GündəmManşetMANŞETÜSTÜ

TANINMIŞ VƏKİL UQURLU BƏRAƏTİNDƏN DANIŞDI

Mustafayev Mətləbin bəraəti mənim ən uğurlu işlərimdən biri olub. Ədalətli qərara, qanunun aliliyini qoruduqlarına görə Ali Məhkəmənin hakimi Gülzar Rzayevaya və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Sədərova təşəkkür edirəm. Bu barədə Lider kanalında, aparıcısı olduğum ” Hüquq və Ədalət” verlişinin 05 noyabr 2017-ci il buraxılışında axşam saat 22:00-da daha ətraflı tanış ola bilərsiniz.

Ləğv edilmiş AR MTN-nin növbəti qan donduran özbaşnalığının qurbanı barədə tərtib etdiyim kassasiya şikayətinin bir hissəsi…

Mustafayev Mətləb Nəriman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Nəsimi rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli 1 (006)-147/2015 nömrəli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 11 sentyabr 2014-cü ildən hesablanmaqla 2 (iki ) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)-835/2015 saylı, 10 iyul 2015-ci il tarixli qərarı ilə Mustafayev Mətləb Nəriman oğlunun barəsində Nəsimi rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli 1 (006)-147/2015 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.
Müdafiə tərəfi olaraq, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-835/2015 saylı, 10 iyul 2015-ci il tarixli qərarı ilə razı deyilik.
Hüquqlarını müdafiə etdiyim şəxs, Mustafayev Mətləb Nəriman oğlu guya istintaqa məlum olmayan vaxtda və mənbədən odlu silah sayılan və istifadə üçün yararlı 7,65 mm çaplı, «350926» nömrəli «Mauser» konstruksiyalı tapança, odlu silahın komplekt hissəsi sayılan və istifadə üçün yararlı 7,65 mm çaplı patron tutumlu 1 (bir) ədəd sandıqça və döyüş sursatı sayılan, istifadə üçün yararlı12 (on iki) ədəd 7,65 mm çaplı tapança patronunu qanunsuz olaraq əldə etmiş, daşımış, gəzdirmiş və yaşadığı mənzildə saxlamışdır. Qeyd olunan odlu silah, onun komplekt hissəsi və döyüş sursatları 11 sentyabr 2014-cü il tarixdə Mətləb Mustafayein yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi ev 19 B, mənzil 46 ünvanında keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüşdür.
Həmin cinayət işi 12 fevral 2015-ci il tarixdə 1070 nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Mətləb Nəriman oğlu barəsində Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ayrılaraq icraata qəbul edilmişdir. Cinayət işinin ayrılmasına səbəb və əsaslar, Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Mətləb Nəriman oğlu tərəfindən odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarının qanunsuz olaraq əldə edilməsi, gizlədilməsi, daşınması və saxlanılması faktına dair toplanmış materiallar, cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Mətləb Mustafayevin odlu silah, onun komplekt hissəi, döyüş sursatlarını əldə etdiyi mənbəni, İran İslam Respublikası ərazisində yaşayan Hüseyn və Rza adlı şəxslərin şəxsiyyətlərini müəyyən edərək istintaqa cəlb etmək və onların əməllərinə hüquqi qiymət verməyin mümkün olmaması olmuşdur. Hüseyn və Rza adlı şəxslərin şəxsiyyətini müəyyən edə bilməyən orqan 10 .09. 2014- ci il tarixli məktubla Rza adlı şəxslə Mətləb Mustafayevin əlaqəsinin olduğunu hansı formada təsdiq etməsi tam şübhə altında olmuşdur.
Hüquqlarını müdafiə etdiyim şəxs Mustafayev Mətləb Nəriman oğlu 11.09.2014-cü il tarixdə Saray qəsəbəsində bağ evində olan zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu tutaraq əllərinə qandal taxmış, tapançanı onun barmaqlarına toxundurmuşlar. Daha sonra onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi ev 19 B, mənzil 46 ünvanında 5-10 nəfər şəxslə gələrək axtarış aparılmış və bu vaxt onun yataq otağında olan paltar şkafından çanta və onun içərisində 1 ədəd tapança, 1 ədəd tapança darağı və patronlar aşkar olunmuşdur. Həmin əşyalar ona məxsus olmamış, onun evinə atılmaqla, tapançada olan barmaq izləri isə toxundurma nəticəsində qalmışdır. Mustafayev Mətləb bütün qeyd olunanları həm istintaq zamanı, həm də məhkəmə prosesində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində də göstərmişdir.
Məhkəmə tərəfindən isə onun törətdiyi əməli təkzib etməsi, əsası olmayan, formal xarakterli məhkumun məsuliyyətdən yayındırmaq cəhdi kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin kollegiyası isə hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum Mustafayev Mətləb Nəriman oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə almışdır.
