Huquqaz.com

Prinsipial mövqe

08.07.2023
2.162
Prinsipial mövqe

Prinsipial mövqe

Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, buraya daxil olan dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurub. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşmüşdür.

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, hər bir kəsin səsinin dünya miqyasında eşidilməsinin təməl prinsipidir.

Parlament şəbəkəsi  təkcə Azərbaycanın irəli sürdüyü və dəstəyini qazandığı yeganə təşəbbüs deyil. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvü hesab olunur.

Ölkəmiz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşuldu və bu istiqamətdə dövlətimizin fəaliyyəti ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfə verməyə hesablanıb.

Dövlət başçımızın da dediyi kimi, Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu

Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük beynəlxalq təşkilat  Qoşulmama Hərəkatı  (QH) hesab olunur. Pandemiya dövrünə nəzər salsaq görərik ki, Azərbaycan bərabər mənada peyvənd paylanmasının tərəfdarı olmaq üçün yalnız mənəvi deyil, həmçinin də rəsmi məsuliyyət daşıyırdı: “Pandemiyanın başlanmasından bəri Azərbaycan bu böhrana qarşı təşkilatda müdrik koordinasiyalı bir yanaşma xətti  seçmişdir.

Peyvənd millətçiliyi hər bir dövlətin ən yaxşı mənafeyinə qarşı işləyən, yalnız böhranı uzadan, uğursuzluğa məhkum olan bir strategiya hesab olunur.

2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət etmişdir.

BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Qoşulmama Hərəkatının 120 üzv dövləti adından danışan Prezident İlham Əliyev problemə çoxtərəfli yanaşmanın vacibliyini vurğulamış və bütün ölkələr üçün COVID-19-a qarşı dərmanlara, peyvəndlərə və tibbi avadanlıqlara bərabər əlçatanlığın təmin olunmasının vacibliyini qeyd etmişdir.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

İnstitusional inkişaf

Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi tərəfindən ilk dəfə keçirilən Beynəlxalq Qoşulmama Hərəkatı Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 33 Milli Bölmə nəzdində 600-dən çox fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı vətəndaşların sağlamlığının və rifahının, keyfiyyətli təhsilə çıxışın təmin edilməsi, insan hüquqlarının qorunması, iqlim dəyişikliyi və pandemiyanın yaratdığı problemlərin həlli istiqamətində Qoşulmama Hərəkatı Üzv Dövlətlərində davamlı inkişafın təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirir.

Sözügedən tədbirlərdə gənclərə QHGT yaranma tarixi, fəaliyyət prinsipləri, dəyərləri və strukturu haqqında ətraflı məlumat verilib. Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən keçirilən layihələrdə gənclərin yerli və qlobal problemlərin həllində birgə fəaliyyəti təşviq olunub, COVID-19 pandemiyasından sonra gənclərin hərtərəfli inkişafının və dayanıqlı gələcəyin təmin edilməsi məqsədilə Qoşulmama Hərəkatına Üzv Dövlətlərlə əməkdaşlıq edilib.

Hərəkatın Institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı ənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər gedir.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Fransa erməni separatizmini dəstəkləyir

Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Bu cür qeyri-qənaətbəxş davranış  Azərbaycanla Fransa arasındakı əlaqələrə ciddi xələl gətirir və bu ölkə barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir.

Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-nin dağıdılmış, qalanlarının isə donuz və inəklər üçün tövlə kimi istifadə edilmişdir. Bu şəkildə davranış təkcə Azərbaycan üçün deyil, bütün dünya müsəlmanlarına qarşı təhqir hesab olunur.  Həmçinin onu da qeyd etmək lazımdır  ki, Azərbaycanın 60 min hektar meşəliyi məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib.

Cənab Prezident İlham Əliyev neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olan Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəklədiyi fikrini vurğulayıb.  Onu da qeyd etmək lazımdır ki,  Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir.

Fransanın erməni separatizmini dəstəklədiyinin labüd sübutu kimi  Azərbaycanın Qarabağ bölgəsində geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etmək fikrindədir.

Mətanət Ağayeva- Zərdab rayon  Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu

 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi.

Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. İkinci Qarabağ müharibəsində Ermənistanın işğalçı hərbi birləşmələrini öz torpaqlarından qovan və ərazi bütövlüyünü bərpa edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənməkdədir. Bir sözlə,  Azərbaycanın tarixində yeni mərhələ başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hazırda doğma Qarabağımızda, işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Şuşada Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir. Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günlərinin, Milli Musiqi Gününün təşkil olunması buna sübutdur.Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa – quruculuq işlərin aparılması böyük qayıdışın qısa müddət ərzində reallaşmasına hesablanıb.Cənab  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək, Qarabağın dirçəlişi ilə yeni tarix yazacaq.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır

Ermənistanın hərbi-siyasi rəhbərliyi 30 il ərzində bütün beynəlxalq konvensiyalara, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirib. İşğal olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insan qətlə yetirməkdir. Belə ki, Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalamışdı.

Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Həmçinin dövlətimiz minatəmizləmə sahəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Ölkəmiz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi təsis olunması təşəbbüsü ilə də çıxış edib. Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası istiqamətdə də müəyyən işlər aparılır. Minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişafla birbaşa əlaqə kontekstində görür. Məhz buna görə də Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.

Minatəmizləmə Agentliyi Türkiyə Respublikası, Böyük Britaniya mütəxəssisləri, ABŞ-ın Aerokosmik Mühəndislik Korporasiyası, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edir. Həmçinin Avropa İttifaqı, BMT-nın İnkişaf Proqramı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ölkəmizdə məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəni icra etməyə başlayıblar. Ölkəmizin mina təhlükəsi ilə bağlı belə geniş təbliğatına baxmayaraq, ərazilərimizin minalardan təmizlənməsi üçün xərclənən vəsaitin çox böyük hissəsi Azərbaycana aiddir. Minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.