ManşetMANŞETÜSTÜ

Zahid Oruc: “2015-ci ilin hökuməti ilə müharibə aparmaq təhlükəli idi”

Zahid Oruc: “2015-ci ilin hökuməti ilə müharibə aparmaq təhlükəli idi”

Zahid Oruc: “2015-ci ilin hökuməti ilə müharibə aparmaq təhlükəli idi”

Nazirlər Kabinetinin yeni rəhbəri ilə bağlı ilk açıqlamanın müəllifi olaraq deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc növbəti dəfə medianın diqqətini özünə cəlb edə bildi. Avropa.info xəbər verir ki, deputat yeni baş nazir təyinatı, hökumətin təzə tərkibi və bir sıra digər məsələlərlə bağlı “Yeni Müsavat”a ilginc açıqlamalar verib.

– Zahid bəy, ötən il prezident seçkiləri ilə bağlı yazdıqlarınız öz təsdiqini tapdığı kimi, bu dəfə də baş nazir postuna sürpriz adı ilk olaraq siz açıqladınız. Maraqlıdır, çox dar çərçivəyə məlum olan informasiyaları necə əldə edirsiniz?

– Dövlət sirri xarakteri daşıyan informasiyalara çıxış hüququ parlament üzvlərində çox məhduddur. Halbuki konfidensiallıq şərtlərinə əməl etməklə və məsuliyyət daşıyıcı sənədləri imzalamaqla digər hakimiyyət qolları arasında balans  üçün məxfi məlumatlar üzərində inhisarçılıq aradan qaldırıla bilərdi. Təsəvvür edin ki, ABŞ Konqresi və ya Britaniya parlamenti ölkənin ən strateji təhlükəsizlik məsələləri – tutaq ki, Rusiyanın seçkilərə müdaxiləsi üzrə problemləri müzakirəyə çıxarır. Qanunverici orqan təmsilçilərinə təqdim olunan raportlar Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Kəşfiyyat Bürosunun müxtəlif yollarla – elektron casusluqdan tutmuş ta konkret gizli agentlərin ötürdükləri şifrəli göndərişlərə qədər, hamısı barəsində tam təsəvvürləri olmasa, onlar nəyi müzakirə edəcəklər? Bizim idarəetmə reallığı xeyli fərqlidir. Təsəvvür edin, əgər Milli Təhlükəsizlik Nazirliyinin sərəncamında olan qovluqlar və əməliyyatlar barəsində dar çərçivəli müzakirələr hökumətin divarlarından kənara çıxsaydı, nələr baş verərdi? Lakin yüksək amallar naminə əl atılan qapalılıq sistemi xalqın əleyhinə o boyda cinayətlərin də üstünə bir örtük kimi çəkilirsə və indi onun ağrısını hamımız daşıyırıqsa, deməli, müəyyən qaydalara yenidən baxılmalıdır. Ləkələnmiş mundir sarsılmış inam deməkdir və uzun illər vətəndaşlarımızı gözəgörünməz cəbhədə qoruyan “mələklər”ə inanmaq üçün hələ çox işlər görülməlidir.

– Belə demək olarmı ki, Zahid Oruc ölkənin birinci şəxsinə daha yaxın deputatdır?

– Mən hər zaman ölkənin birinci şəxsinə yaxınlıq dərəcəsini sabit əqidəyə malik olmaqda, daşıdığım idealları göz bəbəyi kimi qorumaqda və dövlətə sədaqətdə görmüşəm. Əslində, ranq etibarilə çox yüksək kürsüyə sahib olanları üzüaşağı yumarlayan səbəblərindən biri də özlərinin çox dar məlumatlara yaxın olduğunu düşünüb, hökmdar ədası ilə hərəkət etmək və  hakimiyyət içində ayrıca imperiya düzəldərək verdikləri cahil qərarları olub. Elələri heç olmasa, prezident İlham Əliyevin zatından gələn ali və mənəvi zadəganlığına baxmayaraq, “dəmir əl”lə etimadı itirənləri necə cəzalandıra bildiyini də gərək nəzərə alaydılar.