Hüquqlarını müdafiə etdiyim şəxs, Mustafayev Mətləb Nəriman oğlunun təqsirləndirilməsinə dair cinayət işi istintaq tərəfindən yalan və saxta faktlar əsasında qurulmuşdur. Nəsimi rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəmələri tərəfindən işə baxılarkən məhkəmə iclaslarında hakimlərin heç biri cinayət işində olan pozuntulara və işin saxta və yalan məlumatlar əsasında qurulmasına diqqət yetirməmişlər. Belə ki, aşağıda qeyd olunan çoxlu sayda pozuntulara diqqət yetirilməmişdir. Qeyd edirəm ki, Mustafayev Mətləb Nəriman oğlunun 06 sentyabr 2014-cü ildə, 6-cı gün çağırış vərəqəsi göndərilmədən hansı məqsədlə saat 15:35-dən saat 19:05-ə qədər MTN-də kimin qəbulunda olmağı və ondan nə tələb olunması ilə maraqlanmamışlar. ( 06 sentyabr 2014- cü ildə keçmiş MTN-də olması haqqında DTX-nin M-6649 №-li, 09 yanvar 2016-cı il tarixli məktubunun surəti əlavə olunur) .
Cinayət işinin istintaq materiallarında olan, Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevə göndərdiyi 6/5532 qeydiyyat nömrəli,10.09.2014-cü il tarixli məktubun qeydiyyat tarixində düzəliş olunmuşdur. Həmin məktubun İstintaq Baş İdarəsində qeydiyyata düşmə tarixində və qeydiyyat nömrəsində də düzəlişlər olunmuşdur. Adi gözlə baxıldıqda qeydiyyat nömrəsinin 1515, qeydiyyat tarixinin 12.09.2014-cü il olduğu aydın görünür.(məktubun surəti əlavə olunur) Əgər həmin məktub həqiqətən İstintaq Baş İdarəsinə 12.09.2014-cü il tarixdə daxil olmuşdursa Mövlam Şıxəliyev Elçin Quliyevə 10.09.2014-cü ildə 20/2831 qeydiyyat nömrəli məktubla Mustafayev Mətləbin müstəntiqin yanına gətirilməyinin təmin olunması barədə necə tapşırıq vermişdir? Məgər məktubda vətəndaşın müstəntiqin yanına gətirilməsi yazılanda məhkəmə qərarı olmadan vətəndaşın qollarının qandallanıb gətirilməsi nəzərdə tutulmuşdurmu? (məktubun surəti əlavə olunur)
Cinayət işində olan Antiterror Mərkəzindən 10.09.2014-cü il tarixdə göndərilən məktubun qeydiyyat nömrəsi 6/5532, 17.09.2014-cü ildə göndərilən məktubun qeydiyyat nömrəsi 6/5704 olması inandırıcı deyil. 13 və 14 sentyabr 2014-cü il tarixlərinin istirahət günü olduğunu nəzərə alsaq bir idarədən 6 iş günü ərzində 172 məktubun qeydiyyatdan keçməsi mümkün deyildir.
Cinayət işində olan Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevə göndərdiyi 6/1069 qeydiyyat nömrəli, 18.02.2014 cü il qeydiyyat tarixli məktubda göstərilir ki, 9307360183 telefon nömrəsi ilə Rza və Hüseynin şəxsiyyətini təyin etmək mümkün olmamışdır (məktubun surəti əlavə olunur). İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevə göndərdiyi əməliyyat tapşırığında da 18 fevral 2014-cü il tarixli məktubun qeydiyyat nömrəsinin 6/1069 olduğu göstərilir (məktubun surəti əlavə olunur). Lakin müstəntiq Elşən Murtuzovun 11 fevral 2015-ci il tarixli, 0001252 nömrəli “Sübutların qiymətləndirilməsi haqqında qərarı”nda “MTN-nin Antiterror Mərkəzindən daxil olmuş 10 sentyabr 2014-cü il tarixli 1505 nömrəli (qeydiyyat tarixi və qeydiyyat nömrəsində düzəliş olunmuş) məktubda Mustafayev Mətləb Nəriman oğlunun odlu silah və döyüş sursatının qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə əlaqələrinin olması göstərilmişdir” (məktubun surəti əlavə olunur). 18.02.2014-cü il tarixdə Rza və Hüseynin şəxsiyyətini müəyyən edə bilməyən general Elçin Quliyev 10 .09. 2014- ci ildə Rza adlı şəxslə Mətləb Mustafayevin əlaqəsinin olduğunu necə təsdiq edir? Cinayət işinin materialları arasında olan, qeydiyyat nömrəsində düzəliş edilmiş, həmin məktubun DTX-nin verdiyi məktubda qeydiyyat nömrəsinin 6/1019 olduğu göstərilir (məktubun surəti əlavə olunur).
