Siyasət

Mehriban xanım müasir və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi

Mehriban xanım müasir və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi.

Dünya iki qüvvənin əbədi mübarizəsi üzərində qurulub: xeyir və şər qüvvələr. Xeyir qüvvələrin qalib gəldiyi yerlərdə şəfqət və mərhəmət əbədi zəfər çalmış olur. Ulu Öndərimiz vaxtilə məşhur bir müsahibəsində demişdi: “Qoy ədalət zəfər çalsın!” Əlbəttə ki, bütün bunlar mənəviyyata bağlı məsələlərdir. Mənəviyyat hardadır, ədalət, düzgünlük, insanpərvərlik, dürüstlük, nəciblik, alicənablıq kimi keyfiyyətlər də ordadır. Bu gün bu kimi nəcib missiyanı yüksək mənəvi məsuliyyət hissi ilə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ön sırada dayanır.
“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.” Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Qadın yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur.
Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başladı. Mehriban xanım hələ gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib. Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, müasir və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi namınə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Onun fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki, “Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələri verən ictimai-siyasi xadimdir

Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan müasir dövrdə ölkəmizin birinci xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına  nümunədir. O, müasir Azərbaycan  qadın hərəkatının lideri kimi dövlətimizin  tərəqqisi naminə  geniş  fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir  məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.
Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına  nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Mən xüsusilə Mehriban xanımın Birinci xanım institutunun yaranmasındakı rolunu qeyd etmək istərdim. Postsovet məkanında ictimai həyatda fəal iştirak edən çox az ölkə başçısının xanımının adı çəkmək olar. Lakin, Mehriban xanımın fəaliyyəti, digər Birinci xanımları da  aktiv olmağa sövq etdi. Mehriban xanım müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında dediyi fikri xatırlatmaq istərdim: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür…” Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır.  Və əlbəttə ki, heç  təsadüfi deyil ki, cənab Prezident onun ictimai-sosial həyatda aktiv fəaliyyətini, uğurlu layihələrini nəzərə alaraq, Respublikanın Birinci Vitse-prezidenti təyin etdi.
O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir. O, ictimai düşüncədə “bir çox sosial problemləri yalnız dövlət həll etməlidir”  kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu. Bu, çox önəmli məsələdir. Mehriban xanım insanlarda sosial məsuliyyət hissinin yaranmasına və ictimai işlərdə fəal olmağa sövq etdi. Və bu gün xeyli sahibkarlıq strukturları, təşkilatlar xeyriyyə işləri görür, bunu bir borc kimi qəbul edirlər.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Mehriban xanım Əliyevanın fəaliyyəti humanizm meyarına söykənir

Şərqlə Qərbi özündə birləşdirən Azərbaycan milli-mənəvi dəyərləri ilə sivilləşir, dünyaya inteqrasiya prosesi sürətlənir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində görülən bu və ya digər işlər dövlətin maraqlarını ifadə edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.
Heydər Əliyev Fondunun loqosundakı göy və qızılı rənglər artıq bu qurumun fəaliyyətindən çox məqamları əks etdirir. Səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi ifadə edən göy rəng həm də milliliyin göstəricisidir. Qızılı rəng isə günəş, sülh, inkişaf, işıqlı gələcək simvolu deməkdir. Hər iki rəng Ümummilli Lider Heydər Əliyevin istək və arzularını, ideyalarını əks etdirir ki, fond da fəaliyyətə başladığı zamandan bu ali dəyərləri, məfhumları gerçəkləşdirmək yolundadır.
Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir. Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir: “İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”. Belə mənəvi dəyərlərə malik olan bir Azərbaycan xanımı “Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin”- deyir. Əslində, onun gördüyü bu işlər Azərbaycanı yaşatmaq siyasətidir. Azərbaycanı tanıtmaq siyasətidir. Azərbaycanı olduğu kimi dünya ponaramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla, mədəni körpülər vasitəsilə siyasət həyata keçirilir. Ehtiyacı olan insanlara yardım edir, mənəvi dünyasının qapılarını onların üzünə açır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında qeyri-maddi mədəni irsin qorunmasına müstəsna töhfələr verir

