Siyasət

Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir

Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Ümummilli lider Heydər Əliyevin: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” söylədiyi bu ifadələr Şuşanın bizim üçün vacibliyinin və dəyərliliyinin təcəssümüdür. Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa  şərqlilərə məxsus arxitekturası ilə fərqlənib.  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası, Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq uslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh edirdi. Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu səhər Turşsu mədən suyu ilə də məşhur olub, kurort kimi qonaqların ən çox istirahət və müalicə olunduqları məkana çevrilib. Şuşa həm də bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Qarabağın bu dilbər guşəsi Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər bəxş edib. “Şərqin konservatoriyası”, muğamımızın beşiyi adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərinin vətəni olub.  Məşhur müğənniləri dinləmək və ya ifaçılıq dərsi almaq üçün hər yerdən bura musiqi həvəskarları axışıb gəlirdilər. Lakin bu şəhər təkcə musiqiçiləri ilə şöhrət qazanmamışdır. Əsrarəngiz təbiət amili, saf, dupduru bulaqlar bu yerlərin şöhrətini daha da artırırdı. Bu diyarın ən məşhur bulağı olan İsa bulağını isə çoxları Şuşanın rəmzi hesab edirlər. Xarı bülbülün vətəni olan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən tarixboyu yağıların göz dikdiyi məkana çevrilib. Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq. Bu həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Bu mənada Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi olduqca mühüm qərardır.

Səmədağa Məmmədov,
Saatlı rayon gənci

Comment here