Mustafayev Mətləbin 11 sentyabr 2014-cü il tarixdə saat 14:40-da Yeni Saray qəsəbəsində qollarını qandallayıb həbs etməklərinə, hal şahidlərinin onu axtarışdan əvvəl qolları qandallı mikroavtobusda gördüklərini bildirdiklərinə baxmayaraq, işi aparan müstəntiq Elşən Murtuzov 13 noyabr 2014-cü il tarixli, 011992 nömrəli “Müdafiəçinin vəsatətinin təmin olunmasının tam rədd edilməsi haqqında qərar”ında göstərir ki, müvəkkilim guya 11 sentyabr 2014-cü il tarixdə saat 21:25-də tutulmuşdur (Qərarın surəti əlavə olunur).
İstintaq Baş İdarəsinin şöbə rəisi Mahir Qasımovun 11.09.2014- cü il tarixdə, saat 20:25- 20:35-də müstəntiq Elşən Murtuzov tərəfindən tərtib olunmuş Mətləb Mustafayevin qətiyyən xəbəri olmayan, imzalamadığı protokola əsaslanıb 12 saylı hüquq məsləhətxanasının müdiri Vaqif Kərimova göndərdiyi 11.09.2014-cü il tarixli məktubun qeydiyyat nömrəsi 20/1070, cinayət işinin materialları arasında olan həmin mətnli, həmin ünvana və həmin şəxsə, həmin tarixdə göndərilən məktubun qeydiyyat nömrəsinin 20/2838 olması sənədlərin saxtalaşdırılmasını təsdiq edir. ( məktubların surəti əlavə olunur).
Dövlət büdcəsi hesabına müdafiəçi təyin edilməsi barədə tərtib olunmuş Mətləb Mustafayevin qətiyyən xəbəri olmayan, imzalamadığı protokolda yazılıb ki, müvəkkilim Vaqif Məmmədovun müdafiəçi kimi təyin olunmasına saat 20:35-də razılıq vermişdir. Protokola əsasən hazırlanıb göndərilən 20/2838 qeydiyyat nömrəli məktub saat 20:35-dən, yəni iş saatı başa çatdıqdan sonra 12 saylı hüquq məsləhətxanasına saat neçədə çatdırılıb, nə vaxt qeydiyyatdan keçib, məsləhətxananın müdiri Vaqif Kərimov məktubu icra olunmaq üçün vəkil Vaqif Məmmədova nə vaxt vermişdir ki, DTX-dən müvəkkilimin sorğusuna verilən M-16 №-li, 12.02.2016-cı il tarixli cavab məktubunda bildirilir ki, vətəndaş Məmmədov Vaqif Əsgər oğlu 11 sentyabr 2014-cü il tarixdə saat 20:27-də keçmiş MTN-nin inzibati ərazisinə daxil olmuş və 22:00-da oranı tərk etmişdir? (məktubun surəti əlavə olunur). Yəni M.Mustafayev Vaqif Məmmədovun müdafiəçi kimi təyin olunmasına razılıq verməzdən 8 dəqiqə əvvəl bu şəxs onun müdafiəsi üçün MTN-ə gəlmişdirmi? Bu şəxsin fəaliyyət göstərdiyi hüquq məsləhətxanasına müraciət məktubu göndərilməmişdən əvvəl M.Mustafayevin həbs olunmağı barədə məlumat haradan məlum idi?
DTX-nin M-64 № -li, 23. 02. 2016-cı il tarixli məktubunda bildirilir ki, “DTX-nin Müvəqqəti Saxlama və İstintaq Təcridxanasının qeydiyyatlarına əsasən Mətləb Mustafayev keçmiş MTN-nin İstintaq Baş İdarəsinin icraatındakı 1070 saylı cinayət işi üzrə 11 sentyabr 2014-cü il tarixdə MSY və İT-nin 31 saylı kamerasına saat 21:40-da yerləşdirilmişdir. (məktubun surəti əlavə olunur). Cinayət işinin materiallarında olan müstəntiqin 6037 saylı xidməti otağında “Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi protokolu”nun tərtib edilmə vaxtı isə saat 21:40-dan saat 21:45 -dək davam etdiyi göstərilir ( Protokolun surəti əlavə olunur). DTX-nin rəsmi məktublarına istinadən belə çıxır ki, Mətləb Mustafayev saat 21:40-da 31 nömrəli kameraya yerləşdirildikdən 5 dəqiqə sonra müstəntiqin 6037 nömrəli xidməti otağında ona hüquq və vəzifələri izah olunmaqla yazılı bildiriş təqdim edilib və o, da imzalamışdır.
