ManşetMANŞETÜSTÜ

Media kapitanlarından həbsi istənilən gənc jurnalistlərə dəstək – RƏYLƏR

Media kapitanlarından həbsi istənilən gənc jurnalistlərə dəstək – RƏYLƏR

Media kapitanlarından həbsi istənilən gənc jurnalistlərə dəstək – RƏYLƏRMəlum olduğu kimi, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlini və saytın baş direktoru Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Keçmiş komitə sədri Aydın Əliyev məsələ ilə bağlı Unikal.org saytına açıqlamasında Azxəbər.com saytını məhkəməyə verdiyini deyib:

“Onlar mən komitə sədri olarkən yazıblar. Söhbət vəzifədən yox şəxsiyyətdən gedir. Əgər bu düzdürsə onlar bir neçə müddət öncə niyə öz saytlarında üzrxahlıq etmişdilər. Mənim onları tutdurmaq fikrim yoxdur.

Amma onlar məhkəmədəki çıxışlarında düzgün fikirlər səsləndirmirlər. Ona görə də mən axıra qədər gedəcəm. Məhkəmə qərar verəcək, mənim onları bağışlamaq fikrim yoxdur”.

Jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib ki, xüsusi ittihamçı Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev 16 yanvar 2018-ci il tarixdə şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun barələrində AR CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmaları üçün hökm çıxarılmasını xahiş edib. Aydın Əliyev şikayət ərizəsini bununla əsaslandırıb: “Azxəbər.con saytında “Gürcüstan Respublikasında həbs edilən DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş-Təfərruat” başlıqlı məqaləsində məni ağır cinayət etməkdə iştirakçılıqda ittiham edərək, mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq mənə böhtan atıblar”.

Vəkil deyib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi icraata götürülüb və jurnalistlər təqsirləndirilən şəxs qismində cəlb olunub: “Cinayət işinin uzadılmasına nail olduq, xoşbəxtçilikdən Aydın Əliyev vəzifəsindən kənarlaşdırıldı. Buna baxmayaraq, sabiq komitə sədri Azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun həbs olunmalarına çalışır. Bu, Binəqədi Rayon Məhkəməsinin hakimi Vuqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında tam aşkar görünürdü. Hakimin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

Saytın baş redaktoru Hacıbəy Heydərli isə məsələ haqda sosial şəbəkədə yazıb: “Dövlət Gömrük Komitəsinin sabiq rəisi, cənab Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün öncə işdən çıxarılan Aydın Əliyev məni və Efseleddin Agalarovu CM-nın 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib və bu proses artıq 5 aya yaxındır ki, davam edir. Ölkəmiz  və dövlətimiz üçün önəmli olan Prezident seçkilərini nəzərə alaraq məsələni ictimailəşdirməmişdik.

Bu ərəfədə DGK-nın sabiq rəisinə dəfələrlə barışıq təklifi və mövqeyini işıqlandırmağı təklif etsək də, o bundan imtina etmiş və bizim cəzalanmağımızı tələb etmişdi. Bəhs olunan yazıda Gürcüstanda həbs edilən DGK polkovniki Rəhim Həsənovun Aydın Əliyevin yaxın adamı olması qeyd olunurdu. Qeyd edim ki, adıçəkilən şəxsin Gürcüstanda psixoterapik maddələrlə saxlanılması xəbəri başqa bir sayta istinadən yayımlanıb, biz isə onun əməllərindən sədrin məlumatlı olduğunu yazmışıq. Bu gün də həmin dərmanların və maddələrin ölkəmizə gətirilməsi ciddi şəkildə araşdırılır və bunu edənlər cəzasını alır.

Çox şükürlər olsun ki, Prezidentimiz də Aydın Əliyevin fəaliyyətinə siyasi qiymət verdi və o işindən ayrıldı. Ancaq maraqlıdır ki, eks komitə sədri hələ də məhkəmə iddiasında israrlıdır və özünün səhvsiz olduğunu düşünür. Görünən odur ki, işdəki nöqsanlarının mətbuatda işıqlandırılması və onun fəaliyyətinə siyasi qiymətin verilməsini keçmiş sədr qəbul edə bilmir. Ümid edirəm ki, Binəqədi rayon məhkəməsi məsələyə ədalətli yanaşacaq və ölkəmizdə mövcud olan söz və mətbuat azadlığına hansısa keçmiş məmurun istəyi ilə kölgə salmayacaq. Bu məsələdə hər birinizin dəstəyinə görə öncədən təşəkkür edirəm”.

Saytın baş direktoru Əfsələddin Ağalarov isə bu haqda açıqlamasında bildirib: “Əziz dostlar və həmkarlar. Dekabr ayından etibatən Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev mənə və portalımızın təsisçisi Hacıbəy Heydərliyə qarşı CM 147.2 (böhtan) maddəsi ilə iddia qaldıraraq Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Keçmiş komitə sədrini qəzəbləndirən səbəb isə DGK-da baş verən neqativ halların tərəfimizdən işıqlandırılması olub.

