ManşetMANŞETÜSTÜSiyasət

Mükəmməl siyasətin nəticəsi: Putin Bakını seçir…

Mükəmməl siyasətin nəticəsi: Putin Bakını seçir…

Bölgədə dəyişən siyasi tarazlıqlar fonunda Prezident İlham Əliyevin Soçi səfəri bir çox aspektdən diqqət çəkdi.

Azərbaycan və Rusiya: Sovetlər Birliyinin süqutundan sonra iki ölkə arasında xoşagəlməz proseslər yaşansa da, Bakı-Moskva xəttində müsbət çalarlar daha qabarıq nəzərə çarpır. Xüsusilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici strategiyası öz bəhrəsini verdi və eyni strategiyaya əsaslanan Prezident İlham Əliyevin düzgün manevrləri ölkəmizi Rusiya kimi regionun super dövlətinin vazkeçilməz tərəfdaşına çevirdi.

Moskva Bakıya diktə etmir, əksinə…

Proseslərin xronologiyası və analizi bunu deməyə əsas verir: Moskva Bakıya diktə etmir, əksinə, onunla hesablaşır. Soçi görüşü də dünyaya meydan oxuyan Putinin Azərbaycan liderinin siyasi çəkisinin ağırlığını qəbul edərək, onunla bir çox mühüm məsələni müzakirə etmək zərurətindən irəli gəlirdi. Bu görüşlə bağlı kiçik və maraqlı olan iki detala toxunmaq yerinə düşər.

İyunun 3-də Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi. Dəvətlilər arasında Ermənistanın Baş naziri Nikol Paşinyan da vardı. Rusiya Prezidenti Vladimir Putinin həmin mərasimdə səsləndirdiyi “Azərbaycan Prezidenti hörmətli İlham Əliyevlə avqustun 30-da (daha sonra qarşı tərəfin xahişi ilə görüş 1 sentyabra keçirildi – red.) bir çox məsələni geniş şəkildə müzakirə edəcəyik” fikirləri, əslində, Rusiyanın Bakı və İrəvan arasındakı seçimini ifadə etməsi idi. Hərçənd, indiyə qədər işğalçı Ermənistanın məhz rusların dəstəyi ilə “həyatda qala bildiyi” məlumdur. Lakin artıq Rusiya bölgədə Azərbaycanın əhəmiyyətini bir daha anlayır və indiyə qədər süfrəsində əyləşdirdiyi, indi isə ona arxa çevirən Ermənistana qapını göstərir.

Bir qədər də keçmişə gedərək, Rusiya nümayəndə heyətinin Aprel müharibəsində işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfərini və Qarabağa qayıdışın başlanğıcı olan bu kənddə “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” adlı konfrans keçirməsini yada salaq. Bu, Rusiyanın bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıması və Ermənistanın işğalçı olduğunun dolayısı ilə vurğulanması idi.

Zaman-zaman işğalçıya dəstək verən Rusiyanın bu gün üzünü Azərbaycana çevirməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir.

Soçi görüşünə də hər şeydən öncə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyi platforma olaraq baxmaq lazımdır.

Prezident Vladimir Putin bildirdi:

Rusiya Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək. Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq”.

Prezident İlham Əliyev isə bəyanatında vurğuladı:

Bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin, bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi, tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.

Liderlərin mətbuata verdikləri bəyanatlarda daha çox diplomatik dildən istifadə etdikləri məlumdur, əsas məsələ isə bağlı qapılar arxasında nələrin müzakirə edildiyidir.

Proseslərin analizi, xüsusilə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Moskva-İrəvan xəttində baş verənlər İlham Əliyevlə Putinin Soçi görüşündən sonra Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm irəliləyişlərin olması ehtimalını ön plana çıxarır.

Paşinyanı hakimiyyətə Qərbin, daha dəqiq desək, ABŞ-ın gətirdiyi şübhəsizdir. “Rəngli inqilab” adı verdikləri Ermənistandakı proseslərin inkişafı da məhz Qərbin dəst-xətti idi. ABŞ Rusiyaya cəbhə açmaq planını işə salıb. Ermənistanın yeni sahiblərinin atdığı addımlar da – istər rus hərbi bazasını ölkədən çıxarmaq, istər rus sərhədçilərinin statusuna yenidən baxmaq istəyi, istər Panik kəndində rus hərbiçiləri ilə baş verən qalmaqal, istərsə “1 mart işi” üzrə cinayət işinin açılması və s. – Rusiyaya cənub sərhədlərindən zərbə endirmək planının bir hissəsidir.

Rusiya Cənubi Qafqazda əsas forpostunu itirmək təhlükəsi ilə üz-üzə qalıb və onun üçün cənub sərhədlərinin möhkəmləndirilməsi hazırda həyati əhəmiyyət daşıyır. Təbii ki, bu gün Moskva üçün Bakıdan yaxşı seçim yoxdur, xüsusilə, Azərbaycanın regional gücü və Azərbaycan liderinin milli maraqlara söykənən xarici siyasəti Rusiyanın diqqətini ölkəmizə çəkir. Əslində, Rusiya nümayəndə heyətinin Cocuq Mərcanlıya səfəri Moskvanın Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ konfliktinə baxışını açıq şəkildə ifadə etməsi idi. Bu baxımdan, Soçi görüşünün Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi dönüş ola biləcəyi fikri proseslərin ana xəttidir.