Müstəntiq Elşən Murtuzovun 11 sentyabr 2014- cü ildə tərtib etdiyi və imzaladığı, vəkil Vaqif Əsgər oğlu Məmmədovun da iştirak edib imzaladığı, “şübhəli şəxsi dindirmə protokolu”nda dindirmənin saat 21:50-də başlandığı, saat 22:35-də qurtardığı qeyd olunub. ((Protokolun surəti əlavə olunur). DTX-dən aldığımız məktubda isə bildirilir ki, M.Mustafayev 21:40-da 31 nömrəli kameraya yerləşdirilmişdir. DTX-nin M-16 nömrəli məktubunda isə vətəndaş Məmmədov Vaqif Əsgər oğlunun saat 22:00-da MTN-nin inzibati ərazisini tərk etdiyi göstərilir. Vəkil Məmmədov Vaqif Əsgər oğlu saat 22:00-da MTN-nin inzibati ərazisini tərk etdiyi halda dindirmənin qurtardığı 22:35-də 6037 nömrəli otaqda ola bilərdimi? (məktubun surəti əlavə olunur). Belə çıxır ki, M.Mustafayev eyni zamanda həm 31 nömrəli kamerada, həm də 6037 nömrəli otaqda olmuşdur, vəkil eyni zamanda dindirmədə iştirak etmiş, həm də MTN-nin ərazisindən kənarda olmuşdur. Göründüyü kimi müstəntiq Elşən Murtuzov tam saxtakarlıq etmişdir.
Dindirmə protokolunda qeyd olunub ki, hal şahidlərindən Ifadələr müstəntiqin 6037 saylı xidməti otağında alınıb (Protokolların surəti əlavə olunur) . Bunun təsdiqi olaraq MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Mahir Qasımovun verilən sorğuya verdiyi M-194 №-li 09.12.2015-ci il tarixli məktubunda bildirir ki, “ Hümbətov Rahib Salman oğlu və Xəlilov Eşqin Vahid oğlu 12 sentyabr 2014-cü il tarixdə Milli Təhlükəsizlik Nazirliyinə dəvət edilərək İstintaq Baş İdarəsinin mühüm işlər üzrə baş müstəntiqi Elşən Murtuzov tərəfindən 1070 nömrəli cinayət işi üzrə şahid qismində dindirilmişlər” (məktubun surəti əlavə olunur). DTX-nin M-713 №- li, 12.02.2016-cı il tarixli məktubunda bildirilir ki,” həmin vətəndaşlar ifadə vermək üçün keçmiş MTN Komendantlığına gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri üzərlərində olmadığı üçün inzibati binaya buraxılmamış, onların adları inzibati binaya daxil olmuş şəxslərin qeydiyyatı aparılan jurnalda qeyd edilməmişdir” (məktubun surəti əlavə olunur). Elə isə müstəntiq Elşən Murtuzov hal şahidlərinin hər birindən 3 səhifəlik ifadəni harada və nə vaxt almışdır ki, şahidi dindirmə Protokolunda MTN-nin 6037 saylı xidməti otağında hal şahidlərindən ifadə aldığını göstərmişdir. Hal şahidləri Hümbətov Rahib və Xəlilov Eşqin adlı şəxslər 12 sentyabr 2014-cü ildə nəzarət buraxılış məntəqəsindən MTN-nin ərazisinə buraxılmadıqları halda , müstəntiqin 6037 saylı xidməti otağına 9:40-11:35-də necə daxil olmuşdurlar?
Müstəntiq Elşən Murtuzovun 12 sentyabr 2014-cü il tarixdə tərtib etdiyi, vəkil Vaqif Məmmədovun da iştirak edib imzaladığı “Təqsirləndirilən şəxsi dindirmə Protokolu”nda dindirmənin saat 12:15-də başlandığı və 13:00-da qurtardığı qeyd olunmasına baxmayaraq DTX-nin M-17 №-li, 12.02.2016-cı il tarixli məktubunda bildirilir ki, müvəkkilim 12 sentyabr 2014-cü il tarixdə saat 12:50-də Səbail rayon məhkəməsinə aparılmışdır. ( Protokolun və məktubun surəti əlavə olunur) Belə çıxır ki, müvəkkilim həmin vaxt həm dindirilmiş, həm də Səbail rayon məhkəməsində olmuşdur. Görəsən müstəntiq Elşən Murtuzovun saxta sənədləşmə aparmaqda məqsədi nə olmuşdur?