Dəfələrlə tərəfimizdən qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirsək də, Aydın müəllimin qəzəbi dinmək bilmir. Bu müddət ərzində qarşı tərəfə barışıq təklif edilsə də, DGK sədri bu təklifləri rədd etdi. Və bu proseslər davam edərkən ölkədə söz və mətbuat azadlığının qarantı olan, jurnalistlərin dostu, azad media mühitini formalaşdıran cənab prezident İlham Əliyev Aydın Əliyevi postundan azad etdi. Buna baxmayaraq, keçmiş komitə sədrinin mətbuata qarşı bəslədiyi münasibətdə heç bir dəyişiklik müşahidə olunmur.

Binəqədi rayon məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Aydın Əliyevin vəkili onun adından çıxış edərək bizim həbs edilməyimizi məhkəmədən istəyib. Təbii ki, bu iddia sadəcə bir şəxsin mövqeyidir. Məhkəmə prosesi hələ də davam etməkdədir. İnanırıq ki, media azadlığının mövcud olduğu bir mühitdə sözügedən hadisəyə hüquqi qiymət veriləcək və iddia ləğv ediləcək. Bu günlər ərzində yanımızda olan həmkarlara təşəkkür edir və proses ərzində jurnalist təşkilatlarını, Mətbuat Şurasının bizə dəstək olmağa çağırırıq”.

Qeyd edək ki, keçmiş komitə sədrinin gənc jurnalistləri məhkəməyə verməsi sosial şəbəkələrdə və internet mediada böyük narazılıqla qarşılanıb. Bir çox təşkilatların, media qurumlarının rəhbərləri Hacıbəy Heydərli ilə Əfsələddin Ağalarova öz dəstəklərini bildiriblər. Onlarım məsələ ilə bağlı açıqlamalarını təqdim edirik:

Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli: “Sabiq komitə sədri Aydın Əliyevin jurnalistləri məhkəməyə verməsi, üstəlik məhkəmədən həbs cəza tədbirinin tətbiq edilməsini tələb etməsi yolverilməz haldır. Ona görə ki, istər Hacıbəy Heydərlinin, istərsə də Əfsələddin Ağalarovun rəhbərlik etdiyi xəbər portallarında KİV haqqında qanunvericiliyin normalarından kənarçıxma halları baş verməyib. DGK-nin məsul əməkdaşı Gürcüstanda qanunsuz əməlinə görə həbs edilib və bu xəbər də saytlarda yayılıb. Adıçəkilən xəbər portalları da saytlara istinad edərək təkzib edilməyən məlumatı tirajlayıblar. KİV bilavasitə üzərinə düşən vəzifəni, ictimai nəzarət funksiyasını həyata keçirib. Ümid edirik ki, məhkəmə bu məsələyə həssas yanaşacaq, işi düzgün araşdıraraq ədalətli qərar verəcək.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Mən bütövlükdə sözlə, media ilə bağlı məsələlərdə xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunmasının əleyhinəyəm. Belə problemlərin aradan qaldırılması üçün çoxsaylı ictimai və hüquqi mexanizmlər var. Mənim mövqeyimi bilirsiniz. Amma fəaliyyətdə olduğu dövrdə haqqında hər hansı bir fikir səsləndirmədiyim şəxs haqqında işdən getdikdən sonra danışmağı da sırf öz prinsiplərim kontekstindən doğru saymıram. Xüsusi ittiham qaydasında müraciətlərin isə kompleks şəkildə yanlış və ictimai maraqların əleyhinə olduğunu düşünürəm”.

Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət: “Mən arzu edərdim ki, bu şəxs hər zaman ardıcılı olduğunu dediyi ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevdən örnək götürsün və mətbuata, jurnalistlərə münasibətdə dözümlü yanaşsın”.

Tanınmış teleaparıcı, aktual.az saytının təsisçisi Anar Yusifoğlu: “Bir məmur işdən gedəndə yaddaşlarda yaxşı əməllə qalmalıdı. Amma Aydın əfəndi jurnalist tutdurmaq istəyir. O işlə bağlı araşdırma aparılırsa rəhbər günahkardı. Zaman bunu göstərəcək. Amma media Hacibey və Efseleddininin yanındadı. Onları müdafiə edir, ən azı ona görə ki, peşəkardılar”.

Azvision.az saytının rəhbəri, tanınmış jurnalist Vüsal Məmmədov: “Gənc jurnalistlərə qarşı bu cür kin və qəzəb saxlamaq DGK-nın keçmiş sədrinə heç də başucalığı gətirmir. Xüsusilə də əgər jurnalistlər səhvlərini etiraf ediblərsə, təkzib verməyə hazır olduqlarını dəfələrlə bildiriblərsə. Bundan sonra iki gəncin həbsində israr etmək qətiyyən düzgün deyil.

