Huquqaz.com

Fərəcov və onun “işgüzar” komandası – VİDEO

30.01.2025
2.171
Fərəcov və onun “işgüzar” komandası – VİDEO

DogruXeber.az: – Bir neçə gündür sosial şəbəkələrdə çox sürətlə yayılan görüntülər ictimai qınağı Sumqayıt şəhər icra hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə köklədi. Belə olan halda ETSN nəhayət ki, ötən gün hərəkətə keçməyə qərar verdi.

Xatırladaq ki, günlər öncə Sumqayıt şəhərində “Göyərçinin yanı” deyilən ərazidə yerləşən Kristal Abşeron yaşayış kompleksinin sakinlərindən biri binanın yaxınlığındakı Nəsimi parkının görüntülərini paylaşaraq, parkdakı yaşıllıqların yerində restoran tikilməsi üçün məhv edilməkdə olduğunu bildirmişdi. Hansı ki, həmin görüntülərdə yaşıllıq ərazinin hasara alındığı və bir qrup şəxslərin orada çalışdığı aydın görünürdü.

VİDEO: Zakir Fərəcov və Muxtar Babayev öz ampluasında...

İstər paytaxt Bakıda, istər Sumqayıt şəhərində, istərsə də digər şəhərlərdə yaşıllıq ərazilərinin “müvəqqəti” narahatçılığı görə üzr istənilərək hasara alınmasının nə anlama gəldiyini illərin təcrübəsindən hamımız gözəl bilirik. Bir müddət sonra həmin “müvəqqəti narahatçılıq” söküldüyündə, onun arxasındakı bir zamanlar var olan yaşıllıqların daha olmadığı və əvəzində insanların yaşamında əbədi narahatçılığa çevrildiyini görə-görə bu yaşımıza qədər gəlmişik.

DogruXeber.az” xatırladır ki, dəfələrlə portalımızda bir vaxtlar Nəsimi rayonu 20 Yanvar küçəsində hasara alınmış və qırmızı rənglə nömrələnmiş ağaclar barəsində məlumatlar yayımladıq, aidiyyatı qurumlara rəsmi sorğular göndərdik, lakin zamanı gəldiyində “qırmızı bəzənmiş qurbanlıq” ağaclar köçürülmə adı altında bir gecədə məhv edildi.

Aidiyyatı qurumlar bu hadisəyə “kar, kor, lal” oldular.

Ardından Yasamal rayonu Tbilisi prospektində “İST” petrolun yanındakı konstruksiyalarla inşa olunan restoranın aqrar baxımdan məhrum etdiyi ağaclardan yazdıq, rəsmi sorğular göndərdik, yenə də sahibkar maneəsiz şəkildə işini başa vuraraq dövlətin “qanunlarına qalib” gəldi. Daha doğrusu dövlətin qurumlarına rəhbərlik edən şəxslərin öz “nəfsləri şəxsi maraqları qarşısında onları dizə gətirdi”.

Nəsimi rayonunun müxtəlif ərazilərində, Nizami rayonunda – “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli”, “Həzi Aslanov” metrostansiyalarının ətrafındakı yaşıllıq zolaqları, Binəqədi, Suraxanı, Sabunçu rayonları və paytaxtın digər müxtəlif ərazilərində məhv edilən yaşıllıqlar, Oğuz, Şamaxı, Ağsu, Quba, Qusar, Samux və digər bölgələrdə məhv edilən meşə zolaqları və sair sosial mediada geniş yayılsa da ETSN hansısa maraqlar xatirinə görməzdən, eşitməzdən gəldi.

Bu dəfə isə Sumqayıt şəhərindən yayılan görüntülərlə bağlı hərəkətə keçərək, parkın ətrafındakı hasarı sökdürən ETSN eyni zamanda məlumat yayıb ki, güya Nəsimi parkındakı yanmış ağaclar kəsilərək, yerində yeni ağaclar əkilib.

ETSN-nin “köçürmə” adı altında nə qədər yaşıllıqların axırına çıxdığı barəsində yuxarıda qısa toxunduq, qaldı ki, güya yanan ağacların yerində yenilərinin əkilməsinə, onun da hansı formada həyata keçirildiyini çoxumuz əzbər bilirik. Yaşayış binası, yaxud hər hansı bir iaşə obyekti üçün hansısa sahibkarın “gözünə kəsdirdiyi” ərazilərdəki yaşıllıq ağacları əvvəlcə kökünə bəzi maddələr tökülərək, yaxud qəsdən baxımsız buraxılaraq qurudulur, sonra çıxarıb yerinə 30-40 santimetrlik kiçik şam ağacları basdırılır, beləcə insanların gözləri boyanır, sonra gecənin birində o, balaca ağaclar da “qeyb olub” yerində tikinti üçün bünövrə atılır.