11 Sentyabr 2014-cü il tarixdən 04 mart 2015-ci il tarixə qədər Təcridxanadan İstintaq Baş İdarəsinə -11,12,15,16.17,18,19,29 sentyabrda və 25, 28 oktyabrda Təhsin Ağayevin, Elşən Murtuzovun yanına, 18, 20 dekabrda Mahir Qasımovun yanına, Antiterror Mərkəzinə-23,24,25,26.29 sentyabrda İlqar Əliyevin, Azər Mehdiyevin, Mübariz Hüseynovun, Mamay Qulubəyovun, Rasimin, 01,03,16,23 oktyabrda İlqar Əliyevin və Mamay Qulubəyovun dediklərinə görə nazir Eldar Mahmudova yaxın, onun etibarlı adamı, adının Mübariz olduğunu bildirən, əslində bu şəxsin MTN-nin Hərbi-Tibb Baş İdarəsinin rəisi general-mayor Məzahir Yaqubov olduğunu aydınlaşdıraraq əməkdaşın 15,17 oktyabrda Mamay Qulubəyovun və 11sentyabrda axtarışda iştirak etmiş bir əməkdaşın, 27 dekabrda Mübariz Hüseynovun, 24 fevral 2015-ci ildə Elçin Quliyevin və İlqar Əliyevin, 04 mart 2015-ci ildə 1025-ci otaqda Mübariz Hüseynovun, İlqar Əliyevin və iki əməkdaşın yanına vəkilin iştirakı olmadan 27 dəfə istintaqa aparıldığı halda- 11,12,29 sentyabrda və 28 oktyabrda, cəmi 4 istintaq hərəkəti protokollaşdırılıb. İşə əlavə olunmuş dindirilməyə çağırış tələbnaməsinə görə Mətləb Mustafayev cəmi 4 dəfə -12.09.2014- cü il tarixdə saat 12:00-12:55; 19.09.2014- cü il tarixdə saat 18:30-20:50; 26.12.2014- cü il tarixdə saat 11:35-12:57; 16.02.2015-ci il tarixdə saat 15:05-16:40-da İstintaq Baş İdarəsinə istintaqa aparılmışdır. Antiterror Mərkəzinə aparıldığı barədə heç bir tələbnamə müstəntiq Elşən Murtuzov tərəfindən cinayət işinə əlavə olunmamışdır. Protokollaşdırılmamış istintaq hərəkətləri barədə müstəntiqin, Antiterror əməkdaşlarının və Məzahir Yaqubovun nə üçün istintaqa dəvət olunub izahat alınmaması bizə aydın deyil. Cinayət işindəki istintaqa çağırış tələbnamələrindən göründüyü kimi Mətləb Mustafayevin istintaqa çağırıldığı yalnız 2 gün ( 12.09.2014, 19.09.2014 tarixlərdə) haqqında tələbnamə vardır. Belə çıxır ki, M.Mustafayev saxlanıldığı kameradan istintaqa və Antiterror Mərkəzinə 25 dəfə tələbnaməsiz öz başına getmişdir.
11sentyabr 2014-cü ildə saat 20:35-dən sonra (həmin vaxt şöbə rəisi Mahir Qasımov tərəfindən imzalanıb qeydiyyata düşən məktubun nömrəsi 20/2838-dir) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin adından, rəis müavini Təhsin Ağayevin imzaladığı, Əməliyyat-texniki idarəsinə göndərilən xidməti məktubun nömrəsinin 20/2851 olması çox şübhəlidir. Əgər saat 20:35-də qeydiyyatdan keçən 20/2838 nömrəli məktubla ( saat 20:25-20:35 arasında vəkillə təmin olunmağı barədə protokol tərtib olunub, sonra12 saylı hüquq məsləhətxanasına məktub göndərilib. Protokolun və məktubun surətləri əlavə olunur ) 20/2851 nömrəli məktub arasında 13 ədəd məktubun hər birinin hazırlanmasına 10 dəqiqə vaxt sərf olunsa buna 2 saatdan çox vaxt tələb olunur. Yəni mütəxəssiin 20:35+2 saat =22:35-dən sonra 1 saat 25 dəqiqə ərzində Əməliyyat Texniki İdarəsinə hazırlanıb göndərilən məktubun, həmin məktubun qeydə alınması, bir mütəxəssisin həm ballistika, həm də doktiloskopiya üzrə rəy hazırlaması, 068 nömrəli arayışı tərtib etməsi, Natəvan Mirvətovanın müşaiətedici məktubunun 11 sentyabrda hazırlanıb imzalanması, qeydiyyata alınması, İBİ-nə göndərilməsi, İBİ-də qeydiyyata alınması, idarə rəisi tərəfindən dərkənar qoyulub şöbə rəisinə, müstəntiqə verilməsi “Dövlət hakimiyyət orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair təlimat”a əsasən qətiyyən inandırıcı deyil. Belə olan halda Mövlam Şıxəliyevin, Natəvan Mirvətovanın, Pərviz Əlizadənin, Təhsin Ağayevin, Mahir Qasımovun, Elşən Murtuzovun, Hüseyn Əhmədovun həmin gün iş yerini saat neçədə tərk edib MTN-nin ərazisindən çıxdıqları haqqında məlumat alınması zəruridir. Bu səbəbdən də sorğu ilə aidiyyəti üzrə müraciət olunmuşdur.
