Huquqaz.com

Bakı həlledici atdım atdı: növbə Rusiyanındır

26.04.2023
463
Bakı həlledici atdım atdı: növbə Rusiyanındır

Siyasi şərhçi Asif Nərimanlının Axar.az-a müsahibəsi:

– Aprelin 23-də Azərbaycan Laçın yolunun sərhəddəki başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu. Prosesi ümumi şəkildə dəyərləndirirsiniz?

– Birinci Qarabağ müharibəsində və sonrasında, eyni zamanda 44 günlük Vətən müharibəsindən 2,5 il keçməsinə baxmayaraq, Ermənistan, Qarabağdakı separatçı tör-töküntüləri və onların havadarları, bölgədə maraqlı olan güc mərkəzləri “Laçın dəhlizi” ifadəsindən istifadə ediblər. Çünki bu məsələ ermənilərin ərazi iddialarının, dövlət olmaq istəklərinin istinad nöqtəsi, nəfəsliyi olub. Yeni Laçın yolu istifadəyə verildikdən sonra “dəhliz” anlayışı aradan qaldırıldı. Sərhəd-buraxılış məntəqəsinin qurulması isə bunu praktiki şəkildə tamamilə gündəmdən çıxartdı. Ermənistan əvvəl nə istəyirdi? Prosesə baxdığımız zaman biz rəsmi İrəvanın Laçın dəhlizinin 20 km enində və öz nəzarətlərində olmasını istədiklərini görürük (Madrid prinsiplərində bu məsafə 30 km idi). Azərbaycan 10 noyabr bəyanatında sözügedən istəyin öz əksini tapmasının qarşısını aldı. Dövlət başçısı 10 noyabr bəyanatında məsafəni 5 km-ə qədər saldı, həm də yolun yeni marşruta köçürülməsi məsələsi təsbit edildi. Bu, prosesin başlanğıcı və münaqişə dövründəki gündəliyin dəyişməsi idi. Burada ilk önəmli hədəf Laçın şəhərinin nəzarətimizə keçməsi idisə, sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə yolun 5 km enində olması məsələsi də gündəmdən çıxdı. Çünki relyef bunu qeyri-mümkün edir. Fikrimcə, rəsmi Bakı 10 noyabr bəyanatından sonra prosesi hazırkı istiqamətə doğru hazırlayırdı. Yeni yolun inşası üçün 3 illik müddət nəzərdə tutulmuşdu, lakin 1,5 ilə iş tamamlandı. Prosesdə ən maraqlı məqam yolun Həkəri çayınadək çəkilməsi və orada körpü salınmasıdır. Həmin körpünün üzərində ölkəmizin sərhəd-buraxılış məntəqəsi qurması isə separatçıların bütün təminat yollarının Azərbaycanın nəzarətinə keçməsi mənasına gəlir. Yəni əsas yol və köməkçi yollar son nəticədə gəlib orada birləşir. Faktiki şəkildə “Laçın dəhlizi” və separatçıların arqument kimi səsləndirdikləri öz müqəddəratını həll etmək məsələsi artıq gündəmdən düşür.

– Fransa xarici işlər naziri sabah bölgəyə iki günlük səfərə gəlir. Sizcə hazırkı məqamda beynəlxalq reaksiyalara hansı qiyməti vermək olar?

– Beynəlxalq gündəliyə baxmaq lazımdır. İndiyədək Azərbaycanın qarşı çıxmasına baxmayaraq, Ermənistan üzərindən separatçılara dəstək verilirdi. Amma bəhs etdiyimiz məsələ də, faktiki olaraq, beynəlxalq müstəvidə sıradan çıxmış sayılır. Burada həm Qərb, həm də Rusiya masasında gündəlik var. Rusiya əsasən Üçtərəfli bəyanatlara istinad edir. Doğrudur, həmin sənədlər tamamilə icra edilməsə də, ən azından oradakı şərt və öhdəliklər Azərbaycanın gündəliyinə uyğundur. Təşkil edilən görüş və müzakirələr, elan olunan nəticələr Qərb gündəliyinin də ölkəmizin maraqlarına uyğun olduğunu göstərir. Əsas məqamlar Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya, birgə yaşayışın təmin edilməsi və sairədir. İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın məqsədi Xankəndidə bayrağımızın dalğalandırılması, reinteqrasiya və dövlət suverenliyinin bütün ərazidə təmin edilməsidir. Laçında sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə bağlı verilən bəyanatları da analiz etdiyimiz zaman ilkin olaraq bütün tərəflərin buna qarşı çıxdığı təəssüratı yaranır. Ancaq fikrimcə, sözügedən bəyanatlar yalnız mövqe bildirməyə hesablanıb. Rusiyanın bəyanatında həm də Ermənistan tərəfinə verilən mesajlar var. Fransa isə bunlardan fərqlənir, ölkənin XİN rəhbərinin regiona səfəri də təsadüfi deyil. Rəsmi Parisin Qarabağdakı ermənilərlə bağlı öz gündəliyi var. Məqsəd onlar üzərindən bölgədə nüfuzunu gücləndirmək, qlobal oyunçu olduğunu göstərməkdir. Ona görə Qarabağdakı ermənilərin tərəf kimi qəbulu onlar üçün önəmlidir. Bu prosesdə ən çox oyundan kənar vəziyyətdə qalan da Fransadır. İndiyədək Parisdən həm prezident, həm də digər səviyyələrdə ölkəmiz əleyhinə bəyanatlar verilirdi. Nazirin gəlişi isə Fransanın artıq başqa çıxış yolunun olmadığını anladığı mənasına gəlir. Gündəlikdə AB və ABŞ tərəfindən dəstəklənən məsələlər var. Katrin Kolonna da Qarabağdakı ermənilərin hüquqları ilə bağlı müzakirələr aparmağa gəlir. Fransa yenidən prosesə qayıtmaq istəyir. Ümumiyyətlə isə artıq ekofəalların 135 gündür davam edən aksiyası da Qarabağın Azərbaycan torpağı olduğunu sübut etdi və dövlətimizin atdığı addımlara beynəlxalq aləm yalnız hansısa yazılı və şifahi açıqlamalarla münasibət bildirməklə reaksiya verdiyini göstərdi. Çünki Qarabağ ölkəmizin suveren ərazisidir və burada beynəlxalq güclərin hansısa praktiki addımlar atması mümkün deyil. Mənə elə gəlir ki, nə qədər bəyanatlar verilsə də, çağırışlar səsləndirilsə də, nəticə dəyişməyəcək. Hazırda dünyada geosiyasi məsələlərdə güc həlledici rol oynayır. Əgər hansısa bir məsələdə qalibsənsə, bütün beynəlxalq aktorlar sənin mövqeyinlə razılaşırlar.

