Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını çox sarsıtdı
Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını çox sarsıtdı.
Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik
Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər Azərbaycanı çox sarsıtdı. Təbii fəlakətin ilk dəqiqələrindən Prezident İlham Əliyev Azərbaycanın bu ağır məqamda öz qardaşlarına hər cür yardım göstərməyə hazır olduğunu bildirdi. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bir daha qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadırlar. Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. İctimai təşkilatlar da öz dəstəklərini göstərirlər. Dövlət qurumlarının nümayəndələri, özəl sektor da öz dəstəklərini əsirgəmirlər. Həm maddi yardım, həm də texniki yardım göstərilir. Azərbaycanın ən böyük şirkəti SOCAR da yardım kampaniyasına qoşulub.digə Ölkəmizin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb.Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, həkim briqadaları Türkiyədə dağıntılar altında qalmış insanların xilas edilməsi üçün var qüvvələrilə çalışırlar. Azərbaycandan Türkiyəyə təyyarələrlə, avtomobil karvanları ilə yardımlar, xilasetmə avadanlığı, tibb heyətləri, mobil səhra hospitalları, səhra mətbəxləri, humanitar yardım, generatorlar, nasos stansiyaları, avtomobillər, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair göndərilməkdə davam edir.Bu gün Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə təhvil verirlər. Güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. İnanırıq ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq. Azərbaycan da həmişə Türkiyənin yanındadır və hər cür fədakarlığa hazırdır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov
Şərh yazılmayıb.