Huquqaz.com

Dövlət Bayrağı günün qeyd olunması Azərbaycan Xalq Cumhuriyyətinin tarixi ilə bağlıdır

09.11.2022
1.308
Dövlət Bayrağı günün qeyd olunması Azərbaycan Xalq Cumhuriyyətinin tarixi ilə bağlıdır

Hər bir ölkənin müstəqilliyinin əsas atributları sayılan dövlət rəmzləri xüsusi əhəmiyyət daşıyır. Hər bir vətəndaş dövlət rəmzlərimizin məna, mahiyyət və əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin qədrini daha yaxşı bilir. Azərbaycanda dövlət rəmzlərinin qəbulunun özünəməxsus tarixi vardır. Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid  ruhlarının daşıyıcısıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir. Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da Bakıda, hökümətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Azərbaycan Xalq Cumhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Azərbaycan Parlamentinin binası üzərindən endirilib. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri, xalqımızın Ümumilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. Bundan sonra 1991-ci il fevralın 5-də Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyada təsdiqlədi. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Azərbaycan Xalq Cumhuriyyətinin dövlət bayrağının qəbul edildiyi 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı günü kimi rəsmi bayram statusu almışdır. Hər il bu bayram ölkəmizdə böyük təntənə ilə qeyd olunur.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.