Huquqaz.com

Danılmaz həqiqət

25.06.2023
2.440
Danılmaz həqiqət

Danılmaz həqiqət.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşın ideya qayəsi, qələbəyə səsləyən sərkərdə çağırışı oldu. 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi.

Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Nəticədə biz məqsədimizə nail olduq.

Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə, platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmış və bu işin səmərəsi olmuşdur. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycan ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycan haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı  təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpaqlarımızdır, Qarabağ Azərbaycandır!

Əsmər Məhəmmədli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

 

Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır.

II dünya müharibəsindən sonra daha mükəmməl, xüsusi şəraitlərdə hər cür vəziyyətlərdən çıxmağı bacaran hərbiçilərin yetişdirilməsi önəmli məsələlərdən biri oldu. Artırılan diqqətlərin nəticəsində bütün ölkələrdə xüsusi təyinatlılar hazırlanmağa başladı. Onlar silahlı qüvvələrin ən etibarlı, ən seçmə birləşmələri sayılır. Belə xüsusi hazırlıq keçən, xüsusi əməliyyat üsullarından istifadə edən elit yüngül piyada və ya xüsusi əməliyyat qüvvələrinin döyüşçüsü və ya əməliyyatçısı komando adlanır. Onlar az vaxt içərisində hədəfi məhv edən, təchizatla təmin edilməsə belə vəzifəni başa çatdırmağa çalışan əsgərlərdir.

1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra Azərbaycanda da xüsusi təyinatlı qüvvələrin yaradılmasına zərurət yarandı və tezliklə bu işlərə başlanıldı. Artıq Azərbaycanda istənilən şəraitdə düşməni məhv etməyi bacaran,diversiya əməliyyatları apara bilən hərbi qüvvələr formalaşıb. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə xüsusilə də Şuşa əməliyyatında onların xüsusi payı var.

Xüsusi təyinatlılar, yəni Komando tam fərqli situasiyalar üçün hazırlanır, onlar çətin şəraitdə, ölkə sərhədləri daxilində və xaricində hərbi əməliyyatlar apara bilir, müxtəlif ağır döyüş tapşırıqlarını yerinə yetirirlər.  Onların seçimi və hazırlığı çox vaxt aparır və tədris tələb edir. Bu da işdə bizə ən yaxından kömək edən Türkiyədir. Hal-hazırda Türkiyədə Xüsusi Təyinatlı məktəblərdə Azərbaycan zabitləri formalaşır, təhsil alır.

Bir azərbaycanlı olaraq biz də bütün hərbiçilərimizi alqışlayır, onları Silahlı Qüvvələr  Günü münasibətilə təbrik edirik. Onların hər zaman qranit kimi, dəmir yumruq kimi möhkəm olmağını arzulayırıq!!!

Səliqə İsmayılova – Zərdab şəhər 1 saylı məktəb-liseyin direktor müavini

 

 

Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Azərbaycan Ordusu onların məkrli planlarını alt-üst etdi

27 sentyabr 2020-ci ildə başlamış və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük qələbəsi ilə başa çatdı. 27 sentyabr günü Ermənistan ordusunun yenidən başlatdığı hücüma cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücüm əməliyyatı müvəffəqiyyətlə başa çatdı. Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezdenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi qələbə qazanaraq Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etdi. Uzun illər ərzində düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad olması Azərbaycan xalqına özünə inamı qaytardı, dölətçiliyimizi, irsimizi yeni qəhramanlıq səlnaməsi ilə zənginləşdirdi. Bu Qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü dünyaya nümayiş etdirdi.

Azərbaycan Ordusunun döyüşlərdə qazandığı qələbələr Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində 2020-ci il noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan cənab Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılıq verdi. 44 gün ərzində Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistan ordusunu məhv etdi. Ermənistanın öz ordusu haqqında yalandan yaratmış olduqları “yenilməz, qorxmaz” və s kimi mifləri Azərbaycan Ordusu 44 günə məhv etdi. Azərbaycan Ordusu illərlə davam edən işğala, haqsızlığa son qoydu, tarixi ədaləti bərpa etdi.

Kəmalə Əliyeva – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.