Huquqaz.com

YAZIÇI TƏRANƏ MƏMMƏDİN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏRİM – NİZAMİ TƏHMƏZOV

17.06.2022
1.441
YAZIÇI TƏRANƏ MƏMMƏDİN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏRİM – NİZAMİ TƏHMƏZOV

(İkinci hissə)
Moskvadan qayıtdıqdan sonra mən bir daha onu görmədim.Amma Təranə xanım elə bir insandır ki,onu heç vaxt unutmaq olmaz. Onun ən böyük dəyərlərindən biri insanlara bərabər münasibətin bəslənilməsidir. Bütün göstəricilərinə baxmayaraq o,heç vaxt özünü kimdənsə üstün tutmazdı. İnsana bərabər münasibətin bəslənilməsi isə insan şəxsiyyətinə,onun ləyaqətinə hörmətin aydın ifadəsi və təzahürüdür.İnsani münasibətlərdə bərabərlik omayan yerdə hörmət də ola bilməz.Bu və digər insani dəyərlərinə görə inanmıram ki,Təranə xanımla bir dəfə görüşən onu unuda bilsin.Mən də Təranə xanımı heç vaxt unutmadım.Bilirdim ki,Moskvadan gələndən sonra Mətbuatda Dövlət Sirlərini Mühafizə Baş İdarəsində məsul vəzifədə işləyirdi. Sonra respublika Milli Təhlükəsizlik Nazirliyinə getdi. Burda bir məsələni xüsusi qeyd etmək istəyirəm. Təranə xanım o qədər möhkəm, bağlı, qapalı, güclü adamdır ki, ondan hansısa sözü almaq o qədər də asan iş deyil. O,ümumiyyətlə, danışmaqdan çox insanları dinləməyi,qulaq asmağı sevir. İnsanları səbrlə axıra qədər dinləmək isə böyük mədəniyyətdir. Hərtərəfli, hazırlıqlı, elmli,bilikli,savadlı,yüksək intellektli,səviyyəli bir insanın çox ciddi bir dövlət quruma məsul bir vəzifəyə aparılması olduqca düzgün seçimdir.Təranə xanım bütün varlığı ilə vətəninə,xalqında,dövlətinə bağlı bir adamdır.Belə milli kadrların seçilib strateji dövlət orqanlarında yerləşdirilməsi,əgər bir tərəfdən dövlətçiliyin inkişafı, onun təhlükəsizliyinin etibarlı təminatıdırsa, digər tərəfdən xalqla dövlət arasında münasibətlərin daha dərin tellərlə bağlanmasının ən bariz göstəricisidir.
Nəhayət, uzn illərdən sonra biz Təranə xanımla Facebook sosial şəbəkəsində görüşdük. O zaman aradan 32 il keçmişdi.Və bu 32 ildə təsadüfən də olsa görüşmədik. Amma bu illərdə o heç dəyişməmişdi.Dəyişməmişdi deyəndə hardasa, illər öz təsirini göstərsə də xasiyyətini ,xarakterini, öz yolunu, əqidəsini dəyişdirə bilməmişdi. Həmin Təranə xanım idi. 32 il əvvəl öz gözəlliyi və insani fəzilətləri əcnəbi qonaqları məftun və heyran edən Təranə xanım!
Bir müddət FB səhifəsində yazışandan sonra soruşdum ki,sizn gözəl qələminiz var,yəqin ki,bədii yaradıcılıqla məşğul olursunuz? O,susdu. Bir müddət cavab vermədi. Bilirdim ki,o,heç vaxt fikirləşmədən bir söz deməz. Birdən yadıma düşdü ki,axı,o,məni bir ərəb tərcüməçisi kimi tanıyır, peşəkar jurnalist olduğumu bilmir.Yazdım ki,hörmətli Təranə xanım , axı,mən hər şeydən əvvəl jurnalistəm,bir dost kimi yazılarınız haqqında müəyyən fikirlər deyə bilərəm.O,təəccüblə soruşdu:”Doğrudan? Bu lap yaxşı oldu ki,..”
