Huquqaz.com

22 İYUL – SUVEREN AZƏRBAYCANIN MİLLİ MƏTBUAT GÜNÜ!

17.07.2024
1.684
22 İYUL – SUVEREN AZƏRBAYCANIN MİLLİ MƏTBUAT GÜNÜ!

22 İYUL – SUVEREN AZƏRBAYCANIN MİLLİ MƏTBUAT GÜNÜ!

22 iyul Milli Mətbuat Günüdür. Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasından 149 il ötür. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Tariximizin bu səhifəsi 1875-ci il iyulun 22-də görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin əsasının qoyması ilə açılmışdır, bu da xalqımızın milli oyanışında yeni bir mərhələ olmuşdur. Artıq yeni çağırışlar, yeni trendlər mətbuatın da prioritetlərinə təsir etməkdədir.
44 günlük Vətən müharibəsindən və 19-20 sentyabr antiterror tədbirlərindən sonra Azərbaycan Mətbuatı da yeni inkişaf mərhələsində öz fəaliyyətini davam etdirir. Döyüş meydanında qələbə qazanan Azərbaycan informsiya cəbhəsində də ön sıradadır və bütün hədəflərinə çatmaqdadır. Artıq dörd ildir ki, Azərbaycan jurnalistləri peşə bayramını işğaldan azad edilmiş torpaqlarımızda, mədəniyyət paytaxtımız Şuşada qeyd edirlər. Şuşa Qlobal Media Forumu artıq ənənəyə çevrilib. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisəyə çevrilib. Nəzərə alsaq ki, bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur, bu isə o deməkdir ki, döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə davam edir və hər zaman edəcək. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan mediası əsas istiqmətini müəyyənləşdirib və bu yöndə peşəkar fəaliyyət göstərməkdədir. İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Beynəlxalq auditoriya Azərbaycan həqiqətləri ilə məlumatlanırdı. Dövlət başçımızın da söylədiyi kimi “əvvəlki dövrdə daha çox biz deyirdik, biz də eşidirdik. Sanki biz özümüz-özümüzə nəyisə sübut etməyə çalışırdıq.

Bu, vacib idi. Vacib idi, məsələni gündəlikdə saxlamaq üçün, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün. Evdəki, evlərdəki tərbiyə, məktəblərdəki tərbiyə və media tərəfindən bu məsələnin daim gündəlikdə saxlanması daxili birliyi böyük dərəcədə möhkəmləndirdi. Təbii ki, dövlət siyasəti başda olmaq şərtilə. Ancaq sonrakı mərhələdə biz daha çox beynəlxalq auditoriyaya çıxış etməyə başladıq. Yəni, bu imkanlar da bizdə yarandı və müxtəlif dillərdə bizim bir çox media resurslarımızın nəşrləri də, internet saytları da, digər elektron vasitələri də mövcuddur. Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Azərbaycanın qələbəsini, haqlı mövqeyini həzm edə bilməyən qüvvələr bu həqiqətlər qarşısında acizdir. Ona görə də informasiya cəbhəsində bir an belə dayanmaq olmaz. Bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Şuşa Qlobal Media Forumu da bu baxımdan informasiya siyasətinin tərkib hissəsi kimi olduqca effektiv platformadır. Bir sözlə, bütün iftiralara, böhtanlara baxmayaraq, dünya Azərbaycanın haqq səsini eşidir. Bu məsələdə media resurslarımız daha peşəkar formada fəaliyyətini davam etdirməklə milli maraqlarımızn müdafiəsinə töhfə verir. Müstəqilliyin ilk illərində Azərbaycan mətbuatı təzyiqlərə, basqılara, senzuraya məruz qaldısa da, bütün bunlar Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra qısa müddətdə aradan qaldırıldı. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ulu Öndərin müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə jurnalistlər üçün binalar tikilib istifadəyə verildi, onlarla vətənpərvər, istedadlı jurnalist “Əməkdar jurnalist” fəxri adına layiq görüldü. Azərbaycan mətbuatı dövlət qayğısı ilə əhatələnib. Zamanında Ulu Öndər Heydər Əliyev, sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” adına layiq görüldü. Bu mükafat ölkə başçısının mediaya əlavə qayğısına görə verilir. Bu gün Azərbaycan mediası keyfiyyət dəyişikliyi mərhələsini yaşamaqdadır. Azərbaycan dövlətinin hazırkı media siyasəti jurnalistikanın ictimai həyatımızdakı önəmini vurğulayan son dərəcə mühüm tədbirlərə əsaslanır və bu, uzun illər belə cənab Prezident İlham Əliyevin adı ilə xatırlanacaqdır.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Aqşin Əliyev

Şərhlər

Şərh yazılmayıb.