təlim keçməsinə, təchizatına, kadr potensialına və davamlı islahatların aparılmasına xüsusi diqqət ayrılır. Ordumuzun Türkiyə modelinə keçməsi yönündə də xeyli addımlar atılıb və qarşıya böyük hədəflər qoyulub. Ali Baş Komandanın nəzarəti altında qısa müddətdə mühüm işlərin görülməsi planlaşdırılır.

Vətən müharibəsindən sonra Azərbaycana riyakar münasibət bəsləyən, qısqanc yanaşan dövlətlər də artıq məcbur olaraq ölkəmizin ortaya qoyduğu mövqeyi ilə hesablaşırlar. Bu mövqe beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə, milli maraqlarına əsaslanır. Ölkəmizin milli maraqlarından bir addım geri çəkilməyəcəyini artıq dünyada qəbul edirlər. Öz ərazi bütövlüyünü, müstəqilliyini daim qorumaq üçün ölkəmiz güclü orduya, müasir silahlara malikdir. Türkiyə, Pakistan və İsrail kimi müttəfiqləri olan Azərbaycanın yürütdüyü siyasətinə dünyanın bir çox ölkələri hörmətlə yanaşır. Bütün bunların hamısı Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticələridir.

Ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün daha güclü hərbi potensiala malik olmağımız vacibdir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra  dayanmadan bu istiqamətdə çox ciddi addımlar atılıb və mən bunu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacaq. Əsas hədəf ondan ibarətdir ki, hərbi sahəsində bu proses dayanmır və dayanmamalıdır. Bu günki güclü Azərbaycan dövləti iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa həmin vəsaitin toplanması və bu sahələrə sərf olunması iqtidarındadır.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.