Vəssalam…

Odur ki, bu dəfə də ETSN – nin Sumqayıt şəhərindəki Nəsimi parkı barəsində gördüyü tədbir və mətbuat xidmətinin verdiyi “açıqlama”nın “gözdən pərdə asmaq” məqsədi daşıdığı şübhəsi qurumun səmimiyyətinə olan inancımızdan daha yüksəkdə dayanır.

Sumqayıt şəhər icra hakimiyyətinin məsələyə biganəliyinə gəldikdə isə vətəndaşın iddialarına nəzərən bunu da “normal” qəbul etmək olar. Çünki, istənilən ərazidə aparılan tikinti və digər hər hansı bir qanunsuz işlərdən ərazi üzrə icra hakimiyyətinin xəbərsiz olmasının mümkünsüzlüyü hamımıza məlumdur.

Doğrudur, “qanunsuz tikinti biznesi” demək olar ki, respublikanın bütün şəhər və rayonlarında hər zaman olub və olmaqdadır. Lakin, son günlər Sumqayıt şəhəri ərazisində aparılan qanunsuz işlər təkcə müvafiq məcəlləyə deyil, eyni zamanda sanki insanların həyatına qarşı hazırlanmış sui-qəsddir.

Bir müddət əvvəl Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 125 A ünvanında yerləşən 6 mərtəbəli yaşayış binasının zirzəmisində dayaq sütunları sökülərək klinika tikilməsi barəsində məlumat yayımlamışdıq. Həmçinin, həmin məsələ barəsində Sumqayıt şəhər icra hakimiyyətinə rəsmi sorğu da göndərmişdik. Lakin, icra hakimiyyəti adəti üzrə ən yaxşı bacardığınl etdi – məlumatı dandı. Sütunların sökülmədiyini, güya baş həkimə bu barədə xəbərdarlıq edildiyini dedilər.

Restoran tikmək üçün yaşıllıq ağaclarının kəsilməsi isə sözün əsl mənasında insanların nəfəsini kəsmək deməkdir.

Qeyd edək ki, şəhərin ərazisində aparılan tikintilərlə bağlı icra hakimiyyətində cavabdeh şöbə Memarlıq və Tikinti şöbəsidir. Həmin şöbənin müdiri isə Zakir Fərəcovla “qohumluq” əlaqəsinin olduğu deyilən Xudadatov Adil Şirindil oğludur.

O, Adil Xudadatov ki, barəsində yerli mediada kifayət qədər tənqidi və “qara-qura işlər” üzrə məlumatlar yer almasına rəğmən vəzifə başında icra başçısı ilə “qohumluğun səfasını sürməkdədir”. Nəinki, hələ də vəzifə kürsüsündə əyləşib, hələ üstəlik əldə etdiyimiz məlumata görə Sumqayıt şəhər bələdiyyəsinin sədri olmağa hazırlaşır.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Sumqayıt şəhər bələdiyyəsi haqqında redaksiyamıza göndərilən ilginc məlumatları dərc etmişdik.

Sumqayıt şəhər icra hakimiyyəti ilə bələdiyyəni birləşdirən ilginc faktlar // FOTO+VİDEO
Sumqayıt Bələdiyyəsində olan qanunsuzluqlar – İDDİA // FOTO

Sözügedən məlumatlarda yanvar ayının 29-da keçiriləcək olan bələdiyyə seçkilərinin “qalibləri”nin siyahısı yer alır. Həmçinin “qaliblər”in “qalib olmaq şansları”nın hardan qaynaqlandığı – kimlərin qohumlarının olduqları da təfərrüatları ilə qeyd olunur.

