Huquqaz.com

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı

25.06.2023
1.968
Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Bu gün ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Belə ki, 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlar həmçinin Vətən Müharibəsi zamanı, dövlətimizin, Ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklər azad edildi. Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və bu güc qarşısında geri çəkilməyə məcbur oldu. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşına həkk olundu.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldə etməsi, həm də onun hakimiyyətə gəlişindən sonra apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

             

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü.

Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Lakin  1920-ci il 28 aprelində Sovet imperiyasının  təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan  sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Milli Ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra  Ulu Öndər Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olmuşdur. Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış  hakimiyyətsizliyi bərpa etmək üçün Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gətirildi. Xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.

Ulu Öndər  Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.   Otuz ilə yaxın bir müddətdə  Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Məhz Azərbaycan Ordusunu da müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Sözün həqiqi mənasında Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Bir sözlə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

Bu gün də Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu.

Ulu Öndər Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. Onun gerçəkləşdirilməsi Ulu Öndər tərəfindən işlənilib hazırlanmışdır və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsası qoyulmuşdur. Siyasi islahatlar aparılmağa başladı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi.  Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Bu siyasət bu gün də uğurla davam etdirilir.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayev

 

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu.

 Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan Prezident cənab İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir.

Prezident cənab İlham Əliyevin ordu quruculuğu siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunmasına, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən dövlətimizin başçısı bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü daha da artırdı və peşəkar, ən müasir tələblərə cavab verən orduya çevirdi. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi. Xarici dövlətlərdən Azərbaycan Ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edildi. Məhz bunun sayəsində yaşayış məntəqələrimizi və hərbçilərimizi hədəfə alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vuruldu. Nəticədə təkcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edildi.

Prezident cənab İlham Əliyevin ordu quruculuğu siyasətində mühüm yer tutan məsələlərdən biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində – 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırıb. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam edib. Ulu Öndərin bu siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident cənab İlham Əliyev yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul edib. Buna nümunə olaraq, Prezident cənab İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasını göstərmək olar. Qırx dörd günlük Vətən müharibəsində bütün qoşun növləri kimi, Sərhəd Qoşunlarının şəxsi heyəti də torpaqlarımızın erməni işğalından azad edilməsində yaxından iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Bundan başqa, Prezident cənab İlham Əliyevin göstərişi ilə yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilib. Bununla da peşəkarlıqlarını daha da artıran hərbçilərimiz dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olublar. Nəticədə Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng peşəkarlar məktəbinə çevrilib, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlib.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdır. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında sübut etdi.

2016-cı ilin Aprel döyüşlərinin Azərbaycanın tarixində, Vətən müharibəsinə aparan yolda və böyük zəfərimizdə mühüm rolu oldu. Dördgünlük müharibə zamanı təkcə Ermənistan deyil, bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Hər şey ondan başladı ki, 7 il əvvəl, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində ardıcıl təxribatlara əl atdı. Buna cavab olaraq ordumuz əks-əməliyyat həyata keçirdi. Döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bir sıra mühüm və strateji əhəmiyyətli mövqelər azad olundu. Aprelin 4-də Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, o zaman mövcud olan təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma hərbçilərimiz bu hücumun qarşısını şücaətlə alaraq, Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı və qarşı tərəf öz məqsədinə nail ola bilmədi. Aprel döyüşləri 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş idi. Həmin döyüşlər eyni zamanda Ermənistan ordusunun gücü barədə yayılan mifi də darmadağın etdi. Məlum oldu ki, Ermənistan ordusu heç də təbliğ etdikləri qədər deyil. Dörd il sonra, Vətən müharibəsində bu mif ümumiyyətlə, yerlə bir oldu. Döyüşlər Ermənistanın xahişləri, yalvarışları ilə Rusiyanın vasitəçiliyi ilə 2016-cı il aprelin 5-də dayandırıldı. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində qarşı tərəfin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldü, 500-dən artıq döyüşçüsü yaralandı. Eyni zamanda döyüşlərdəki ağır məğlubiyyət Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu. Ermənistan silahlı qüvvələrində istefalar baş verdi, həbslər oldu.

Bu döyüşlər Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını möhkəmləndirdi. Aprel şəhidləri isə xalqımızın qüdrətini, qələbə əzmini bir daha sübut etdi.

Prezident cənab İlham Əliyev aprel döyüşlərində əldə edilmiş qələbə ilə bağlı deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir… Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu”.

Uğurlu aprel qələbəsindən iki il sonra ordumuz daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.

2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirildi. Paradda çıxış edən Prezident cənab İlham Əliyev demişdir ki, gün gələcək bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.

Və o gün gəldi, azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

Şərhlər

Şərh yazılmayıb.