GündəmManşetMANŞETÜSTÜ

Rusiyalı azərbaycanlı vəkil

Vəkil Elnur Hacıyev: “Erməni həmyaşıdı ilə rinqə çıxmazdan əvvəl 11 yaşlı oğluma dedim ki, erməni bizim düşmənimizdir. Mənim dayım oğlu Əbu Bəkiri ötən ilin aprelində ermənilər öldürüb. Sən onun qisasını almalısan”

Vəkil Adəm Məmmədovu təqdim etməyə ehtiyac yoxdur. Qəzetimizin fəal oxucularından və hüquq məsləhətçisi olan A.Məmmədov indiyə qədər aldığı 40-a yaxın bəraət işi və prinsipiallığı ilə artıq respublikada tanınmış vəkildir. Elə bunun sayəsində də özünün layihəsi olan və Lider TV-də hər bazar günü saat 22:00-da yayımlanan “Hüquq və Ədalət” verilişi də artıq geniş reytinq qazanmaqdadır. Bu günlərdə, bildiyimiz kimi, Milli Məclis nümayəndəlik institutunun ləğv edilməsi haqqında qanun qəbul edib. Onu da qeyd edək ki, həm Milli Məclisdə bəzi deputatlar tərəfindən, həm də hüquqşünaslar, vəkillər, həmçinin geniş içtimaiyyət nümayəndələri tərəfindən bu qanunun qəbulu etirazla qarşılanıb. Səbəb də, vətəndaşların məhkəmələrdə müdafiəsiz qalacağı qorxusudur.

Bütün bunlar barədə söhbətləşmək üçün Adəm Məmmədovla görüşmək qərarına gəldik. Görüşümüz zamanı o, Moskvadan gəlmiş qonağı ilə məni tanış etdi və bildirdi ki, biz səninlə sonralar da söhbət edə bilərik: “Ancaq Moskavadan gəlmiş qonağımız Elnur Hacıyev bir neçə gün Bakıda olacaq. Çox maraqlı bir insandır və inanıram ki, o, həm sizin qəzet, həm də oxucular üçün maraqlı persona kimi qəbul ediləcək”. Onu da öyrəndik ki, E.Hacıyev Adəm Məmmədovla Moskvada magistraturanı bir yerdə oxuyublar.
Beləliklə, Moskvada yaşayıb-işləyən Elnur Hacıyevlə tanış olduq. Məlum oldu ki, doğrudan da, vəkillik fəailiyyəti ilə məşğul olan E.Hacıyev Moskvada Azərbaycanın adının uca tutulması yolunda əsl vətənpərvərlik göstərir. O da məlum oldu ki, ötən il Aprel döyüşlərində ermənilər tərəfindən vurulan “Mİ-24” vertalyotunun şəhid olan ekipaj üzvlərindən Əbu Bəkir İsmayılov E.Hacıyevin dayısı oğludur. Həmin şəhid pilotları, Təbriz Musazadə və Urfan Vəlizadəni bir-birindən ayırmayan E.Hacıyev Moskvada onların 3, 7, 40 və il mərasimini təşkil edib.
Elə bu yerdə istəyirəm oxucularımız üçün 27 ildir Moskvada yaşayan və Rusiya vətəndaşı olan dəyərli həmyerlimiz Elnur Hacıyevin tərcümeyi halına qısa nəzər salaq:647.jpg
Hacıyev Elnur Fazil oğlu, 20.03.1972-ci ildə Kürdəmirdə anadan olub. 1989-cu ildə Kürdəmir rayonundakı hərbi şəhərçikdə yerləşən 5 nömrəli məktəbin rus bölməsini bitirib. 1990-92-ci illərdə Moskvada əsgərlik xidmətini keçib. 1993-cü ildə çox məşhur olan Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsinə daxil olub və 1998-ci ildə təhsilini başa vurub. Sonrakı illərdə həmin universitetin magistraturasını bitirib. 2006-cı ildən Moskvada 100-dən çox vəkili özündə birləşdirən “Titul” Vəkillər Kollegiyasının sədr müavinidir.
Ailəlidir, 4 övladı var.
Əlbəttə, soydaşlarımızın Rusiyada müxtəlif ticarət, tikinti sahələrində işlədiklərindən məlumatımız var. Düzdür, rusiyalı azərbaycanlıların müxtəlif dövlət qrumlarında çalışdıqlarından da məlumatlıyıq. Ona görə də Rusiya kimi nəhəng bir dövlətdə vəkil kimi fəaliyyət göstərən Azərbaycanlının fəaliyyəti istər-istəməz maraq doğurur. Elə bu səbəbdən ilk sualım da son günlər aktual olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı oldu. Bu prosedura vəkil kimi Elnur Hacıyevin mövqeyni öyrənmək istədik:
-ÜAK-ın ləğvi Rusiya Ali Məhkəməsinin çox mənfi bir qərarıdır. Əlbəttə, bir hüquqşünas kimi mən ÜAK-ın ləğvinə heç bir əsas görmürəm. Bu təşkilat milyonlarla azərbaycanlıların bir ocağı idi. Rusiya Ali Məhkəməsinin bu təşkilatın ləğvi haqqında çıxardığı qərarını necə Azərbaycana qarşı dost addım saymaq olar?
– Elnur müəllim, ÜAK-ın ləğvində erməni təsiri nə dərəcədə rol oynayıb?
– Bunu danmaq olmaz. Son vaxtlar erməni lobbiçiliyi bütün ciddi-cəhdlə Azərbaycana zərbə vurmağa çalışır. Çünki son 10 ildə prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu çox yüksəlib. Qarabağ probleminin həllində Ermənistanın mövqeyi olduqca zəifləyib. Bu da erməni diasporasının nümayəndələrini çox ciddi narahat edir. Ona görə də imkan düşdükcə Azərbaycana zərbə vurmağa çalışırlar. ÜAK-ın ləğvi də bu prosesin tərkib hissələrindən biridir. b_550_325_16777215_00_images_xeber_sekilleri_24oktyabr2017_646.jpg