O, sanki sevindi.Amma bunu bildirməmək üçün tez başqa mövzuya keçdi. Çox az müddətdə bir tədbirdə iştirak etsək də mən onun xasiyyətinə qismən də olsa bələd olmuşdum.Bilirdim ki, xoş rəftar, xoş münasibət, insanlara qarşı davranış gözəlliyi onun daxilindən,içindən,bəlkə də genindən gələn ən böyük mənəvi dəyərlərdir ki, o, bununla başqalarında xoş hisslər, hörmət və ehtiram yaratsa da, bundan heç vaxt bəhrələnməz, kiməsə nəsə söz demək,əziyyətə salmaq istəməzdi. Belə düşüncələr onun üçün yad idi.
Çox xahiş etdikdən sonra o, mənə iki hekayə göndərdi.”Səhv zəng” və “ Biz insanıq”. Düzü, əvvəlcə oxumağa cürət eləmədim.Elə bil nədənsə qorxur, çəkinir, nədənsə ehtiyat edirdim.Düşünürdüm ki,birdən xoşuma gəlməz.Amma xoşuma gəlməsə nə olacağını düşünməmişdim. Bu,heç mənim ağlıma da gəlmirdi. Onun fitri istedad sahibi olduğunu artıq Moskvada özüm üçün müəyyən etmişdim.Hiss etmişdim ki,onda orta hədd yoxdur. Nəyi bilirsə, nəyi bacarırsa, hamısı yüksək səviyyədə olur.Hərdən yardıcı dostlarım mənə irad tuturlar ki,sənə elə gəlmir ki,bəzən bir şeyi həddindən artıq tərifləyirsən? Bilmirəm, bəlkə də haqlıdırlar. Amma təbii ki,hər kəsin öz fikri,düşüncəsi,öz duyumu, öz baxış bucağı var.Hər kəsin öz prizması,yanaşma tərzi var.Mənim xoşuma gələni,kimsə bəyənməyə bilər və ya əksinə.Mən gördüyümü,duyduğumu,bildiyimi deməkdən çəkinən adam deyiləm.Bu, kiminsə xoşuna gəlməyə bilər. Bir iş görərkən heç vaxt kiminsə xoşuna gəlib-gəlməyəcəyini əvvəlcədən düşünən adam deyiləm. Öz səhvimin, günahımın əzabını çəkən adamam.
Nəhayət, Təranə xanımın mənə göndərdiyi “Səhv zəng”hekayəsini oxudum. Sonra “Biz insanıq” həkayəsinə baxdım.Təranə xanımı yaxından tanımasaydım və savadına, istedadına bələd olmasaydım, bəlkə də təəccüblənərdim.Və bəlkə də heç özü yazdığına inanmazdım. Çünki çox gözəl idi. Lap çox! Hər iki hekayə sanki təsadüflər üzərində qurulub. Hadisələr təsadüflər nəticəsində baş verir. Amma diqqətlə oxuduqdan sonra görürsən ki,bunlar təsadüf deyil,real həyat həqiqətlərini əks etdirən,hər gün,hər zaman rastlaşdığımız,şahidinə çevrildiyimiz hadisələr və olaylardır. ”Səhv zəng” hekayəsinin qəhrəmanı Şirkətdə işləyən gənc bir qızdır.O,tez-tez Şirkətdə gələn Anar adlı bir oğlana vurlur,ancaq oğlanın bundan xəbəri yoxdur. Bir gün qız öz maşınına minib işdən evə gedərkən telefonuna tanımadığı bir zəng gəlir. Məlum olur ki,rayondan nəvəsinin yanına gələn yaşlı bir kişi avtovağzalda qalıb, heç haranı tanımır, getməyə yeri yoxdur. Bu zəng bir neçə dəfə tərar olunur: “ Ay qızım, axı, bu Anarın nömrəsidir. Onun telefonu sizdə nə gəzir? Siz kimsiniz? İndi mən nə edim, hara gedim? Heç yeri tanımıram” Axırda qız “ Orda durun, indi maşınla gəlirəm” deyib onu evlərinə aparır.Sonda