1. Adıgözəlzadə Orxan Elşad
Sumqayıt ŞİH-in 1-ci müavini Teymur Səmədovun bibisi nəvəsi.
2. Cavadov İlqar Abbas
Sumqayıt ŞİH-in başçısının qaynı.
3. Cəlalzadə Bənövşə Mehdi
2019-2024 bələdiyyə üzvü olub.
4. Ərşadlı Fərid Məzahir
Sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsində şöbə müdiri. (Sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsində şöbə müdiri (tikintiyə nəzarət). Sumqayıt nəqliyyat idarəsinin rəisinin oğludur, 2022 ci ildə içkili vəziyyətdə avtoxuliqanlıq etdiyinə görə 30 sutka həbs olunub, Pərvin Fərəcovun dostudur (Zakir Fərəcovun oğlu) və ikisinin bir yerdə Sumqayıt şəhərində yerləşən PF fitnesin sahibidirlər.)
5. Xudadatov Adil Şirindil
Sumqayıt ŞİH-in baş memarı
6. Kərimov Akif Abbas
2000 ci ildən bu günə kimi bələdiyyə üzvü (başçının yaxın dostu)
7. Qasımov Azər Məhərrəm
2019-2024 bələdiyyə üzvü olub.
8. Mehdiyeva Nərmin Kamran
2019-2024 bələdiyyə üzvü olub. Sumqayıt ŞİH-in yerli özünüidarəetmə şöbəsinin müdirinin kadrı.
9. Məmmədov Fərid Xalid
Sumqayıt ŞİH-in başçısının bacısı oğlu. Sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsində şöbə müdiri və Sumqayıt city Mtknın satış üzrə menecer
10. Rəhimov Ramil Fəxrəddin
Keçmiş bələdiyyə üzvünün oğlu, atasını əvəz eliyir.
11. Rüstəmova Gülşən Tahir
2019-2024 bələdiyyə üzvü olub. Bacısı 2022 ci ilə kimi Sumqayıt bələdiyyə sədrinin müşaviri olub Salamova Ülviyyə, bacısının yoldaşı Nizami Salamov həmən bələdiyyədə hal hazırda hüquq şöbəsinin müdiridi.
12. Salmanlı Yusif Ziyad
2000 ci ildən bələdiyyə üzvüdür.

Bundan əlavə, bugünə qədər icra hakimiyyətinin “qara kassa”sı kimi tanınan və saytlarda qanunsuz tikintilərə şəxsən şərait yaratdığı deyilən Adil Xudadatovun biznes və mülklərinin olduğu, bütün bunlara isə vəzifədə olduğu müddətdə sahib olduğu vurğulanır.

Hələ 2023-cü ildə Reportyor.info-nun Adil Xudadatov barəsində dərc etdiyi yazıda onun Sumqayıtın icra başçısı olmağa hazırlaşdığı bildirilirdi.

Məlumata görə, Xudadatova yaxın olan dairələr ona vəd edib ki, Fərəcovun yerinə təyin oluna bilər. Amma bunun üçün onun siyasi rəhbərliyə təqdimatı gedərkən dosyesi təmiz olmalıdır. Çünki Prezident Administrasiyasında kuratorlar bir məmurun təqdimatını verərkən onun fəaliyyəti araşdırılır, mətbuatda adının nə dərəcədə hallanması monitorinq edilir. Bu mənada Xudadatov üçün perspektiv ümidverici görünmür. Fərəcovun qara işlərini görməkdə adı keçmiş, barəsində müxtəlif iddia və ittihamlar yayılmış şəxsin Sumqayıtın icra başçısı təyin olunacağı sual doğurur. Amma Xudadatov əl-ayağa düşüb və xəbərlərə görə, özü haqda kristal reputasiya yaratmağa çalışır.

Bu məlumat hələlik reallaşmasa da bələdiyyə sədri olmağa çalışan Adil bəyin hazırkı canfəşanlığı ilə üst-üstə düşür.

Belə görünür ki, cəmi bir neçə il bundan əvvələ qədər – yəni Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın olduğu müddətcə “krallığı” bütün Abşeron və Sumqayıtı əhatə edən Zakir Fərəcovu “taxtından qaldırmağa” gücü yetməyəcəyini qəbullanan Xudadatov onun gücünə sığınmağa davam edərək şəhər bələdiyyəsinə “lövbər salmağı” qarşısına məqsəd qoyub. Məhz bu yolda ona mane olan səbəbləri (məsələn, tənqidi və fəaliyyətini çılpaqlığı ilə təqdim edən yazıları) aradan qaldırmaq üçün tanış-biliklərini səfərbər edib.

“Qara kassa” demişkən, Adil Xudadatovdan sonra Sumqayıt şəhər icra hakimiyyətində qanunsuz işləri ilə “məşhurluq qazanan” məmurlardan biri də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevdir. O, Gündüz Əliyev ki, cəmi bir neçə ay bundan əvvəl bacısı ilə əlbir olaraq həyata keçirdikləri korrupsiya və milyonluq mənimsəməyə görə barəsində cinayət işi açılmışdı. Amma, maraqlıdır ki, nə törətdiyi cinayətlər, nə də barəsində açılan cinayət işi onun Zakir Fərəcovla olan “bağlarını zədələyə bilmədi”. Vətəndaşlardan aldığı rüşvətlərdən əlavə dövlət büdcəsindən milyonlar mənimsəməkdə ittiham olunan Gündüz Əliyev bu gün də Sumqayıt şəhər icra hakimiyyətində mühüm vəzifə tutur.

Qeyd edək ki, Sumqayıt şəhəri barəsində məlumatlarımız davam edəcək.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.