Bu gün Azərbaycan dünyada öz mütərəqqi inkişaf modeli, ictimai-siyasi sabitliyi və davamlı tərəqqisi ilə tanınır. Ölkəmizin dünyaya yeni və daha mütərəqqi dəyərlər təqdim etməsi, milli maraqlarımızın ləyaqətlə qorunması xalqımızın milli-mənəvi xarakterini ifadə edir, eləcə də dövlətimizin qüdrətini və nüfuzunu nümayiş etdirir. Əlbəttə, qazanılan hər uğurun arxasında dərin ictimai və milli məzmun daşıyan fəaliyyətin rolu olduqca böyükdür. Bu mənada əminliklə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nin və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli, çoxşaxəli və ali məramlara söykənən fəaliyyəti ölkəmizin inkişafının sürətləndirilməsi, müsbət beynəlxalq nüfuzunun daha da artırılması və davamlı nailiyyətlərin əldə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın öz Vətəninə, xalqına və dövlətinə böyük məhəbbət və rəğbətdən qaynaqlanan fəaliyyəti dərin ictimai məzmun daşıyır. Yəni bu fəaliyyət, qeyd etdiyimiz kimi, müxtəlif sahələri əhatə edir, həm ölkə həyatının bütün sahələrində mühüm inkişaf göstəricilərinin əldə olunmasında, həm də ölkə sərhədlərindən kənarda Vətənimizin ləyaqətlə təmsil olunması istiqamətində böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, Mehriban xanım Əliyevanın cəmiyyətin bütün təbəqələrinin mənafelərini qoruyan, həmçinin humanist, xeyriyyəçi yanaşması, qayğıkeşlik və himayədarlıq nümunəsi yaratması da onun fəaliyyətinin böyük ictimai məzmununu nümayiş etdirir. Bu gün əminliklə deyə bilərik ki, Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır.
Qeyd etdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidentinin ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir. Bu məqamda onu da vurğulamaq vacibdir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ictimai məzmunlu fəaliyyəti yuxarıda sadalanan milli məzmunlu işlərin görülməsi – milli maraqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi, əhəmiyyətli nailiyyətlərin əldə olunması baxımından xüsusi önəmə malikdir. 2004-cü il mayın 10-da yaradılan Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzm və sədaqətlə həyata keçirir. Daha dəqiq desək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi öndə tutan Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması, yenidən qurulması da Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyasının ifadəsidir. Heydər Əliyev Fondunun yüksək səviyyədə reallaşdırılan bir neçə layihə ilə təhsilə dəstək verməsi də Mehriban xanım Əliyevanın uşaqlara, gənc nəslə qayğısının ifadəsidir. Qeyd edək ki, ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri həyata keçirilir ki, bu da cəmiyyətdə böyük rəğbət və məmnunluqla qarşılanır.

Nailə Əliyeva- Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri

 

 

Qazi və şəhid ailələrinin problemlərinin həlli hər zaman diqqətdə olmuşdur

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.
Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.

Famil Abbasov-Vətən müharibəsi iştirakçısı

 

 

Həssas əhali qruplarına qayğıkeş münasibət

Prezidentimiz cənab İlham Əliyev tərəfindən şəhid və qazi ailələrinin problemlərinin həlli istiqamətində imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bütün bu işlərin həyata keçirilməsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın da müstəsna xidmətləri vardır.
Görülən işlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas məsələ vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

Abbas Nağıyev-Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Humanizm və çeviklik Mehriban xanım Əliyevanın fəaliyyətində ehtiva olunan keyfiyyətlərdir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadınına, qızına verdiyi önəm, qiymət bütün dünyaya nümunədir. Azərbaycan qadının belə yüksək qiymətləndirilməsinin tarixi kökü vardır. Belə ki, Azərbaycan Şərqdə yeganə dövlətdir ki, 1918-ci ildə qadına səsvermə hüququ verib. O zaman Amerika Birləşmiş Ştatlarında qadının bu hüququ yox idi. Bu, Azərbaycanın qürur duyacağımız tarixidir. Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatındakı rolunu genişləndirdi, möhkəmləndirdi. Mehriban xanım Əliyeva deyəndə Azərbaycan qadının siması, dövlətin və xalqın həyatında oynadığı rol yada düşür. Müasir tariximizdə Mehriban Əliyevanın yeri və yolu özünəməxsusdur, təkrarsızdır.
Bu da səbəbsiz deyil. Tariximizdə müxtəlif missiyaları həyata keçirən xanımlarımız olub, lakin Mehriban xanım Əliyeva bu missiyaları – istər diplomatiya, istər mədəniyyətin qoruyucusu, istər humanist addımları – ayrılıqda yox, bütöv halda daşıyır, onu həyata keçirir. Bu baxımdan, müasir Azərbaycan tarixində genişmiqyaslı, hərtərəfli ictimai-siyasi fəaliyyətinə görə seçilən ikinci bir qadının adını çəkmək mümkün deyil.

