Ana dilimizin qorunub saxlanılmasında dövlət səviyyəsində misilsiz xidmətlər göstərilir
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyevin hər zaman xüsusi diqqət mərkəzində saxladığı vacib məsələlərdən biri də Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı olub. Ümummilli Liderimiz bu barədə belə deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Həqiqətən də hər bir xalqın ana dili həmin xalqın varlığını, mövcudluğunu təsdiq edən əsas amillərdən biri, bəlkə də birincisidir. Eyni zamanda da dil ünsiyyət vasitəsi olaraq millətin formalaşmasında son dərəcə önəmli rol oynayır. Hər bir xalqın tarixi, onun milli-mədəni irsi ilk növbədə onun dilində öz əksini tapır. Doğma dilimiz olan Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir. Ana dilimizin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Bununla belə Azərbaycan dilinin tarixin müxtəlif dövrlərində çox ciddi sınaqlardan keçdiyini və bu sınaqlardan üzü ağ, ləyaqətlə çıxdığını da demək lazımdır. O cümlədən, respublikamızın Sovet imperiyasının tərkibində olduğu illərdə də dilimizə qarşı çoxsaylı hücumların olduğu tarixi faktdır. Vahid xalq – vahid dil konsepsiyasını reallaşdırmağa çalışan SSRİ rəhbərləri həmin dövrdə digər xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə çalışdıqları kimi, bu siyasəti Azərbaycanda da həyata keçirirdilər. Məsələn, həmin illərdə rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxış etmək məqsədəuyğun sayılırdı. Ölkədə elə bir mühit yaranmışdı ki, hətta sadə insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu. Məhz belə bir şəraitdə, 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev bütün bu stereotipləri sındırdı. İlk növbədə müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməklə Ulu Öndər ana dilimizə verdiyi dəyəri hər kəsə nümayiş etdirdi. 1978-ci ildə isə Ümummilli lider Heydər Əliyev tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmən dövlət dili statusu əldə etdi. Ulu Öndər müstəqillik illərində də Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun şəkildə daha da inkişaf etdirilməsi istiqamətində də böyük işlər görmüşdür. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ana dilimizin tətbiq sahəsini genişləndirmək üçün yeni, latın qrafikalı əlifbaya keçid bir zərurətə çevirdi. Latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkədə hələ 1991-ci ildən nəzərdə tutulsa da, bu prosesi normal şəkildə başa çatdırmaq mümkün olmamışdı. Məhz bu baxımdan Ulu Öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalaması Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun bərpa olunması istiqamətində atılmış ən vacib addımlardan biri oldu. Azərbaycanda latın qrafikalı əlifbaya keçid 2001-ci ilin avqust ayından bütövlükdə təmin edildi. Ümummilli lider Heydər Əliyev ana dili məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Məhz bu yanaşmanın nəticəsi olaraq Ulu Öndər 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzaladı. 2002-ci il 30 sentyabr tarixində isə Ulu Öndərin təşəbbüsü ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Bu Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiqlik özünü bariz şəkildə nümayiş etdirir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov
Şərh yazılmayıb.