Huquqaz.com

Xocalı soyqırımı

27.02.2023
1.730
Xocalı soyqırımı

Xocalı soyqırımı

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə, Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğındır.

Bu faciə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımıdır. Hücumdan əvvəl, yəni fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulmuşdur. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünmüşdür. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etmişdir. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olmuşdur. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalılı əsir, 150 insan itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

1994-cü ildən dövrün Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur.

 

 Həqiqət Həziyeva

Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e.  

Şərhlər

Şərh yazılmayıb.