Südabə İsmayılova-tibb işçisi

 

 

Dövlət və xalq naminə potensialların səfərbər olunması bacarığı

Dövləti dövlət edən onun illərlə, əsrlərlə formalaşan ənənələridir. Azərbaycan qadınına seçmək, seçilmək hüququnun verilməsi tarixi ilə Mehriban xanım Əliyevanın fəaliyyətində daxil olunan maraqlı detal var. 100 il öncə, 1918-ci ildə Azərbaycanda qadınlara geniş hüquqlar verildi. O zaman cümhuriyyəti quranların məqsədi Azərbaycan qadınının dövlətin idarə olunmasında, xalqın taleyində ən yüksək səviyyədə iştirakına nail olmaq idi. Yalnız 100 il sonra, bu gün Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınları buna nail ola bildi.
Mehriban xanım Əliyeva dünyada və Cənubi Qafqaz regionunda yaşayan, fəaliyyət göstərən hər bir xanıma örnəkdir. Çünki onun Birinci xanım statusunda da əsas qayəsi xalqa, insanlara xidmət idi, Birinci Vitse-prezident statusunda da eyni qayəyə xidmət edir. Bu, şəxsi keyfiyyətdən irəli gəlir.
Bu gün bütün sahələrdə, idarəçilikdə də, elmdə də, istehsalatda da Azərbaycan qadınının rolu əvəzolunmazdır. Əsasən dövlət idarəçiliyində və ailə təməllərinin qorunması kimi amillər mühümdür, çünki dövlətin gələcəyi həm də xanımların böyütdüyü, tərbiyə etdiyi övladlardır.

Cavid Məmmədov – Zərdab şəhər sakini, fəal gənc

 

Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir

Azərbaycan qadını tarixən öz mərdliyi, mətanəti, yüksək mənəviyyatı və bacarığı ilə fərqlənmiş, kişilərlə çiyin-çiyinə çalışmış, lazım gələndə onlara arxa durmuş, birgə döyüşə girmiş, istər əmək, diplomatiya, yaradıcılıq, istərsə də hərb meydanlarında misilsiz qəhrəmanlıqlar göstərmişdir. Bu gün biz böyük fəxarətlə Sara xatunu, İnanc xatunu, Taclı xatunu, Məshəti Gəncəvini, Xanqızı Natəvanı, İzzət Orucovanı, Sevil Qazıyevanı, Zərifə xanım Əliyevanı və onlarla görkəmli azərbaycanlı qadınlarını yad edirik, onların əziz xatirələrini minnətdarlıqla anırıq.
Azərbaycan qadınları dövlətçilik tariximizin müxtəlif dövrlərində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında mühüm xidmətlər göstərmişlər. Əlbəttə, bu baxımdan öz istedadı, zəkası, iradəsi və müdrikliyi ilə nüfuz qazanmış Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bir örnək olaraq göstərilə bilər.
Belədə mütləq bir həqiqət ortaya çıxır: el üçün yanan məşəl heç vaxt sönmür, vətən üçün çırpınan ürək daim döyünür. Bu estafet, bu ənənə yeni nəsillərə ötürülür. Mehriban xanım Əliyeva əsrlər öncə yaradılmış və zəmanəmizə qədər yaşadılan o möhtəşəm ənənənin müasir daşıyıcısıdır. Onun çoxşaxəli fəaliyyətində bu ənənə daha da inkişaf etmiş, rövnəqlənmiş, zənginləşmiş və müasir dünyanın inkişaf tempinə uyğun olaraq yüksək dinamika kəsb etmişdir.
Bütün fəaliyyəti boyu ölkənin və xalqın maraqlarını üstün tutan, xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyat normalarına çevirən Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də Azərbaycana layiqincə xidmət edərək üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Çoxşaxəli fəaliyyəti ilə həm beynəlxalq miqyasda, həm də ölkə daxilində cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanan Mehriban xanım Əliyeva ona həvalə olunan bütün işlərə son dərəcə məsuliyyətlə yanaşaraq əsl vətəndaşlıq nümunəsi ortaya qoyub.
Mehriban xanımın ictimai və siyasi fəaliyyətini nəzərdən keçirəndə, bu zərif və nəcib xanımı xarakterizə edən bir çox xüsusiyyətlər üzə çıxır: humanizm, tükənməz enerji, dərin intellekt, yüksək mədəniyyət, əzmkarlıq, soy-kökünə bağlılıq, insanlara, ilk növbədə uşaqlara sevgi və mərhəmət, ədalət, hadisələrə pozitiv yanaşma, ölkədə və dünyada baş verən prosesləri düzgün təhlil etmə qabiliyyəti, təmkin və s. Amma düşünürəm ki, Mehriban xanımın xarakterinin ən ümdə və aparıcı xüsusiyyəti vətənpərvərlikdir, vətənə, torpağa, millətə sonsuz məhəbbətdir. Bu qırmızı xətt onun bütün fəaliyyətindən keçir. Ulu öndər Heydər Əliyevin: “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”, – unudulmaz sözləri Mehriban xanımın da həyat amalına çevrilmişdir.
Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəyi, xüsusən sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı əvvəldən aydın idi. Və elə ilk günlərdən bu qənaət özünü uğurla doğrultdu. Görünən odur ki, Mehriban Əliyeva Birinci vitse-prezident kimi fəaliyyəti ilə ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına layiqli töhfələr verir.
O, ölkənin Birinci vitse-prezidenti kimi yüksək vəzifəyə təyin olunduğu ilk gündən vətəndaş amilini daha qabarıq şəkildə ortaya qoyan fəaliyyətini yeni keyfiyyətdə daha böyük əzmlə, daha səmərəli şəkildə davam etdirməkdədir. Ona görə də biz qısa müddət ərzində beynəlxalq miqyasda böyük dövlət xadimi kimi tanınmış Mehriban xanım haqqında bir fərd kimi danışmırıq. Çünki o, təkcə özünü deyil, həm də Azərbaycan dövlətini, Azərbaycan qadınlarını, türk və İslam dünyasını, müasir, modern dövlət quruculuğunda yaxından iştirak edən qabaqcıl dünya qadınlarını, diplomatları, siyasətçiləri, ictimai, mədəniyyət, elm xadimlərini, anaları, birinci xanımları təmsil edir.
Mükəmməl şəxsiyyət Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti qismində fəaliyyətinin uğurlu nəticələrini diqqətə çatdıraraq, bu nəcib və xeyirhaq xanımı 26 avqust doğum günü münasibəti ilə ürəkdən təbrik edir və bu xalqın maraqları, mənafeyi, inkişafına yönəlik çox gərəkli işlərində ona daha böyük müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, o, bu dövlətin möhkəmliyinin, müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin olunmasında bütün səy və bacarığını daim ortaya qoyacaqdır.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Şəhid və qazi ailələrinə yüksək dəstək təmin edilir

Azərbaycan xalqı olaraq  torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, əsgərlərimizin şücaəti sayəsində düşmənin hərbi birləşmələri darmadağın olundu. Bu qələbənin reallaşmasında payı olan heç kəs unudulmur. Şəhid və qazi ailələrinə yüksək dəstək təmin edilir, onlara daim diqqət və qayğı göstərilir. Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı olub. Bu kateqoriyadan olan insanlar hər zaman dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar. Bu yanaşma özünü daha qabarıq formada İkinci Qarabağ savaşında daha açıq büruzə verdi. Xalqın öz rəhbərinə inamını bir daha gözlərimizlə gördük.
Hazırkı dövrə kimi Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.
Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı olmuşdur. Bu istiqamətdə fəaliyyət Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma olmadan həyata keçirilmişdir.
Şəhid ailələrinə, qazilərimizə və onların ailə üzvlərinə daim qayğı ilə yanaşan ölkəmizin başçısı İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edir və təşəkkürlərimizi bildiririk.

Vəfa Xəlilli-“Gəncliyə dəstək” İB-nin sədri

Comment here