“İmkanlı azərbaycanlılarımızın Rusiyanın televiziya kanallarına, qəzetlərinə, saytlarına çıxış əldə edə bilməməsi təəssüf doğurur…”
– Bəs Azərbaycan diasporasının cavab addımları atmaq üçün imkanı nə yerdədir?
– Əlbəttə, əlində, imkanı olan azərbaycanlılar buna biganə qalmır. İmkan düşdükcə bu yöndə çalışmalar göstəririk. İnformasiya müharibəsində, açıq demək lazımdır ki, bizim diaspora hələ ki, erməni diasporasına çata bilmir. Bunun da bir neçə obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər deyəndə, bütün Azərbaycan diasporasını vahid mərkəzdən idarə edə biləcək güclü bir təşkilatın formalaşa bilməməsidir. Subyektiv səbəblər isə çoxdur. Bunlardan biri də imkanlı azərbaycanlıların Rusiya televiziya kanallarına, qəzetlərinə, saytlarına çıxış əldə edə bilməməsidir. Daha doğrusu, buna bir o qədər cəhd etmirlər. Rusiyanın istər qəzet və saytlarında, istərsə də televiziya kanallarında yetərincə ermənilər fəaliyyət göstərirlər.
“Rusiyanın RBK televiziya kanalı satışa çıxarılıb, bizim milyonçulardan biri həmin kanalı niyə almır???”

