Siyasət

Rusiya Qərbi qabaqladı… — Putin hansı mesajları verdi?

Dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında baş tutacaq görüşlə bağlı müxtəlif proqnozlar verilir və mülahizələr irəli sürülürdü.

Ancaq dünən Kremlin yaydığı məlumat situasiyanı tamamilə dəyişdi: Noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək.

Brüssel görüşünə qədər Moskvanın hər hansı qabaqlayıcı addım atacağı ehtimalı yüksək idi.

Brüssel görüşündən əvvəl liderlərin Soçidə keçiriləcək görüşünün təyin olunması isə Putinin Qərbə və region dövlətlərinə verdiyi növbəti mesaj idi: “Regionun sahibi Rusiyadır və burada Rusiyanın iradəsindən kənar heç bir ciddi hadisə baş verə bilməz”.

Biz istəsək də, istəməsək də verilən real mesaj bundan ibarətdir.

Rusiya 44 günlük müharibəni başa çatdıran 10 noyabr üztərəfli razılaşmasına imza atıb və belə bir razılaşmaya imza atan Moskvanın Azərbaycan-Ermənistan arasındakı münasibətlərin bundan sonrakı həllində Qərb dövlətlərinin iştirakına imkan verəcəyini düşünmək sadəlövhlük olardı.

Məsələ bundadır ki, keçmiş possovet ölkələri arasında Rusiya ilə etibarlılıq mühiti çox yüksək olan yeganə ölkə məhz Azərbaycandır.

Bəs bu etibarlılıq mühiti nədən ibarətdir? Söhbət uzunmüddətli, davamlı və qarşılıqlı münasibətlər sistemindən gedir. Postsovet ölkələri içərisində Rusiya üçün ən əhəmiyyətli ölkə Azərbaycandır. Əgər Azərbaycan maraqlarını dəyişsə, Rusiya növbəti uçurumun kənarına çıxarılmalı olacaq. Təbii, bu da baş verməyəcək. Çünki Azərbaycan özünün siyasi stretagiyasını hansısa dövləti uçurumun kənarına çıxarmaq niyyəti üzərində qurmur. Azərbaycan üçün əsas məqsəd müxtəlif dövlətlərlə olan münasibətlərini öz milli maraqları çərçivəsində qurmaqdır.

SSRİ-nin dağılmasından sonra yaranan müstəqil dövlətlərin əksəriyyəti ABŞ-ın nəzarəti altına keçdi. Bu ölkələr üzərində yeni “kuratorluqlar” da qurulub. ABŞ hələki Rusiyanı siyasi-iqtisadi məngədənə boğur. 30 il vaxt keçib və keçmiş SSRİ ölkələrinin iqtsiadi-siyasi mənzərəsi bunu deməyə əsas verir. Gürcüstan Rusiyanın əlindən çıxıb, hətta iki ölkə arasında 2008-ci ildə müharibə də baş verdi. Ancaq bu da nəticəni dəyişmədi, Tiflis ABŞ-ın fospostuna çevrildi. Ermənistanda baş verən proseslər Qərbin orada hansı dərəcədə ciddi siyasi rıçaqlara malik olduğunun göstərmiş oldu. Rusiya Ukraynanı çoxdan itirib, 2014-cu ildə Krımın ilhaqı (əslində işğal) ilə iki ölkə arasındakı bağlar tamamilə qırıldı. Hər iki ölkənin qarşılıqlı hərbi təhdidləri bu günkü mənzərəni şərtləndirir, əgər bundan sonra Rusiya-Ukrayna arasındakı münasibətlərdə istiləşmə baş versə də, bu, heç nəyi dəyişməyəcək, müsbət dinamika müşahidə olunmayacaq. Bir müddət əvvəl Belarusda baş verən dağıdıcı proseslər də ciddi siyasi böhrana səbəb olub. Elcəcə də Belarusla Aİ arasında ciddi miqrant krizisi yaşanmaqdadır. Moldova da özünün Qərb yönümlü addımları ilə Moskvanı vacib “kart”lardan birindən məhrum edib.

Maraqlıdır ki, Azərbaycanın əksər strateji layihələri Qərblə qurulub. O zaman niyə ölkəmizdə Rusiya ilə Qərbin maraqları toqquşmur? Azərbaycan həm Rusiya, həm də Qərb ölkələri ilə zədəsiz münasibətlər sistemini necə qura bilib? Bakı nə edir ki, Qərblə Rusiya toqquşan maraqlarının qurbanına çevrilmir? Axı digər postsovet ölkələrində bunun mümkünsüz olduğu ortaya çıxdı, onlar gec-tez “tərəf” seçməyə məcbur oldular. Azərbaycan isə belə bir seçim qarşısında qalmayıb. Öncə nəzərə almaq lazımdır ki, ərazisinə görə dünyanın ən böyük dövləti olan Azərbaycanın şimalda Rusiya ilə böyük – 390 km-lik sərhədi var. Elə təkcə bu amilin özü bizi Rusiya ilə münasibətlərdə məntiqli və təmkinli olmağa vadar edir.

