İdman

Sabah Azərbaycanda Avropa Çempionatı başlayır–İDMAN

Sabah Azərbaycan və Gürcüstanda qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, sayca 30-cu – yubiley yarışı 10 gün davam edəcək.

Qitənin 16 ən güclü voleybol komandası 2 ölkənin 3 şəhərində mübarizə aparacaq. Qrup mərhələsində 4 “dördlüy”ə bölünən yığmalar mükafatlar uğrunda mübarizəyə start verəcək.

Bu qruplardan biri Gürcüstan, biri Göygöl və ikisi Bakıda bir araya gələcək. Meydan sahibi kimi, birbaşa yarışa qatılan Azərbaycan yığması da paytaxtımızda çıxış edəcək. Faiq Qarayevin yetirmələri A qrupunda Polşa, Macarıstan və Almaniya ilə üz-üzə gələcəklər.

Ardıcıl 7-ci dəfə qitə çempionatına qatılan yığmamız qrup qalibi adı uğrunda Polşa ilə mübarizə aparacaq. Macarıstan zəngin voleybol ənənələri ilə seçilmədiyindən nəsildəyişmə dövrünü yaşayan bundestim isə ölkəmizə yenilənmiş heyətlə gəldiyindən onların 2 favoritin mübarizəsinə qoşulması inandırıcı görünmür. Yığmamız isə pley-off mərhələsindən qaçaraq, birbaşa 1/4 finala yüksəlmək üçün mütləq birinci olmalıdı. Çünki ikinci pillənin sahibi digər qrupun üçüncüsü ilə ən yaxşı “səkkizliy”ə düşmək uğrunda yarışacaq.

Tarixində heç vaxt Avropa çempionatının medalını qazanmayan millimiz ilkə doğma divarlar arasında imza atmağa köklənib. Uzunmüddətli hazırlıq prossesi də Avro-2005-də qeydə alınan rekordumuzu unutdurmağa hesablanıb. 12 il əvvəl qitənin 4-cüsü olan komandamızda olduğu kimi, bu dəfə də heyətdə böyük təcrübəyə malik voleybolçular yer alıb. Düzdü, yekun heyət hələ açıqlanmasa da, Qarayevin sərəncamında olan 16 oyunçu arasında Avropada özündən söz etdirmiş Natalya Məmmədova, Polina Rəhimova, Valeriya Məmmədova kimi oyunçular var. Onlarla yanaşı, Ayşən Abduləzimova, Yuliya Kərimova, Şəfaqət Həbibova, Aynur Kərimova, Olena Həsənova, Anastasiya Qurbanova, Kristina Yaqubova, Kseniya Poznyak, Oksana Kiselyova, Odina Bayramova, Yana Kulan, Yekaterina Jidkova və Yelizaveta Səmədova kimi oyunçular da var.

Son böyük turnirlərlə – Avropa və dünya çempionatları ilə müqayisədə daha samballı heyət toplayan Qarayev hər mövqedə rəqabət yaratmağı bacarıb. Bu da azarkeş dəstəyindən heç vaxt korluq çəkməyən yığmamızın fanatlarını sevindirmək gücündə olduğundan xəbər verir.

Öz oyunlarında uğur qazanmağa borclu olan yığmamız eyni zamanda C qrupunun oyunlarını da maraqla izləmək məcburiyyətindədi. Çünki növbəti mərhələdə Bakıda Milli Gimnastika Arenasında mübarizə aparacaq 2 qrupun komandaları bir-birinə rəqib olacaq. Bu həm pley-off, həm də 1/4 final mərhələsinə aiddi. C qrupunda isə kifayət qədər güclü yığmalar yer alıb. Avropa çempionatlarının ən titullu komandası olan Rusiya millisinin adını çəkmək kifayətdi. Son 2 yarışın qalibi adını qazanan şimallılar bu dəfə də qızıl dalınca gəldiklərini özləri də gizlətmirlər. Lakin Türkiyə və Bolqarıstan kimi güclü rəqiblərlə eyni qrupda çıxış edəcək qonşularımız üçün o qədər də asan olmayacaq. Çünki “ay-ulduzlular” da kifayət qədər iddialı, bolqarlar isə sensasiyaya “acdı”lar. Qrupun aşkar autsayderi Ukrayna sayılsa da, onlar istənilən rəqibi büdrətmək gücündədilər.