Mənim seçkilərlə bağlı açıqlamalarım Şahdağ yamacındakı hidrometeroloji qurğunun hava axınları əsasında proqnoz verməsinə, yaxud rəsədxana hücrələrindən qalaktikalardakı prosesləri təyin etməyə bənzəyir. Biz hər gün aldığımız xəbərlər əsasında qara, çovğuna, yaxud sərt günəşli havaya görə insanları tanış edənləri dahi saymırıq. Siyasətdə də belədir. Minimal informasiya, regional və beynəlxalq proseslərin məntiqini, milli mənafelər anlayışını bir yerə yığanda proqramlaşdırma üçün tam alqoritmələr hazır olur. Gördüyünüz kimi, dövlətin siyasi elitası ən düzgün qərarları alaraq, seçkiləri Rusiya və Qərbin ayaqları altında qoymadı. Müdaxilənin hansı şəkildə olacağını oturub gözləmək Xalq Cəbhəsi hakimiyyətinin səhvlərini təkrarlamaq demək olardı. Azərbaycanın öz siyasi təqvimini dəyişməsi təhlükəsizlik maraqları ilə birbaşa bağlıydı və indi İrəvanda üz-üzə gələn xalq kütlələri mənim nəzərimdə Bakı üçün ssenariləşdirilən dalğanın bizdən ötüb digər paytaxtlara keçməsidir. Ona görə də bizim işimiz dövlətin zirvəsində dayanan insanlarla müqayisədə daha asan, cəmiyyət üçün görünən səhnədir, lakin ən böyük ehtirama, qibtəyə layiq olanlar məxfi dəhlizlərdən Azərbaycanı uğurla keçirib aparanlardır.

– Novruz Məmmədovun baş nazir təyinatı, demək olar ki, hamı üçün gözlənilməz oldu. Siz bu qərarı necə dəyərləndirirsiniz? Prezident niyə məhz xarici siyasət məsələləri ilə məşğul olan bir adamı hökumətə rəhbər təyin etdi?

– Nazirlər Kabinetinin rəhbərinin bir qədər “kənar”dan gətirilməsi qərarı İlham Əliyevin strateq kimi hamıdan fərqli hesablamalara malik olduğunun təsdiqi, şəriksiz qərar sahibi kimi təkbaşına liderliyinin göstəricisi idi. On illər ərzində informasiya məkanında dövr edən namizədlər əllərində olan böyük resurslara – maliyyə və insani kapitala baxmayaraq,11 aprel seçimlərindən daha da güclənmiş çıxan bir sərkərdənin qarşısında iddia ilə çıxış etməyin təhlükəli olduğunu yaxşı başa düşürdülər. Xatırlayırsızsa, 9 aprel müşavirəsində hava limanında Azərbaycanın simasına zərbə vuranlar sərt ittiham olundu və ölkəni biabır edənlərin cəzalandırılacağı vurğulandı. Peşakar təhlilçilər bu xəbərdarlığı seçim tranzitini keçəndən sonra “əhədi kəsilmiş atlar”dan xilasın anonsu kimi qəbul etdilər. Ona görə də Novruz Məmmədovun – siyasi komanda üzvünün hökumətə gətirilməsi bütün kənar ambisiyaların neytrallaşdırılması deməkdir. Ali iradəyə çırpılan iddialar onları fəlakətə sürükləyən vəzifə hərisliyinin qurbanı ola bilərdilər.

– Bu təyinatı zəruri edən səbəblər haqda da müxtəlif təxminlər səslənir. Sizin bununla bağlı informasiya və ya təxminlərinizi bilmək olarmı?

– Səbəblər çoxdur. Lakin onlardan ən böyüyü bütün ruhu ilə Novruz Məmmədovun ulu öndər ideallarına bağlı olması, 90-cı illərin qeyri-müəyyənliyində aydın mövqe tutması, heç zaman gözləmə mövqeyinə çəkilməməsi, sadə xalqın və halal zəhmətin içərisindən çıxması idi. O, burjuaziyanın nümayəndəsi deyil. Texnokratiya adı ilə hökuməti biznes-holdinq qaydasında idarə etməklə bütün respublikaya rəhbərlik edən 3-4-cü simaya çevrilmək olmaz. Dünən müxalif camiənin reaksiyasını izləyərkən tez-tez vurğulanan ifadələri eşidəndə bir daha gördüm ki, İŞİD əvvəlcə beyinlərdə yaranır, sonra silahlı meydana çıxır. Novruz Məmmədov haqda “zəif və dişsiz” epitetləri ilə danışanlar yəqin ondan qılınc tələb edir, diktatla idarə olunan sistem arzulayırlar. Tarixin ironiyasına baxın, Cəmil Həsənlinin elmi audotoriyadan siyasi barrikadalara necə atılmasını, hansı simasızlıq yollarından keçib mandata sahib olmasını, sonra geriyə dönməsini, nəhayət, 2013-cü ildə səhranın bəyaz günəşində dublyor kimi meydana itələnməsini və ictimai ekranda gözləri böyüyən, boğazı quruyan simada, qoltuğunda su bardağı hansı potensialla prezidentliyə iddia etməsini baron Mülnhauzenin macərapərəstliyi ilə müqayisə edirlər. Xalqın nəzərində nimdaşlaşan və yalnız keçmişi xatırladan simalar 100 il əvvəlin milli şüurlu böyük istiqlal mücahidləri ilə eyni cərgəyə qoyula bilmədiklərini bir vaxt anlayacaqlar.

