ManşetMANŞETÜSTÜ

Şəhid zabitin xanımı: “Aqşin o döyüşlərə getməliydi, getməməyi…” – FOTOLAR

Şəhid zabitin xanımı: “Aqşin o döyüşlərə getməliydi, getməməyi…”

2018-ci ildə fevralın 24-dən 25-nə keçən gecə cəbhənin Füzuli-Xocavənd istiqamətində baş vermiş döyüşün 1 ili tamam olacaq.

Müsahibimiz şəhid mayor Aqşin Abdullayevin xanımı Xuraman Abdullayevadır.

“Aprel döyüşlərindən salamat qayıtsa da…”

Xuraman xanım deyir ki, 2017-ci ilin o qanlı gecəsində baş verənlər onun üçün çox ağır bir xəbər olub. O zamanadək həyat yoldaşı neçə dəfə qanlı döyüşlərdən sağ çıxmışdı:

“Aqşin kəşfiyyatçı idi. 2016-cı ilin aprel hadisələrində iştirak etmişdi. 15 gün onları evə buraxmamışdılar. Aprel hadisələrindən sonra Aqşin evdə mənə çox sözlər desə də, onlar gizli qalmalıdır. Aprel döyüşləri vaxtı hər səhər Aqşinin zəngini gözləyirdim. Çox narahat idim. Fikirləşirdim ki, hər an nəsə baş verə bilər. Aqşin də şəhid ola bilərdi. Çünki aprel döyüşləri zamanı tez-tez şəhid xəbərləri alırdıq. Çalışırdım ki, özümü ələ alım. Amma Aqşin aprel döyüşlərindən sağ-salamat çıxdı, 2017-ci ilin fevralında isə evinə salamat dönə bilmədi. Heç gözləmirdim ki, belə acı sürprizlə qarşılaşa bilərəm. Onlar Bakıya qayıtmalı idilər. Sadəcə, tabutda sonuncu dəfə evlərinə gəldilər”

“Ordu barədə sirlərini aça bilməzdim”

Xuraman xanımım sözlərinə görə, məlum döyüşlərdən əvvəl həyat yoldaşı sanki başının üzərində təhlükə olduğunu hiss edirmiş:

“Son bir ayda Aqşin çox fərqli idi. Heç vaxt dilinə gətirmədiyi sözləri hər gün deyirdi. “Müharibə şəraitində yaşayırıq. Hər şeyə hazır olmalıyıq” deyirdi. Sanki başının üzərində təhlükə olduğunu hiss edirdi. Həm də Aqşin briqadanın kəşfiyyat rəisi idi. Bilirdi ki, nəsə bir hadisə olacaq. Həmişə cəbhəboyu keçidlər olacağını öncədən mənə deyirdi və bu, ikimizin arasında qalırdı. Bu barədə heç kəsə demirdim. Onun ordu barədə sirlərini aça bilməzdim. Amma 2017-ci ilin fevralında baş verəcəklər barədə mənə bir kəlmə də deməmişdi. Bəlkə də yenicə ana olmuşdum deyə, narahat qalmağımı istəmirdi”.

“Uşaqları çox sevirdi”

Şəhidin xanımı Aqşinlə ilk tanışlıqlarından da bəhs edib:

“2 bacının nəvələriyik. İkimizin də razılığı əsasında ailə qurmuşuq. Aqşin Ali Hərbi Məktəbdə, mən isə universitetdə oxuyurdum. 13 il evli qaldıq. Evli olduğumuz müddətdə Aqşinin işi ilə bağlı bir çox yerlərdə məskunlaşmalı olmuşuq. Buna görə heç bir narahatlıq keçirməmişəm. O, hərb işini çox sevirdi. Amma son vaxtlar yorulduğunu deyirdi. Bir neçə ildən sonra təqaüdə çıxacaqdı. Həyatımızın elə vaxtında bizi tərk edib getdi ki, onsuzluğu hər dəqiqə hiss edirik.

Xüsusi bayramlarda heç vaxt evdə ailəsinin yanında ola bilmirdi. İl ərzində 3, ya da 4 bayramdan birində evə gələndə sevinirdik. Uşaqları lap çox sevirdi. Həmişə deyirdi ki, “çox uşağımız olsun”. Həmişə deyirdi ki, “uşaqlara bir söz demə. Mənim nəfəsim onlara bağlıdır”.

“Təsəllim odur ki…”

Xuraman Abdullayeva deyir ki, həyat yoldaşının şəhidlik zirvəsinə yüksəlməsi onun üçün fəxrdir.

“Aqşinin yoxluğu mənə ağır gəlsə də, onun şəhidlik zirvəsinə yüksəlməsi ilə fəxr edirəm. O, bu vətən uğrunda şəhid olub. Onlar 5 nəfər idilər. Aqşin o döyüşlərə getməyə bilməzdi. O, getməli idi. Getməməsi qəbahət olardı. Aqşın kəşfiyyatçı olaraq öz əsgəri ilə əl-ələ tutub haqqın dərgahına qovuşan şəhiddir. Belə şəhidlik tarixdə az hallarda olur. Ona heç nə olmayacağını düşünürdüm. Xəbəri eşidəndə isə dəliyə dönmüşdüm. Çünki Aqşin işini çox yaxşı bacarırdı. Bütün keçidləri yaxşı tanıyırdı. Ola bilməzdi ki, o, ələ keçsin. Hələ də içimdə onun şəhid olmasında kənar bir izin olduğu qənaətindəyəm.

Təsəllim odur ki, Aqşin döyüşlərdə qəhrəmanlıq göstərib. Bu gün Aqşin həyatda olmasa da, gözləri arxada nigaran qalmayıb. Çox vaxt uşaqlar atalarını istəyəndə, atasızlığa görə pis olanda deyirəm ki, “atanız şəhid olub. Buna görə ancaq fəxr edə bilərik. O, daim bizimlə yaşayır”. Qadını olaraq rahatam ki, Aqşinin yeri cənnətdir. Bundan gözəl bir şey ola bilməz. Uşaqlarım mənim üzümdə gülüş axtarır. Ona görə də gülməyə çalışıram. Hisslərə qapılıb yaşaya bilmərəm. Aqşin də uşaqların rahat böyüməsini istəyərdi”.

Mənbə: modern.az
Şəhid zabitin xanımı: "Aqşin o döyüşlərə getməliydi, getməməyi..." - FOTOLARŞəhid zabitin xanımı: "Aqşin o döyüşlərə getməliydi, getməməyi..." - FOTOLAR

Comment here