aydın olur ki,qızın evlərinə gətirdiyi kişi Şirkətdə sevdiyi oğlanın babasıdır, sadəcə nömrənin əvvəlini səhv salıb. Belə baxanda sadə bir mövzudur.Amma Təranə Məmməd elə gözəl,elə təbii,elə ustalıqla işləyib ki,bunun hansısa bir həvəskar yazıçının ilk qələm təcrübəsi olduğu anlamına gəlmək çox çətindir.Və insan oxuduqca duyğulanır.Burda təmiz,saf və ülvi bir sevgi ilə yanaşı,mənsub olduğu xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən,zəngin daxili aləmə və ecazkar bir daxili dünyaya malik olan,öz sevgisi,istəyi,bəşəri dəyərləri ilə yüksəklərə ucalan Azərbaycanlı gənc qızın mənəvi böyüklüyü təsvir olunur. Hekayədə təmiz,pak sevgi ilə əxlaqi, milli-mənəvi dəyərlər paralel aparılır və hətta, əsrlərdən süzülüb gələn dəyərlərimiz, adətlərimiz,yaxşılıq,xeyirxahlıq,humanizm ön plana çəkilir.Kimliyini bilmədiyi, tanımadığı, xarakterinə, xasiyyətinə bələd olmadığı, avtovağzalda tək,tənha qalan, getməyə heç bir yeri olmayan yaşlı bir adamı evlərinə aparmaq yalnız bizim xalqın insani keyfiyyətlərinin və dəyərlərinin göstəricisidir. Mən bir neçə müsəlman ölkəsində olmuşam,amma heç birində bizdə olan yüksək dəyərlər səviyyəsində hörmət görməmişəm. Mən bununla başqa millətləri aşağılmaq istəmirəm, sadəcə bizim xalqın başqa xalqlardan fərqli olaraq özünə xas olan üstünlüklərini diqqətə çatdırmaq istəyirəm.”Səhv zəng” hekayəsini oxuyan hər bir şəxs Təranə Məmmədin qələmə aldığı və təsvir etdiyi bu dəyərlərdən böyük məmnunluq duyar və duyğulanar. Mən hekauyəni geniş şəkildə təhlil etmək istəmirəm. Amma Təranə Məmmədin çox bacarıqla oxuculara təqdim etdiyi ailə münasibətlərinə qismən də olsa toxunmaq istəyirəm. İndiki çox ağır bir dövrdə, insanların mənəvi aşınmalara sürükləndiyi bir vaxtda yazıçı valideyn- övlad münasibətlərini, ailə məsələlərini elə gözəl, elə incəliklə, deyərdim ki, elə ustalıqla verir ki, oxucu sanki bunu hiss etmirmiş kimi fərqinə varmır və hadisələrin təsiri altına düşüb hekayənin sonluğunu gözıəuir. Bəs bu nədir? Bu, əsərin qəhrəmanının evlərinə xəbər vermədən, valideynlərindən icazə almadan tanımadığı yad bir kişini öz maşını ilə evlərinə aparmaq riskidir. Hadisələrin sonrakı gedişi göstərir ki, qız heç də səhv etməyib. O, elə bir ailədə böyüyüb, boya- başa çatmış və elə tərbiyə almışdır ki, bununla da xalqımızın, millətimizin məhz belə qonaqpərvər, ləyaqətli, şərəfli ailələr üzərində formalaşmasının nümunəsinə çevrilmişdir. Yad bir insanı öz əzizi kimi mehribanlıqla, səmimiyyətlə qarşılamaq, qəbul etmək, ona qayğı göstərmək, quluğunda durmaq, əgər bir tərəfdən insanlığın dəyəridirsə, digər tərəfdən Azərbaycan ailələrinin böyüklüyü və təntənəsidir. ( Ardı var )

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.