Ona görə də Novruz Məmmədov liderindən aldığı böyük etimadı hökumətdə sağlam mühit yaratmağa, qərarların aralıq mərhələlərdə iflic edilməməsi üçün peşəkar aparat heyəti formalaşdırmağa və bütün hakimiyyət qolları ilə sağlam əməkdaşlıq modeli tampağa yönəldəcək. Əslində bunları etmək üçün millətini sevmək birinci şərtdir. Baxın, ölkə rəhbəri ilk qərarını şəhidlərin 90-cı illər savaşındakı haqqını özlərinə qaytarmaqla verdi. Demək, bütün komandaya növbəti dəfə mesaj verildi ki, şəhidlər dövlətin məhək daşıdır, torpaqlarımız uğrunda canlarını verənlər prezidentin ilahi səviyyədə dəyər verdiyi müqəddəs qüvvələrdir. Ona görə də hökumət xalqın içərisinə getməlidir. Görülən yüzlərlə işin yaxşı təqdimatı olmalıdır. İnformasiya məkanına açıqlıq bir nömərli vəzifəyə çevrilməlidir.

– Baş nazir təyinatından sonra Nazirlər Kabinetinin yenidən formalaşdırılması ilə bağlı qərar verildi. İndiyəqədərki təyinatları necə dəyərləndirirsiniz?

– Hökumətin yeni tərkibdə formalaşması qaçılmaz idi. Bir qədər geriyə qayıtsaq, əslində prezident kardinal dəyişiliklərə 3 il əvvəl başlamışdı. Ona görə ki, neft bumunun sönməsi böyük və asan pullarla işləyən məmur ordusunun həqiqi potensialını üzə çıxardı. Belə demək olarsa, xarici siyasətdə inkarolunmaz uğurlar qazanan və transmilli dünyanı çəkib bizim regiona gətirən, onlardan təhlükəsizlik sipəri düzəldən dövlət başçısı komandasından aldığı zərbələrə daha dözmək fikrində deyildi. Əgər kəskin addımlar atılmasaydı, indi təsəvvürə gətirmək çətindir ki, nələr baş verərdi. Nəinki seçkilərə onlarla getmək olmazdı, eləcə də artıq dövləti içəridən sarsıdan adamlar Roma imperiyası dövründə olduğu kimi, təkcə cəmiyyətə həqarətlə baxmırdılar, eləcə də komanda yoldaşlarını əzib məhv edəcəklərinə inanan monstr halına gəlmişdilər.Adamları yeyən patrisiyaların əlindən onların plebey saydıqlarını almaq gərək idi. Hər gün daxili və beynəlxalq medianın gündəminə daşınan hakimiyyətiçi intriqalar, böyük korrupusiya əməllərinə dair səs-küylü cinayətlər vahid bir komanda kimi hərəkətə zərbə vurur, vətəndaşın nəzərində dövlətə güvənci əngəlləyir və təmiz məmur obrazını yerlə-yeksan edirdi. Belədə hətta düşmənlə müharibə qərarı almağın necə riskli olduğunu anlamaq da çətin deyildi. 2015-ci ilin hökuməti ilə müharibə aparmaq təhlükəli idi. Çünki hakimiyyət dəyişikliyi üçün hərbi məğlubiyyət daxili düşmənlər üçün əla ssenari ola bilərdi. İndi tam arxyınlıqa demək olar ki, 2 il əvvəl Ermənistanla baş verən aprel döyüşləri həm də daxildə aparılan təmizlənmənin nəticəsiydi. Allah bilir, Fətullahçı və digər xarici kəşfiyyat emissarlarına satılmış adamlar idarəetmə dəhlizlərində şütüməkdə davam etsəydi, Qarabağda silahlı toqquşmalar başlayanda paytaxtda hansı diversiyalar törənə bilərdi. Ərdoğanın Türkiyədə apardığı total yenilənmə kursu və ən yaxın ətrafından gələn təhlükələri bloklamaq üçün atdığı addımlar cənab İlham Əliyevin 4 naziri vəzifəsindən kənarlaşdırması mahiyyətcə eyniyyət təşkil edirdi və mənə görə yeni hökumət quracağının anonsu sayıla bilərdi. Artıq tam inamla demək olar ki, hökumətini tərkibi son 3 ildə 70 faizə yaxın dəyişib.