– AB-nin Ermənistandakı missiyasının da iflasa uğradığını demək mümkündürmü?

– Missiyanın çağırılmasında rəsmi İrəvanın əsas məqsədi Rusiya qarşısında revanş gedişi etmək, Qərbin məqsədi isə regiona yerləşmək idi. Buna müəyyən qədər nail oldular. Lakin baş verən son toqquşmalar da onu göstərdi ki, bu missiyanın əlindən heç nə gəlmir, heç bir işə yaramır. Missiya Ermənistan ərazisinə gəlsə də, AB Bakı ilə də razılaşmağa məcburdur. Həm də tərəf olmaq təşkilatın vasitəçilik missiyasına ziddir və o, Fransanın aqibəti ilə üzləşə bilər. Ermənistan KTMT-dən ala bilmədiyi reaksiyanı AB missiyasından almaq və cəbhə formalaşdırmaq niyyətində idi. AB Azərbaycanla münasibətləri pozmayacaq həddə qədər missiyanın hansısa addımlar atmasına razıdır və hələlik həddi keçmirlər.

– Sizcə, son proseslər Zəngəzur dəhlizi məsələsinə təkan verə bilərmi?

– Əlbəttə, Laçında sərhəd-buraxılış məntəqəsinin qurulmasının Zəngəzur dəhlizi məsələsinə də təsirləri olacaq. Çünki burada Rusiya və ABŞ-ın sərgilədiyi mövqe var. Azərbaycan bununla çox böyük nəticə əldə etdi, amma regional proses kimi ABŞ burada Rusiyadan daha çox maraqlı tərəfdir. ABŞ dəhlizə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının nəzarət etməsini istəmir, ona görə də Zəngəzurun yol məntiqi ilə açılmasını dəstəkləyir. Yəni əsas istəyi Rusiyaya qarşıdır. İlham Əliyev də Laçın dəhlizində tətbiq olunacaq rejimin eynilə Zəngəzur dəhlizinə tətbiqini qəbul etdiyimizi də bildirib. Biz Laçında sərhəd-buraxılış məntəqəsi qurmaqla, bir növ, Ermənistana da Zəngəzurda bu imkanı tanımış olduq. Görünən odur ki, pərdə arxasında hansısa proseslər getdi və bu, Rusiyaya qarşı oldu. Lakin Moskvadan verilən açıqlamalar kifayət qədər loyaldır. Hətta Peskov öz açıqlamasında baş verən hadisənin Üçtərəfli bəyanatları yerinə yetirməkdən başqa variant olmadığını göstərdiyini bildirdi. Rusiya Cənubi Qafqaza Qərbi buraxmaq istəmir. Lavrovun Ankaraya son səfərində də Qarabağla bağlı müzakirələr aparıldı. Rusiya yenidən əvvəlki kimi, bu məsələdə dörd əsas aktorun (Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan – red.) olmasını, Türkiyənin fəallaşması yolu ilə Qərbin uzaqlaşdırılmasını istəyir. Digər tərəfdən Zəngəzur dəhlizi məsələsində Ermənistana nəzarət baxımından nəsə verməmək Qərbin regiona girməsi üçün qapını aralayır. Düşünürəm ki, Azərbaycanın son həmləsi ilə Rusiya Üçtərəfli bəyanatlarda müəyyən qədər korrektəyə ehtiyac olduğunu anladı. Yəni Qərbi əngəlləmək üçün Zəngəzur dəhlizi məsələsində həm Azərbaycan, həm də Ermənistanın maraqlarına zidd olmayan ortaq məxrəci tapmaq yolu ilə dəhlizdən ümumi istifadə rejimi formalaşdırmaq lazımdır. Azərbaycan öz həmləsini etdi və bununla həm ABŞ, həm də Rusiya gerçəkliyi anladı. Ona görə də son hadisəyə loyal yanaşdılar və Azərbaycanla münasibətləri pozmaq istəmirlər.

Şərhlər

Şərh yazılmayıb.