– Bu da onlara imkan verir ki, öz təbliğatlarını aparsınlar və Azərbaycanın əleyhinə dezinformasiyalar yaysınlar. Sizə bir detalı açıqlamaq istəyirəm. Rusiyanın RBK adlanan çox müstəqil və nüfuzlu bir televiziya kanalı fəaliyyət göstərir. Özü də Rusiya ərazisində və xaricdə çoxsaylı izləyiciləri var. 6 aydır həmin kanal satışa çıxarılıb. Bir azərbaycanlı qabağa durmur ki, həmin kanalı alıb ermənilərlə informasiya müharibəsində yarışa bilək. Onu imkanlı bir azərbaycanlı da ala bilər, ya da birləşib həmin kanala sahib olmaq olar. Belə imkanı əldən buraxmaq olmaz. Bir az da keçsə, görəcəyik ki, həmin kanalı da ermənilər alıb, oradan da əleyhimizə yalanlar püskürməyə başlayacaqlar. Belə məsələlərdə bizim diaspora geri qalır. Amma ümid edirəm ki, tezliklə bu problem də həllini tapacaq. Çünki Azərbaycan dövləti son illər diasporanın fəaliyyətinə ciddi köməklik edir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Moskavadakı Azərbaycan səfirliyi ilə birlikdə bu yöndə xeyli işlər görür.
– Elnur müəllim, sədr müavini olduğunuz “Titul” Vəkillər Kollegiyasında sizdən başqa azərbaycanlı vəkillər varmı?
– Bildiyiniz kimi, mən 10 ildən çoxdur bu vəzifədə çalışıram və kollegiyada 100-dən çox vəkil var. Mənim çalışdığım dövrdə 20-dən çox azərbaycanlı vəkilin kollegiyaya qəbul edilməsinə nail olmuşam. Əlbəttə, bu sayı artırmaq fikrindəyəm.
– Hüquqlarının qorunması üçün azərbaycanlılar müraciət edirmi və ən çox hansı məsələlərdə sizə üz tuturlar?
– Adətən deyirlər ki, cinayətkarın milliyyəti olmur. Əlbəttə, azərbaycanlıların da Rusiyada müxtəlif kriminal hadisələrdə adları keçir. Ancaq miqrasiya sahəsində hüquqları pozulan azərbaycanlılar daha çox müraciət edir. Biz də maksimum onların hüquqlarını qorumağa çalışırıq və qələbə də qazanırıq.
– Bəs ermənilər necə, sizə müraciət edirmi və onların da hüquqlarını qoruyursunuzmu?
– Biz vəkil olaraq istətnilən vətəndaşın hüquqlarını qorumalıyıq. Hər hansı bir səbəbə görə imtina etmək vəkillik etikasına ziddir. Ancaq mən vəkil olmazdan əvvəl azərbaycanlıyam. Erməninin də bizim üçün nə olduğunu yaxşı bilirəm. Ona görə də ermənilər müraciət edəndə o işləri başqa millətdən olan vəkillərə veririk. Heç bir azərbaycanlı, qeyd etdiyim kimi, vəkillik etikasına zidd olsa da, erməninin hüquqlarını müdafiə etməz. Mən hətta, evdə uşaqlarıma da bu hissi aşılamışam ki, erməni bizim düşmənimizdir. Sizə bir maraqlı məqamı çatdırmaq istəyirəm. 11 yaşlı oğlum bu yaxınlarda karate üzrə yarışda Rusiya birinciliyinə çıxmışdı. Finalda həmyaşıdı olan erməni ilə görüşməli idi. Yarışdan öncə oğluma bunları dedim:

“Oğlum, erməni bizim düşmənimizdir. Mənim dayım oğlu Əbu Bəkiri ötən il apreldə ermənilər öldürüb. Sən onun qisasını almalısan”. Oğlum bu sözlərin təsirindən ruhlanıb rinqdə ermənini elə əzişdirmişdi ki, hamı heyran qalmışdı. Hətta erməni uşağın atası “Mənim belə oğlum yoxdur” deyərək əsəbi şəkildə uşağı orada qoyub getmişdi… Biz Rusiyada yaşayan azərbaycanlılar vətənə çox bağlıyıq. Biz həmişə vətənlə nəfəs alırıq. Torpaqlarımızın işğal günlərini anırıq, milli bayramlarımızı yüksək səviyyədə qeyd edirik.
– Azərbaycanı unutmadığınıza və övladlarına da vətənpərvərlik hissi aşıladığınıza görə təşəkkür edirik. Amma bir məsələ də bizim üçün maraqlıdır. Sizin vəkillik instututuna təbii ki, başqa millətlərdən olan insanlar da müraciət edirlər. Ona görə də bilmək istəyirik ki, MDB məkanında olan keçmiş Sovet respublikalarından olan insanların cinayətlərini xarakterizə edə bilərsinizmi?
– Çox maraqlı sualdır. Əlbəttə, xarakterizə edə bilərəm. Ermənilər ən çox “moşennik”liyə, yəni dələduzluğa meyl edirlər. Adamı aldadaraq külli miqdarda pullarını mənimsəmək onlar üçün adi haldır. Taciklər narkotika sahəsində ad çıxarıblar. Şimali Qafqaz xalqlarından olanlar adətən adam oğurluğu, öldürmək, “razborka” işləri ilə məşğul olurlar. Azərbaycanlılar arasında da kriminala meylliləri var. Təəssüf ki, bu kriminallar çox vaxt azərbaycanlıların öz aralarında olur. Bu da olduqca utancvericidir. Yəni hər bir millətin özünə görə xarakterik cinayətləri var ki, bunların hər biri ilə üzləşirik.
– Elnur müəllim, “Təzadlar”a verdiyiniz maraqlı müsahibəyə görə Sizə təşəkkür edirəm. Dostumuz Adəm Məmmədova da minnətdarlığımızı bildiririk ki, belə ziyalı bir azərbaycanlı ilə bizim tanış etdi. Sizə vəkillik fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.
– Mən də sizə təşəkkür edirəm ki, mənə qəzetinizdə yer ayırırsınız və oxucularla tanış edirsiniz. Çox sağ olun!

Elçin Məmmədli (Təzadlar)

Comment here