068 saylı mütəxəssis rəyini imzalayan Pərviz Əlizadənin həm ballistika üzrə, həm də doktiloskopiya üzrə mütəxəssis arayışı verməsi araşdırılmalıdır. Natəvan Mirvətovanın imzası ilə Mövlam Şıxəliyevə göndərilən məktubda 068 №-li rəy qeyd olunub, mütəxəssisin imzaladığı isə 068 №-li arayışdır. (Arayışın surəti əlavə olunur).
Əməliyyat Texniki İdarəsinin rəisi Natəvan Mirvətovanın İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevə göndərdiyi məktubun İBİ-də qəbul olunması tarixi ağardılıb düzəliş olunmasına baxmayaraq, adi gözlə baxdıqda məktubun İBİ-də qeydiyyata alınması tarixi 10.09.2014-cü il olması aydın görünür. Düzəliş olunduqdan sonra, 10 rəqəmi 11 il rəqəmi olub. Tarixin dəqiqləşdirilməsi üçün məktubun cinayət işinin 1-ci cildindəki əslinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi məqsədəuyğundur .
22 oktyabr 2014-cü il tarixli ekspert rəyində göstərilir ki, “ tapançanın üzərindən aşkar edilərək 1 saylı daktilolentə köçürülmüş “a” əl-barmaq izi Mustafayev Mətləb Nəriman oğlunun sağ əlinin şəhadət barmağından qalmışdır” cümləsində əl-barmaq izlərinin konkret olaraq tapançanın hansı hissəsində olması aydınlaşdırılmır
Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2014-cü il tarixli 18597/18598 nömrəli ekspert rəyində göstərilən “C” saylı daktilolentdəki əl-barmaq izlərinin Mustafayev Mətləb Nəriman oğlunun əl-barmaq izinə uyğun gəlmədiyi halda həmin əl-barmaq izinin 11 sentyabr 2014-cü ildə, saat 14:40- da tapançanı Yeni Saray qəsəbəsində onun barmağına toxunduran MTN əməkdaşlarından kimə məxsus olması aydınlaşdırılmır (tədqiqatın nəticəsinin surəti əlavə olunur).
29 sentyabr 2014-cü il tarixdə silah Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyi halda nə üçün silah saxlanılan çantada, patronlarda və sandıqçada olan əl-barmaq izlərinin kimə məxsus olmasının aydınlaşdırılması üçün həmin əşyalar Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməyib?
28 Oktyabr 2014-cü il tarixdə “Ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi protokolu”nda guya təqsirləndirilən şəxs olmuş M.Mustafayevin verdiyi ”Ekspertiza rəyi ilə tanış oldum. Tapança mənim mənzilimə qəsdən atılıb. Silahda mənim barmaq izlərimin olması ilə bağlı ekspert rəyində göstərilənlə qəti razı deyiləm.Tapança mən həbs olunduqda qollarımı qandallayan zaman 11sentyabr 2014-cü il tarixdə saat 14:40 dəqiqədə barmaqlarıma toxundurulub. Həbsim sifarişli olduğu üçün vəsatət versəm də nəticəsi dəyişilməyəcəyinə görə vəsatətim yoxdur“ qeydi Nəsimi rayon Məhkəməsinin 17 mart 2015-ci il tarixli protokolunda qeyd olunmayıb (Protokolun surəti əlavə olunur).
17.09.2014-cü il tarixdə M.Mustafayevin kiçik bacısı Nəriman qızının və onun qaynı Hümbətov Tahir Əlimurad oğlunun yaşadıqları evlərdə axtarış keçirilməsi barədə Səbail rayon məhkəməsinin sədri Araz Hüseynova xəbərdarlıq məktubunun qeydiyyat nömrəsi 20/2917, həmin gün saat 22:50-dan sonra Səbail rayon məhkəməsinə göndərilmiş, keçirilmiş axtarış barədə 15 vərəq materialların qeydiyyat nömrəsi 20/2910-dur. 17.09.2014- cü ildə Baş Prokurorun I müavini Rüstəm Usubova həmin ünvanda, həmin şəxslərin yaşadıqları evlərdə axtarış aparılacağı barədə xəbərdarlıq məktubunun qeydiyyat nömrəsi 20/2988, axtarışın nəticəsi barədə 15 vərəqlik materialların Rüstəm Usubova göndərilməsinin qeydiyyat nömrəsi 20/2918-dir. Məktubların qeydiyyat nömrələrindən belə çıxır ki, axtarış keçirilməmişdən əvvəl axtarışın nəticəsi barədə 15 vərəqlik materiallar Səbail rayon məhkəməsinə və Rüstəm Usubova göndərilib (məktubların surəti əlavə olunur) Ümumiyyətlə 22:50-də başa çatan axtarışdan sonra protokol tərtib olunub, imzalanıb, Rəsulzadə qəsəbəsindən MTN-ə gətirilib sonra hər biri 15 vərəqdən ibarət materialların hazırlanıb 17.09.2014-cü il qeydiyyat tarixi ilə iki dövlət orqanına göndərilməsi qeyri mümkündür.
