Huquqaz.com

Aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir

22.05.2024
2.453
Aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir

Aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir.

Azərbaycan Respublikasının xarici siyasətində Şərqi Avropa ölkələri ilə ikitərəfli qarşılıqlı əlaqələrin qurulması xüsusi yer tutur. Ölkəmizin sürətli iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyinə verdiyimiz önəmli töhfələr Azərbaycanı regional və beynəlxalq miqyasda cəlbedici dövlətə çevirir. Şərqi Avropada yerləşən Belarus Respublikası Azərbaycanla əməkdaşlığa can atan dövlətlərdən biridir. Hələ sovetlər birliyi dönəmində Azərbaycan və Belarus eyni ittifaqın tərkibində olmuş, iki xalq arasında mədəni, iqtisadi bağlılıqlar formalaşmışdır. İki dövlət arasında olan bu tarixi bağlılıq obyektiv həqiqətdir və müasir dövrdə də davam etməkdədir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun bir neçə gün əvvəl ölkəmizə etdiyi səfər şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafına yeni bir təkan verəcək.

16 may 2024-cü il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri ilə əlaqədar Cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatda bir çox maraqlı məqamlar yer aldı. Dövlət başçımız qeyd etdi ki, biz Aleksandr Qriqoryeviçlə artıq son 20 ildə fəal işləyirik. Bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə – xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq. Düşünürəm ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.

Belarus dövlət başçısının rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” və digər sənədlər imzalandı.

Belarus dövlət rəhbərinin ölkəmizə səfəri, imzalanmış sənədlər münasibətlərimizin gələcəkdə daha da dərinləşdirilməsi üçün  möhkəm hüquqi baza formalaşdırır.  Sağlam və səmimi təməllərə söykənən Azərbaycan-Belarus əməkdaşlığı hər iki qardaş xalqın rifahına xidmət edir.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov

 

Dostluq münasibətləri

Belarus Prezidentinin Azərbaycana etdiyi dövlət səfəri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, əlaqələrin keyfiyyətcə inkişafına töhvə verəcək. Bu səfər həmçinin siyasi münasibətlərlə yanaşı əməkdaşlıq məsələsində yeni mərhələnin başlanğıcıdır. Belarusun Qarabağda 420 ailəlik yaşayış məntəqəsinin salınmasına təşəbbüs göstərməsi də gələcək perspektivə köklənən qərardır.

Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenkonun təkbətək və geniş tərkibdə görüşlərində bir sıra önəmli mesajlar verildi və iki ölkə arasında əməkdaşlığa dair sənədlər imzalandı. Elektron sisteminin tətbiqi, maşınqayırma, kənd təsərrüfatı, hərbi-sənaye, nəqliyyat, turizm, iqtisadiyyat sahələri ilə yanaşı digər sahələri əhatə edən sənədlər nəinki Azərbaycan-Belarus eyni zamanda region üçün mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində diqqət çəkən məqamlardan biri də Belarus Prezidentinin Azərbaycan haqqında söylədiyi ifadələrdir. Aleksandr Lukaşenko deyib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”.

Araşdırmalar da onu deməyə əsas verir ki, Belarus və Azərbaycan region və post sovet məkanı üçün sülh arzu edən, bu yöndə ciddi səy göstərən ölkələrdir. Həm Belarus Prezidenti Aleksandr Lukaşenko, həm Müzəffər Ali Baş Komandan İlham Əliyev daim sülh çağırışları ediblər. İstər yerli, istərsə də beynəlxalq tribunalardan səsləndirilən bu fikirlərə artıq həmrəy olan ölkələrin sayı çoxalmaqdadır. Bu günkü reallıqlar da onu deməyə əsas verir ki, sülhün əldə olunması region üçün yeni perspektivlər yaradır. Bu imkanlardan yararlanmaq isə Ermənistan rəhbərliyindən asılıdır. Bir müddətə qədər sülh çağırışlarına məhəl qoymayan, prosesi bu və ya başqa vəcdlərlə uzatmağa çalışan Paşinyan hakimiyyəti sülhün qaçılmaz olduğunu nəhayyət dərk edir və mətbuata verdiyi son bəyanatlarında da sülh prosesinin tez bir zamanda reallaşacağına əminliyini ifadə edir.

Zərdab Gənclər evinin psixoloqu – Cəvahir Murtuzayeva

Şərhlər

Şərh yazılmayıb.