ManşetMANŞETÜSTÜ

Tramp Putini Vaşinqtona niyə çağırdı? – Təəccüblü addım

Tramp Putini Vaşinqtona niyə çağırdı? – Təəccüblü addım

İki nəhəng nüvə dövlətinin liderlərinin görüşü üçün zaman yetişməmişdi. Tərəflərin razılığa gələ biləcəkləri ortaq mövqelərin mövcud olmadığı bir şəraitdə hər hansı uğurlu görüşdən danışmaq mümkün deyil.

Fakttv.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Trampın Putini payızda Vaşinqtona dəvət etməsini şərh edən beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, elə buna görə də gözlənildiyi kimi, Helsinkidə yeni bir hadisə baş vermədi:

“Nəinki Rusiya-ABŞ yaxınlaşmasından, hətta gələcək perspektivdən söhbət gedə bilməz. Məlumdur ki, Trampın nüfuzuna ciddi zərbə dəydi. Görüşdən bir neçə gün öncə NATO sammitində Tramp Avropa ölkələrini, xüsusilə Almaniyanı Rusiya ilə qaz müqavilələri üzərində işlədiyi üçün ikiüzlülükdə qınamışdı və Rusiya əleyhinə kəskin bəyanatlar vermişdi. Amma Helsinkidə özünü elə yumşaq apardı ki, sanki iki gün öncəki siyasətçi deyil. Hətta Tramp Rusiyaya sanksiyalar qoyulmasının əsas səbəbi olan Krımın anneksiyası barədə bir söz demədən yalnız Şərqi Ukraynada olan problemi həll etməyin vacib olduğunu bildirdi”.

Ekspert vurğulayıb ki, bu görüşdə hər iki prezidentin görüşün nəticəsiz olacağını bilə-bilə hasısa siyasi məqsədlər naminə bu addıma getdikləri təəssüratı yarandı:

“Amma bu görüşdən qazananın Putin olduğu görünür. Söhbət mənəvi üstünlükdən gedir. Çünki bu görüşü Rusiya daxilində Putinin mənəvi qələbəsi kimi qiymətləndirsələr də, Tramp haqqında əksi söylənilir. Bütün bunlar Avropada və ABŞ-da görüşün əhəmiyyətsiz və hətta ABŞ üçün aşağılayıcı olduğu anlamında qəbul edilir”.

Ekspert qeyd edib ki, sıfır nəticədən sonra yenidən görüşün elan olunması da təəccüblüdür:

“Amma artıq hamı Trampın gözlənilməz addımlar ata biləcəyini yaxşı bilir. Maraqlısı odur ki, son hadisələr ABŞ Konqresinin respublikaçı üzvləri tərəfindən kəskin tənqidlərə tuş gəlib. Mənə elə gəlir ki, Helsinki sammitinin nəticələri ABŞ-da çox müzakirə olunacaq. Payıza qədər isə Rusiyaya qarşı yeni sanksiyarın tətbiq olunacağı gündəlikdədir. Belə bir gərginləşmədə hansı görüşdən söhbət gedə bilər?! Düşünürəm ki, Tramp Kim Çen İn görüşündən fərqli olaraq, burada fiaskoya uğradığını anlayıb. Buna baxmayaraq, ikinci görüşün anonsunu verməklə hər şeyin qaydasında olduğunu göstərmək istəyir. Eyni zamanda, yaxşı bilir ki, payıza qədər baş verəcək proseslər o həddə çata bilər ki, təbii olaraq görüşün baş tutması mümkünsüzləşər. Helsinki sammitinin ABŞ daxilində müzakirələri və Trampa qarşı olan və olacaq hücumlar da gələcək proseslərə təsirini göstərəcək. ABŞ siyasətində prezidentlərin təkbaşına ciddi qərarlar verməsinin mümkünsüzlüyünü də unutmaq olmaz”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Vaşinqtona səfərə dəvət edib.

Fakttv.com

 

Comment here