Daha 4 komanda Azərbaycanda mübarizə aparacaq. Tarixində ilk dəfə nüfuzlu voleybol yarışına ev sahibliyi edəcək Göygöl Olimpiya Kompleksi elə startdaca “ölüm qrupu”na qucaq açacaq. Avropa çempionatının medallarına iddialı Hollandiya, Serbiya, Belçika və Çexiya yarışla erkən vidalaşmamaq üçün döyüşəcək. Qrup sonuncuları üçün yarışın vaxtından əvvəl bitdiyini nəzərə alsaq, Göygöldə çıxış edəcək komandalar digər şəhərlərdə oynamadan vətənlərinə dönmək istəməyəcək. Hər halda, digərləri ilə müqayisədə çexlərin şansı daha aşağı qiymətləndirilir.

Azərbaycanla birgə Avro-2017-yə ev sahibliyi edən Gürcüstan isə yalnız bir qrupun görüşlərini qəbul edəcək. B qrupunun aşkar autsayderi elə ev sahiblərinin özüdü. Tarixində ilk dəfə belə bir yarışda iştirak edən qonşularımız Tiflisdə heç olmasa set və ya xal qazanmaq üçün mübarizə aparacaq. Çünki iddialı İtaliya və Xorvatiya ilə görüşdə gürcüstanlıların heç bir şansı yoxdu. Bu 2 yığma kimi Belarusun da böyük istəklə yarışa qatıldığını nəzərə alsaq, bu 3 milli arasında da mübarizənin gərginliyini qeyd etmək olar.

Avro-2017 həm də ilk dəfə postsovet məkanında təşkil olması ilə tarixə düşəcək. Çünki indiyədək nə sabiq SSRİ-də, nə də onun parçalanmasından sonra yaranan ölkələr bu turniri qəbul edib. Yarışın əsas favoritlərinə gəlincə, Rusiya ilə yanaşı, son turnirin digər 2 mükafatçısı Serbiya və Hollandiya yenidən medal qazanmaq arzusundadı. Ölkəmizdə kifayət qədər sevilən Türkiyə millisi də özünü evindəki kimi hiss edib, bundan yararlanmağa çalışacaq. İtaliya isə əvvəlki illərini xatırlatmaq üçün bütün gücünü səfərbər edəcək. Yığmamızın da medalçılar sırasına düşmək iddiasını da nəzərə alsaq, əsas mərhələ oyunlarının keçiriləcəyi Bakı gərgin və maraqlı yarışa şahid olacaq. Çünki qrup mərhələsindən sonrakı oyunların hamısı paytaxtımızda baş tutacaq.

Bir sıra mötəbər yarışlara ev sahibliyi edən Bakıda baş tutacaq həlledici qarşılaşmaların intriqasını təkcə medallar uğrunda mübarizə artırmayacaq. Çünki yüksək yer tutan komandalar növbəti Avropa çempionatına vəsiqə qazanacaq. Həmin turnirin seçmə mərhələsindən azad olmaq üçün 1/4 finala vəsiqə kifayətdi. Hətta bəzi pley-off iştirakçıları da bu güzəştdən yararlana bilər. Növbəti yarışın ev sahibləri – Türkiyə, Macarıstan, Çexiya və Polşanın ilk “səkkizliy”ə düşməsi növbəti yerlərin sahiblərinin önündə “yaşıl işıq” yandıracaq. Buna səbəb Avro-2019-da 16 deyil, 24 komandanın final mərhələsində çıxış etməsidi.

Comment here