ManşetMANŞETÜSTÜ

Novruzovun şok müraciətinə hərəkatçılardan cavab

Novruzovun şok müraciətinə hərəkatçılardan cavab

Novruzovun şok müraciətinə hərəkatçılardan cavab

Adətən Milli Azadlıq Hərəkatında iştirak edən və üzdə olan insanlar hamısı bir-birini tanıyır. Vidadi İsgəndərli o hərəkatda olsaydı, ən azından, adını eşitmiş olardım.

Bu sözləri Axar.az-a Milli Azadlıq Hərəkatının liderlərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun Vidadi İsgəndərli ilə bağlı yaydığı sensasion müraciət barədə danışarkən deyib.

S.Rüstəmxanlı bildirib ki, Vidadi İsgəndərli adlı şəxsi tanımayıb:

“Milli Azadlıq Hərəkatında yüz minlərlə insan iştirak edib. Əlbəttə, hamısını tanımaya bilərəm. Ancaq o hərəkatda iştirak edən Vidadi İsgəndərli adlı adam tanımamışam. Kim olduğunu da bilmirəm. Bu adda insanın Milli Azadlıq Hərəkatına qoşulduğunu eşitməmişəm”.

Xalq Hərəkatının iştirakçısı, politoloq Zərdüş Əlizadə də 7-8 il bundan əvvələ qədər ümumiyyətlə Vidadi İsgəndərli adlı adam tanımadığını bildirib:

“Vidadi İsgəndərli haqqında son 7-8 il ərzində eşitmişəm. Yəni hüquq müdafiəçisi kimi həbs edildiyi zamanlarda tanımağa başladım. Ondan əvvəl isə ümumiyyətlə onun kim olduğunu bilmirdim.

Milli Azadlıq Hərəkatında isə qəti bilirəm ki, Vidadi İsgəndərli adlı adam olmayıb. Bütün bölgələrdən, şəhərdən, minlərlə insan tanıyıram ki, Xalq Hərəkatında iştirak edib. Şəxsən tanıdıqlarım da var, tanımayıb, adını eşitdiklərim də var. Mən Vidadi İsgəndərli adlı insan tanımamışam. Xalq Hərəkatında iştirak etsəydi, hətta şəxsi tanışlığımız olmasaydı belə, adından tanıya bilərdim. Bəlkə kimlərsə tanıyır, mən səhv edirəm?! Mən öz adımdan deyirəm ki, belə bir insan tanımamşam”.

Milli Məclisin deputatı, o dövrün fəallarından olan Araz Əlizadə də V.İsgəndərlini tanımadığını deyib:

“Gərək şəklinə baxım, görüm kimdir. Addır da, kimləsə eyni ola bilər. Ancaq mən belə bir adam ömrümdə tanımamışam. Milli Azadlıq Hərəkatında iştirak etməmişəm, ancaq orada iştirak edənləri az-çox tanıyıram. Vidadi İsgəndərlinin isə kim olduğu barədə məlumatım yoxdu”.

Qeyd edək ki, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ötən gün sensasion müraciət edib. Musavat.com-un yaydığı müraciətdə Siyavuş Novruzov Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə səslənərək, son günlər dövlət başçısını və onun ailəsini yaydığı videolarla təhqir edən, özünü illərin hərəkatçısı kimi təqdim edən Vidadi İsgəndərli adlı şəxsin Milli Azadlıq Hərəkatında olub-olmadığına aydınlıq gətirmələrini xahiş edib.

S.Novruzov müraciət etdiyi şəxslərin bir-bir adını da çəkib.

Comment here