01 Oktyabr 2014-cü ildə M.Mustafayevin barmaqlarına naqillər birləşdirib aparılmış eksperementin cavabı haqqında 15 oktyabrda Mamay Qulubəyov və axtarışda iştirak edən bir əməkdaş tərəfindən ondan imzalanması tələb olunan arayış cinayət işinin materialları arasında yoxdur.
11 sentyabr 2014-cü il tarixdə İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayev tərəfindən MTN-nin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəisi Zaur Bənnayeva göndərilmiş məktubun qeydiyyat nömrəsinin 20/2874, 12 sentyabr 2014-cü il tarixdə İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin Baş Prokurorun birinci müavini Rüstəm Usubova göndərdiyi məktubun qeydiyyat nömrəsinin 20/2857, 12 sentyabr 2014-cü il tarixdə müstəntiq Elşən Murtuzovun göndərdiyi Protokolun qeydiyyat nömrəsinin 20/2859, 12 sentyabr 2014-cü il tarixdə İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayevin Təcridxananın rəisi Zaur Bənnayevə göndərdiyi məktubun qeydiyyat nömrəsinin 20/2868, 11.09.2014-ildə göndərilən məktubun qeydiyyat nömrəsi 20/2874, 12.09.2014-cü ildə göndərilən məktubun qeydiyyat nömrələrinin isə 20/2868, 20/2857, 20/2859 olmasını necə başa düşmək olar? 17.09.2014-cü ildəki sənədin qeydiyyat nömrəsi 20/2988, 23.09.2014-cü ildəki sənədin qeydiyyat nömrəsi 20/2979, 24.09.2014-cü ildəki sənədin 20/2980 nömrəsi ilə qeydiyyatdan keçməsi necə başa düşülür? 16.10.2014-cü ildə göndərilən sənədin qeydiyyat nömrəsinin 20/3185, 18.10.2014-cü il tarixdə göndərilən sənədin qeydiyyat nömrəsinin 20/3172 olması necə başa düşmək olar ? 20.10.2014-cü ildə 20/3326 , 24.10.2014-cü ildə 20/3264, 27.10.2014-cü ildə 20/3281 olması necə başa düşülür ? 13.11.2014-cü ildə 20/3619 , 19.11.2014-cü ildə 20/3538, 20.11.2014-cü ildə 20/3544 necə başa düşülməlidir ? Bu sənədlərin qeydiyyat nömrələrindən və qeydiyyat tarixlərindən aydın olur ki, İBİ-də sənədlərin dövriyyəsinə nəzarət olunmamış, cinayət işinə əlavə olunmuş sənədlərin qeydiyyatında uyğunsuzluqlar və saxtakarlıqlar olmuşdur.
13 sentyabr 2014-cü ildə qeyri-iş günü olmasına baxmayaraq İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevə göndərdiyi 20/2878 qeydiyyat nömrəli məktub həmin gün kargüzarlıqda necə qeydiyyata alınması aydınlaşdırılmalıdır .
Vəkil Eldəniz Alxas Əli oğlunun 29 dekabr 2014-cü il tarixdə göndərdiyi məktub 13 yanvar 2015-ci ildə qeydiyyata alınıb, Mövlam Şıxəliyev və Mahir Qasımov isə həmin məktubu 12 yanvar 2015-ci ildə Elşən Murtuzova ünvanlamışlar. (cinayət işinin 2-ci cildində)
“Dövlət hakimiyyət orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 29-cu maddəsində “Əgər imzalamalı olan şəxs yoxdursa, sənəd onun müavini və ya vəzifəsini icra edən şəxs tərəfindən imzalanmalıdır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı. soyadı göstərilməlidir. Sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır” göstərilməsinə baxmayaraq, cinayət işinin materialları arasında olan 18,43,44,64,83,86,99,117,120-ci səhifələrdə İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin adının qarşısında xətt çəkilib rəis müavini Təhsin Ağayev imza etmişdir.
20 fevral 2015-ci ildə təsdiq olunmuş ittiham aktının təqsirləndirilən şəxsə verilməsinə baxmayaraq, o, 24 fevral 2015-ci ildə Elçin Quliyevin yanına çağrılaraq və vəkilin iştirakı olmadan ondan yenidən Əli Nağıyev və qardaşı Vəli Nağıyev haqqında böhtan xarakterli ifadə alınmasının Elçin Quliyev və İlqar Əliyev tərəfindən tələb olunmuşdur. Elçin Quliyevin ona dediyi “istəyirik sənə kömək edək, amma sən də bizə kömək et”. “Onun nə kömək istəyirsiniz” sualına “özün bilirsən Əli Nağıyev barədə deyirəm, bizə kömək et” dedikləri haqqında izahat alınmışdır.
