GündəmManşetMANŞETÜSTÜ

Ramil Usubov BMT baş katibinin köməkçisi ilə görüşdə – FOTO

Ramil Usubov BMT baş katibinin köməkçisi ilə görüşdə – FOTO

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, respublikamızın artıq 26 il müddətində Birləşmiş Millətlər Təşkilatının üzvü olduğunu nəzərə çatdıran R. Usubov dünyanın bu ən mötəbər beynəlxalq təşkilatının ölkəmizdə fəaliyyət göstərən strukturları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əlaqələrin mövcudluğunu xatırladıb.

Qeyd olunub ki, təkcə son 5 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə daxili işlər orqanlarının 500-dən çox əməkdaşı fəal iştirak edib.

Nazir ikitərəfli münasibətlərin daha da genişləndirilərək çoxşaxəli əməkdaşlığa çevrilməsi və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini tutması üçün olduqca fəal iş aparıldığını, qlobal sülh və təhlükəsizliyin qorunması üçün məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın öz töhfəsini verdiyini vurğulayıb.

Qonağın nəzərinə çatdırılıb ki, şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər Nazirliyin daim diqqət mərkəzindədir. Belə müraciətlər operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür.

A. Zuyev isə BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.

Görüşdə Azərbaycanın BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və protokollarının iştirakçısı olaraq, bu təşkilatın bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlıq mübasibətlərinin davam etdiyi məmnunluqla vurğulanıb.

 

Comment here