Sosial

Özəlləşdirmə çekləri yenidən geri qayıdır? – “Kimin əlində özəlləşdirmə çekləri varsa, möhkəm saxlasın”

Sabiq dövlət müşaviri: “Müəyyən müddətdən sonra böyük fabrik, zavod və müəssisələrin özəlləşdirilməsinə başlanacaq. Bu zaman özəlləşdirmə çeklərindən istifadə etmək mütləq lazım olacaq”.

Özəlləşdirmə çeklərinin müddətinin 2011-ci il yanvarın 1-də bitməsinə baxmayaraq, hələ də əksər insanalrda bu çeklər qalmaqdadır. Düzdür, hazırda praktik olaraq özəlləşdirmə prosesində vauçerlərdən istifadə edilmir. Lakin əlində çekləri qalan vətəndaşlar hələ də ümidlə gözləyirlər. Bəs özəlləşdirmə çeklərinin yenidən dövriyyədə buraxılması mümkündür?

Mövzu ilə bağlı Qabil Hüseynli Pia.az-a açıqlamasında bildirib ki, gələcəkdə böyük özəlləşmə prosesində özəlləşdirmə çeklərindən istifadə olunması gözləniləndir:

“O vaxtı özəlləşdirmə prosesində qeyd olunan çeklərdən istifadə olunurdu. Özəlləşdirmədə iştirak edən şəxslər ya nazirlik nəzdində özəlləşdirmə çeklərini satan şəxslərdən, ya da bu işlə xüsusi məşğul olan alverçilərdən çekləri alırdılar. Çünki özəlləşdirilən obyektin müəyyən hissəsi pul vahidi ilə ödənildiyi halda, digər qismi bu çeklər vasitəsilə həyata keçirilirdi. Reallıq budur ki, hələ də əksər insanlarda özəlləşdirmə çekləri qalmaqdadır.

Özəlləşdirmə prosesi ilə bağlı gedişata baxsaq görərik ki, respublikada kiçik və orta özəlləşdirmə artıq başa çatmaq üzrədir. Müəyyən müddətdən sonra böyük fabrik, zavod və müəssisələrin özəlləşdirilməsinə başlanacaq. Bu zaman özəlləşdirmə çeklərindən istifadə etmək mütləq lazım olacaq. Ona görə də kimin əlində özəlləşdirmə çekləri varsa, möhkəm saxlasın. Çünki böyük özəlləşdirmədə bu çeklərdən istifadə edilə bilər. Nəticədə böyük özəlləşmədə daha çox çek lazım olacaq”.

Qeyd edək ki, özəlləşdirmə paylarının dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb və bu, iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvarın 1-dək anadan olan Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb.

Comment here