Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil

Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir.
Strateji baxımdan mühüm geosiyasi məkanda – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlər boyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli coğrafi mövqeyi Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək ondan həm yeni neft strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Həmçinin infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində yeni hava limanları, körpülər, tunellər və yol qovşaqları tikilib, beynəlxalq standartlara uyğun müasir avtomobil və dəmir yolları çəkilib.
Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.
Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar respublikamızın ərazisindən keçir. Respublikamız Trans-Xəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması kimi amillər transmilli şirkətlərin ölkəmizə marağını daha da artırıb. Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarıdır.
Onu da qeyd etmək lazımdır ki, hazırda ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin sayəsində daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru
Şərh yazılmayıb.