Qeyd edim ki, vaxtilə “balanslaşdırılmış” siyasət ifadəsi boş yerə dövriyyədə cərəyan etmirdi. Bunun əsası, bünövrəsi, kökü var idi. Məsələ bundadır ki, Azərbaycanın müstəqil xarici siyasət kursunun əsası zərgər dəqiqliyi ilə və düzgün şəkildə qurulmuşdu. Mərhum prezident Heydər Əliyev tərəfindən qurulan bu siyasət kursu on illiklər boyu Azərbaycanı ağır seçim qarşısında qoymaqdan xilas edəcək. Bu gün Qərblə Rusiyanın Azərbaycanı “ortaq krizis məkanı”na çevirə bilməməsinin əsas səbəbi də məhz budur. Hətta Azərbaycan özü istəsə belə müstəqil siyasət kursunun koordinatlarını asanlıqla dəyişə bilməz. Çünki bu kurs 28 il ərzində monolit şəkil alıb. Azərbaycanın hər hansı göznilməz addımı regionun siyasi mənzərəsini tamamilə dəyişə bilər.

Prezident İlham Əliyevin ölkənin müstəqil xarici siyasətini xüsusi həssaslıqla davam etdirdiyini və qlobal dəyişikliklərə uyğun şəkildə Azərbaycan üçün yeni hədəflər müəyyənləşdirdiyini görüb qəbul etməmək mümkün deyil. Uzun-uzadı şərhsiz qeyd etmək lazımdır ki, İ.Əliyev işi doğru-düzgün və praqmatik şəkildə qurub. Milli maraqların dövləti müdafiəsi İ.Əliyev üçün əsas şərtdir və onun verdiyi qərarlar dərin biliklərə və tarixi reallıqlara əsaslanır.

Rusiya ilə münasibətlərin mövcud durumunu və şimal qonşumuzun proseslərə təsir imkanlarını kütlə psixologiyası ilə qiymətləndirmək doğru olmazdı. Əgər kütlənin ixtiyarına buraxsaq, biz bir neçə istiqamətdə və təcili şəkildə müharibə başlamalıyıq: Şimalda Rusiya ilə, cənubda İranla, Qərbdə də Ermənistanla müharibəyə başlamalıyıq. Özü də eyni vaxtda! Bəli, kütlə psixologiyasının real miqyası və konturları bura qədər işləyə bilir. Müxtəlif internet tv-lərdə edilən boğazdan yuxarı, pafos dolu çıxışlar, sosial şəbəkələrdə səslənən yarımçıq fikirlər dövlətin siyasi kursuna təsir edə bilməz və etməməlidir də. Kim nə qədər istəyirsə, çıxıb danışsın. Amma Azərbaycanı eyni vaxtda üç dövlətlə müharibə etməyə səsləyən şüursuz jurnalistlər və uğursuz partiya sədrlərinin də pafos dolu çıxışları da bizə lazımdır.

Ancaq milli və dövləti maraqları, xalqın təhülkəsizliyini, ağıllı və məntiqli siyasəti heç vaxt kütləyə qurban vermək olmaz.

Gürcüstan və Ukraynada müxtəlif məqamlarda kütlə psixologiyası ilə hesablaşdılar. Bir qrup azğın kütlənin, sosial şəbəkə istifadəçilərinin pafos dolu bəyanatlarını dövlətin siyasət kursuna şərik etdilər. Nəticə ortadadır.

Əsas nəzərlər Soçi görüşünə fokuslanmalıdır. Belə çıxır və şəksiz deməyə əsas verir ki, gələcəkdə Ermənistanla imzalanan sülh müqaviləsi də, sərhədlərin delimitasiya və demarkasiyası da Rusiyanın vasitəçiliyi nəticəsində mümkün ola biləcək.

Erməni politoloq Beniamin Poqosyanın qeyd etdiyi kimi, Brüssel görüşü sadəcə birdəfəlik və növbəti görüş olacaq.

Putin-Əliyev-Paşinyan görüşündən sonra Brüssel görüşünün əhəmiyyəti azalacaqmı? Ümumiyyətlə, bundan sonra sonra Brüssel görüşü üçün müəyyənləşdirilən sənədlərin tərkibində hansı dəyişikliklər baş verəcək?

Comment here