Mümkün ssenarilər:

a) Rusiya Ermənistana hərbi dəstəyini azalda və Azərbaycan Ordusunun işğal altındakı ərazilərin azad edilməsi üçün beynəlxalq hüquqa əsaslanan antiterror əməliyyatlarını dəstəkləyə bilər.

b) Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri postundan istifadə edərək, münaqişənin həlli ilə bağlı danışıqlar prosesini ölü nöqtədən tərpədə və problemin beynəlxalq hüquq çərçivəsində həllinə nail ola bilər.

Sankt-Peterburq razılaşması

Bu məqamı unutmaq olmaz. 2016-cı ildə Aprel müharibəsindən sonra Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən Sankt-Peterburq görüşündə Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli ilə bağlı razılığa gəldi. Həmin vaxt rəsmi İrəvan razılığın olduğunu təkzib etsə də, bu, baş verənləri erməni ictimaiyyətindən gizlətmək cəhdindən başqa bir şey deyildi. Rəsmi Bakı isə Sankt-Peterburq danışıqları zamanı Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun dilindən detalları açıqladı.

“Münaqişənin həlli “mərhələli həll” planına uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum keçirilir”, – deyə N. Məmmədov həmin vaxt bildirmişdi.

Sonra Ermənistan daxilində baş verənlər, xüsusilə Sasna Çrer qiyamı prosesin dayanmasına səbəb oldu. Həmin vaxt Ermənistanda Rusiyanın dəstəklədiyi hakimiyyətin olması da Moskvanın hərəkətə keçməməsinin əsas səbəb idi.

Lakin indi situasiya dəyişib. Digər tərəfdən, Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməməsi həm də Rusiya diplomatiyasına vurulmuş zərbədir. Rusiyada dəfələrlə Paşinyanın keçmiş razılaşmaları yerinə yetirməsinin vacibliyi haqqında fikirlər səsləndirilib. Hesab etmək olar ki, Rusiya həm illərdir bəslədiyi Ermənistanı mərkəzdənqaçma siyasətinə görə cəzalandırmaq, həm Azərbaycanın etibarını qazanmaq, həm də öz diplomatiyasına vurulmuş zərbəni aradan qaldırmaq üçün münaqişənin həlli ilə bağlı nəsə etməli olduğunun fərqindədir.

Məhz burada Azərbaycan Prezidentinin güclü strategiyası ön plana çıxır. Proseslərin inkişafı deməyə əsas verir ki, Azərbaycan lideri tələsmədən, həm də gecikmədən, zamanına uyğun şərait formalaşdırır.

Azərbaycan və Rusiya: iqtisadi perspektivlər

Azərbaycan və Rusiya dövlət başçılarının bu görüşü ikitərəfli münasibətlər, xüsusilə iqtisadi əlaqələr üçün də yeni imkanlar açacaq. Liderlərin görüşündə 15 sənədin imzalanması da bu əlaqələrin inkişafından xəbər verir.

Mümkündür ki, Soçi görüşündə Rusiyanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmaq istəyi də müzakirə olunub.

Avropa Azərbaycan qazına alternativ kimi baxır. Ancaq Bakı üçün vacib olan iqtisadi münasibətlər, ölkənin milli maraqlarıdır və bütün tərəflərin iqtisadi əməkdaşlığının mümkünlüyü və bu layihələrdən xeyir götürmə faktını ortaya qoyur.

Rusiyaya qarşı iqtisadi sanksiyaların getdikcə artdığı bir məqamda Azərbaycan heç bir siyasi bloka qoşulmadan, yalnız öz maraqları üçün qonşuları ilə iqtisadi əlaqələrini yüksək səviyyədə tutmaq siyasəti yürütdüyünü daim isbatlamaqdadır. Rusiyanın iqtisadi ianələrinin azalmasından istifadə edərək Qərbin ağuşuna qaçan və maliyyə dəstəyi üçün “strateji müttəfiq” olduğu Rusiyanın geopolitik maraqlarını satan, bununla da əslində bölgənin siyasi-iqtisadi mənzərəsinə mənfi tendensiyalar əlavə edən İrəvandan fərqli olaraq, Bakının siyasəti qarşılıqlı iqtisadi mənfəət götürmək üçün bütün bazarlarla normal iqtisadi əlaqələr yaratmaq, xalqların rifahı, “qazanmaq və qazandırmaq” prinsipidir.

Beləliklə, heç bir siyasi-iqtisadi bloka qoşulmadan, neytral siyasəti ilə bütün dövlətlərlə iqtisadi əlaqələrini inkişaf etdirən Azərbaycan sabit, stabil siyasəti, qəti, birmənalı, dəyişməyən mövqeyi ilə “Qafqazın İsveçrəsi”nə çevrilməkdədir.

Azərbaycanın bu mövqeyinin daim qorunmasına dəstək vermək isə bütün ölkələrin, o cümlədən Rusiyanın milli və təhlükəsizlik maraqları baxımından olduqca önəmlidir.

Fakttv.com

 

Comment here