– Dedikləriniz çox ciddi açıqlamalardır…

– Diqqət etdinizsə, əvvəlcə güc orqanları və müdafiə-təhlükəsizlik strukturlarının rəhbərləri təyin olundu. Deməli, onların fəaliyyət sahəsi həyati əhəmiyyətə malikdir və o ətrafda süni yarışın, kreslo davasının bir gün belə artıq getməsinin ziyanları qaçılmaz olardı. Biz yaxşı bilirik ki, silahlı qüvvələr içərisində dövlətin mənafeyi birinci yerdə durur, daxili işlər və ordu heyəti Ali Baş Komandana yüksək sədaqəti ilə seçilir. Lakin aylarla boş qalan nazir kreslosu daxildə mövqe savaşları üçün cəbhə açır və komandanı zəiflədir. İnqtriqaları vaxtında kəsmək üçün komandanın ağırlıq mərkəzini və əsas nüvəsini formalaşdırmaq lazım idi. Adlara gəldikdə isə, gördüyünüz kimi, Ramil Usubov yenidən daxili işlər naziri vəzifəsinə təyin olundu. Çox mürəkkəb bir regionda, xaricdən ixrac olunan qeyri-sabitlik şəraitində asayişi qorumaq və mütəşəkkil cinayətkarlıq axınlarına müqavimət göstərmək sahəsində polis orqanlarının rolu danılmazdır. Şübhəsiz, dövlətdə ağırlıqlı bir missiyasını üzərinə götürdüyünə, mənsub olduğu komandada elitar münasibətlər qurduğuna, yaxşı idarəçilik ənənələri formalaşdırdığına görə bir şəxsiyyət kimi Ramil Usubovun obrazının cəmiyyətdə və dövlətin ali mərtəbəsində ehtiram ünvanı olduğu bir daha təsdiqləndi. Vaxtilə ona qarşı qurulan əməliyyatlar və saray inqtriqaları Ramil müəllimə olan inamı sarsıda bilmədi. Ona görə də ümidvarıq ki, bu qərar hökumət içərisində tələbkarlığın, təşəbbüskarlığın və peşəkarlığın arealının genişlənməsinə səbəb olacaq. Ən başılacası, Ramil müəllimin hakimiyyət sifəti fərqli bir strukturun – zəhm və sərtlik tələb edən əzəmətli güc orqanının zirvəsində kişiliyin, mərdliyin və liderinə dönməz sədaqətin ünvanı olaraq qalmaqda davam edəcək. Vaxtilə 14-cü Lüdovik belələrini “dövlət adam” adlandırırdı. 2014-cü ilin Maydan inqilabı zamanı Yanukoviçin jandarm qüvvələri və onun rəhbəri bir neçə küçə savaşından sonra siyasi dönüklük göstərərək, Napoleon dövrünün gizli xəfiyyəsi fuşecəsinə tezcə cinahını dəyişmiş və üsyançılarla sövdələməyə gedərək sərkərdəsini satmışdı. Ona görə də sabit və nümunəvi milli nazir hər bir dövlətin üstünlüyüdür. Xüsusilə də Qarabağ dərdlərini ruhundan keçirən, çevrilişlər zaman öndəri ilə bir cərgədə duran və real milli həyatda iştirak edən insanlar hər cür hörmətə layiqdir.

Zakir Həsənova gəlincə, o, Səfər Əbiyevdən qalmış mirası dəyişməyi bacardı və ordu həqiqətən dövlətin legitim gücünə, diplomatik danışıqlarda prezidentin dayağına çevrildi. 100 illərdir bir xalqın silahlı qüvvələrinin formalaşmasına şübhə edən və 1-ci Qarabağ savaşını uduzmuş bir xalqı məğlubiyyət kompleksindən çıxaran adamlar vəzifəni səngərdə qazanırlar. Axı, cəbhə xətti paytaxtdan keçir və Bakıya sığınıb qalan keçmiş nazirin parket üzərindəki qəhrəmanlığından fərqli olaraq, Zakir Həsənov Ali Baş Komandanın orduya təqdim etdiyi ən müasir silahları döyüş bölgələrində alın təri ilə sınaqdan çıxarmağı bacarıb. Gözlərimin önündə həmin qamış hərbi hissələr, ev kotletlərinin bürüdüyü kazarmalar və boyun-boğazları bitə-birəyə müqavimətdən saplağa dönmüş əsgər obrazları indi təminatlı bir nizami birliklərə çevrilibsə, dövlət başçısı Zakir Həsənovun xidmətlərini nəzərə alaraq, onu böyük müharibə komandasına daxil edəcəyi şübhə doğurmurdu.

Comment here