Huquqaz.com

Ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub

02.09.2023
1.776
Ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub

Ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub

Ulu Öndər heydər Əliyevin Azərbaycan xalqı üçün misilsiz xidmətləri çoxdur. XX əsrin sonlarında ,çətin günlərdə  dahi şəxsiyyət xalqının yanında oldu.1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan ulu öndər Heydər Əliyev  dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə yeni dövlət yaratdı.
Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdur.

“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, – deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdır. Ümummilli lider Heydər Əliyevin xalq deputatı kimi fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.

Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü idi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Müstəqil dövlətçilik məktəbi

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən misilsiz xidmətləri olmuşdur. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək davamlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.

Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin çoxcəhətli siyasi fəaliyyəti daha geniş miqyas almış, sistemli, ardıcıl və açıq xarakter daşımışdır. 1990-cı ilin sərt qış günlərində Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gələrək respublikada 20 Yanvar faciəsi törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla çıxış etməsi Heydər Əliyevin yeni tarixi epoxanın başlanğıcında müstəqillik uğrundakı mübarizəsinin parolu kimi böyük əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanda  müstəqil dövlətçiliyin baş memarıdır. Dövlət quruculuğu prosesini düşünülmüş şəkildə irəli aparan ulu öndər  Heydər Əliyevin dünya təcrübəsinə, ölkəmizin imkanlarına və tələbatlarına uyğun şəkildə dövlət qurumlarının formalaşdırılması, gərəksiz təşkilatların ləğv edilməsi, ehtiyac olan yenilərinin yaradılması yollarındakı səyləri özünəməxsus dövlətçilik siması olan müstəqil bir ölkənin formalaşdırılması ilə nəticələnmişdir. Qeyri-peşəkar kadrların yüksək ixtisaslı, təcrübəli mütəxəssislərlə əvəz edilməsi də dövlət quruculuğu sahəsində böyük irəliləyişin təmin edilməsinin hərəkətverici qüvvəsinə çevrilmişdir. Nəticədə, Azərbaycanda cəmiyyət həyatını irəliyə aparan, müstəqillik şəraitində qarşıda duran problemləri həll etməyə qadir olan, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən güclü bir dövlət strukturu ərsəyə gətirilmişdir. Müstəqil siyasət, qətiyyətli siyasi iradə – Azərbaycanın dövlətçilik ənənələrinin əbədiyaşarlığını təmin edəcək ən mühüm amillərdir. Düzgün siyasət və xalqımızın qalibiyyət ruhu müstəqil dövlətçiliyimizin davamlı inkişafı üçün sarsılmaz zəmindir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə   

 

 

1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.

Dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.

Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun de-fakto müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktik addımlar atmağa imkan verdi.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

Şərhlər

Şərh yazılmayıb.