Cinayət işi üzrə materiallarda göstərilən məlumatların, sənədlərin və əşyaların həqiqiliyində, yaranma mənbəyində və əldə edilməsi hallarında kifayət qədər şübhələr olduğundan, sübut kimi qəbul edilə bilməz.
Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər.
İttiham aktının 2-ci səhifəsində, 11 sentyabr 2014-cü ildə MTN-nin İBİ-nin mühüm işlər üzrə baş müstəntiqi Murtuzov Elşən Əlisahib oğlu tərəfindən Mustafayev Mətləb Nəriman oğlunun Azərbaycan Respublikası CM-nin 228.1 maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulduğu göstərilir. 8-ci səhifədə İttiham aktının tərtib edilməsinin 17 fevral 2014- cü il tarixdə saat 12-30 dəqiqədə Bakı şəhərində başa çatdığı, Mövlam Şıxəliyevin, Təhsin Ağayevin, Mahir Qasımovun, Bakı şəhəri Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbənin rəisi Abdulla Yusifovun tanış olduqları, dövlət ittihamını Nəsimi rayon məhkəməsində müdafiə edən Nəriman Babayev, Bakı Apellyasiya Məhkəməsində müdafiə edən Nəsir Bayramov, Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov ittiham aktının Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən 20 fevral 2014-cü ildə, yəni 7 ay əvvəl təsdiq olunduğunu necə izah edə bilərlər. Deməli guya təqsirləndirilən şəxs olan Mətləb Mustafayev həbs olunmamışdan 7 ay əvvəl ittiham aktı Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən təsdiq olunub və məhkəməyə göndərilmək üçün hazırlanıbmış. Hətta MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Mahir Qasımovun 09.12.2015-ci il tarixdə göndərdiyi məktubda da “1173 nömrəli cinayət işi aidiyyatı üzrə təqdim edilməkdən ötrü 17 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, oradan isə işə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nəsimi rayonu məhkəməsinə göndərildiyi” bildirilmişdir. ( ittiham aktının və məktubun surətləri əlavə olunur). Elə isə Dövlət ittihamçıları-Bakı şəhər prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Babayev Nəriman Mərdan oğlunun və Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Bayramov Nəsir Yasin oğlunun qondarma cinayət işində birinci səhifədən saxtakarlıqla tərtib olunan ittiham aktını necə müdafiə etdiyi maraqlıdır.
Cinayət işi saxta və yalan məlumatlar əsasında yaradılmasına baxmayaraq, iş üzrə cinayət işinin ittiham aktı tərtib olunarkən Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuş, onun ardınca isə Azərbaycan Respublikası CPM-nin 290.3.1-cü maddəsinin tələbləri pozulmuş və cinayət işinin məhkəməyə göndərilməsi üçün əsaslar kifayət qədər olmadığı halda və ittiham aktı düzgün tərtib olunmadığı halda prosessual rəhbərliyi həyata keçirək prokuror tərəfindən düzgün olmayan tarixdə ittiham aktı təsdiq olunmaqla məhkəməyə göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 289.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar ittiham aktının təsviri əsaslandırıcı hissəsində göstərilməmişdir.
Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinə uyğun olmaması kobud qanun pozuntusudur və bu pozuntuya yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli idi.
Həmin məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirək prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Bakı Apellyasıya Məhkəməsi, yuxarıda göstərilən qanunvericiliyin tələblərinin kobud prosessual pozuntusu olmasına baxmayaraq, apelyasiya şikayətinə baxılmasına xitam verilməklə, cinayət işi üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarmamışdır.
Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi aşağıdakı hallarda cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır:
391.8. Bu Məcəllənin müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır:
Belə olan halda, həmçinin prosessual qanunvericiliyin 416.0.4-cü maddəsinin tələblərinə görə, eyni zamanda AR CPM-nin 391.6-cı maddəsinin müddəalarını yerinə yetirilmədiyindən AR Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər.
Bundan başqa, yuxarıda göstərilən bütün xüsusat və əldə edilmiş sübutların, nə ibtiadi istintaq, nədə 2 instansiya məhkəməsində mümkünlüyü və mötəbərliyi müəyyənləşdirilməmişdir. Eyni zamanda cinayət işi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamışdır. Yoxlama zamanı cinayət işi üzrə toplanmış sübutlar təhlil olunmayaraq, bir-biri ilə müqayisə edilməmişdir. Belə olan halda, həmçinin prosessual qanunvericiliyin 416.0.2-ci maddəsinə görə, eyni zamanda AR CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq edilmədiyindən AR Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər.
Bütün bunlara əsasən, hesab edirik ki, Mustafayev Mətləb Nəriman oğlunun barəsində Bakı Apelyasiya Məhkəməsinin 1(103)-835/2015 saylı, 10 iyul 2015-ci il tarixli qərarı ləğv edilərək, cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.

Comment here