Manşet

SOVET İTTİFAQI QƏHRƏMANI, POLKOVNİK MƏLİK MƏHƏRRƏMOVA NİYƏ GENERAL RÜTBƏSİ VERİLMƏDİ?

Məlik Məhərrəmovla bir cəbhədə vuruşan və ömrünü peşəkar hərbi işə sərf edən Qızıl ulduzlu qəhrəmanların çoxuna general rütbəsi verilsə də Məhərrəmov polkovnik olaraq qaldı. Bir dəfə mən bunun səbəbini qəhrəman həmyerlimizdən soruşdum. Dedi ki, böyük ədalətsizliyi və ciddi səhvləri olsa da Stalinin xidmətləri danıla bilməz. İngiltərənin baş naziri Uinston Çörçillin dediyi kimi, Stalin sovet hakimiyyətini çarıqlı sovet xalqından xışla qəbul etdi, atomla təhvil verdi.
Bəs mənə niyə general rütbəsi verilmədi? Stalin 1953-cü ildə vəfat etdi, hakimiyyət Nikita Xruşşova keçdi. Onun isə Stalinlə düşmənçiliyi vardı və hakimiyyətə yiyələnəndən sonra Stalinin xidmətlərini inkar etdi, onu xalqın gözündən salmağa başladı, şəxsiyyətə pərəstişdə suçladı, heykəllərini yıxdırdı, adını kolxoz, sovxoz, küçə, meydan, fabrik-zavod və s.-dən götürdü. Sovet adamlarının əksəriyyəti, o cümlədən Gürcüstan buna ciddi etiraz etdi. Mən o vaxtlar Zaqafqaziya hərbi dairəsi 68-ci Piyada Alayı və atıcı diviziyasının qərargah rəisi idim. Moskvadan əmr gəldi ki, Stalinin doğum günü Sumqayıtda və Tbilisidə xalq Stalinin adının yasaq edilməsinə və xidmətlərinin inkar olunmasına etiraz nümayişi, böyük mitinq keçirəcək, ona görə də Sumqayıta 2 bölük, Tbilisiyə isə qalan bütün hərbi hissəni və texnikanı yeridib nümayiş və mitinqi dağıtmalıyıq. Etiraz etdim. Dedim, sovet əsgərini sovet xalqının üzərinə yeritmək cinayətdir… Səhəri gün Moskvadan SSRİ Müdafiə Nazirliyinin generalı gəldi və məni qərargah rəisliyindən kənarlaşdırdı. Generala dedim ki, ordumuz müharibədən təzə çıxıb deyə komandanlıq bütün problemləri silah gücünə, zorla həll etməyə çalışır. Buna görə də müharibədən çıxan qalib orduda da mütləq islahat aparılmalı, psixologiya dəyişməlidir…
Bu sözlər generalı tutdu. Dedi ki, Məhərrəmov, sən çox lazımlı kadrsan və hərbi işdən tamam kənarlaşdırılsan biz itirəcəyik, sən nümayiş və mitinqi dağıtmaq əmrini yerinə yetirməkdən imtina etdiyin üçün sənə verilməsi nəzərdə tutulan general rütbəsini itirdiyin kimi…
Dedim ki, yoldaş general, mən itirdim, amma xalqımız qazanacaq…
Az keçmiş, Moskvanın göstərişi ilə mən üç rayonu əhatə edən Ağdaş rayonunun hərbi komissarı təyin edildim…

İsaməddin ƏHMƏDOV.

Comment here