Məncə, Aydın Əliyev həqiqi böyüklük və ağsaqqllıq nümayiş etdirib, gənc jurnalistlərlə barışmalıdır. İnsan əgər səhvini etiraf edibsə və düzəltməyə hazırdırsa, başqa nə istənməlidir ki ondan? İki gənc jurnalisti yazdığı xəbərə görə tutdurmaq nə Aydın Əliyevə yaraşar, nə də Azərbaycana. Ona görə, həbs tələbi ümumiyyətlə, unudulmalıdır, ən pis halda hansısa inzibati cəzadan söhbət gedə bilər. O da ən pis halda. Yaxşı variant isə təbii ki, tərəflərin barışması olardı”.

“Yeni Çağ” Media Qrupun rəhbəri Aqil Ələsgər: “Hesab edirəm ki, Prezident nə qədər bizə yaxındırsa, məmurlar jurnalistlərə o qədər uzaqdırlar. Bunun ən bariz nümunəsi Aydın Əliyevin atdığı addımdır. Jurnalistlərin həbsini tələb etməsi əslində onun Azərbaycanı beynəlxalq hesabatlarda çətin vəziyyətə düşməsini istəmə cəhdidir. Cənab prezident dəfələrlə Azərbaycanda yazısına, fikrinə görə, həbs olunan jurnalistin olmadığını bildirib. Aydın Əliyev bu hərəkəti ilə Prezidentin əlini Avropa və beynəlxalq təşkilatlar qarşısında zəiflətmək istəyir. Fəqət ölkə mediası korrupsiya ilə adı yanaşı çəkilən bu generalın arzusunun baş tutmasına qarşı var gücü ilə mübarizə aparacaq”.

“Qaynarinfo.az” saytının rəhbəri Zahir Əzəmət: “Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin Azxeber.com saytına qarşı məhkəmə davası mediaya qarşı təzyiqdən başqa bir şey deyil. Ümumiyyətlə, məmurlar medianın cəmiyyətdəki rolunu düzgün anlamalı, tənqidlərə, iradlara tolerant yanaşmağı, düzgün nəticə çıxarmağı öyrənməlidir.

Bir məmurun jurnalistlərin həbsini istəməsi onun dövlətçilik sevgisinin yoxluğundan xəbər verir. Çünki söz adamlarının həbsi ölkənin, dövlətin beynəlxalq imicinə zərbə vurmuş olacaq. Ümid edirəm ki, məhkəmə də bu nüansı nəzərə alıb, dövlətimizin adından ədalətli qərar qəbul edəcək və vəzifəsindən azad edilən bir məmurun öz acığını iki jurnalistdən çıxmaq cəhdinin qarşısını alacaq”.

Tanınmış teleaparıcı, keçmiş millət vəkili Etibar Hüseynov: “DGK-nın sabiq sədri Aydın Əliyevin jurnalistleri həbs etdirməkdə bu qədər israr etməsi gülünc və qəribədir. Çünki adamın rəhbərlik etdiyi idarə rüşvət və korrupsiyada ən çox adı hallanan bir komitə olub. Və bundan sonra da hələ yeqin ki, çox faktlar üzə çıxacaq. Bəlkə də bundan ehtiyatlandığına görə də qabaqdan gəmişlik edərək müstəqil mətbuata diş qıcamaq istəyir. Keçmiş sədrin ittihamları da çox gülüncdür. Ona görə də əminəm ki, məhkəmə bu ittihamları rədd edəcək”.

Bakupost.az saytının rəhbəri Elçin Zahiroğlu: “Nə olur-olsun, jurnalistlərin həbsi yolverilməzdir. Əgər günah varsa, alternativ cəza tətbiq olunmalıdır. Həbs həm ölkənin imicinə, həm də bu sahəylə bağlı insanların fəaliyyətinə ciddi şəkildə təsir edən amildi. Həm də nəzərə almaq lazımdır ki, ölkə rəhbərliyi ötən ilin fevral ayında “Pentensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətin təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Yəni dövlət imkan qədər həbs etmək cəzasından qaçır. Belə olan vaxtda bir xəbərə görə iki jurnalistin həbsinin istənilməsi anormal tələb kimi görünür. Məsələnin ağrılı tərəfi odur ki, son zamanlar jurnalistlərə qarşı bu cür iddia ilə daha çox məmurlar, dövlətin səlahiyyət verdiyi şəxslər çıxış edir. Bunun bir tendensiya halı alması utancvericidir. Görünür, məsələylə bağlı ölçü götürməyin vaxtı çatıb”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az xəbər portalının rəhbəri Fərid Şahbazlı:

“Dövlət Gömrük Komitəsinin Cənab Prezidentin sərəncamı ilə işdən azad olunan keçmiş sədri Aydın Əliyev Azərbaycan internet media məkanın iki önəmli və gənc ismi, bütün fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinə xidmət edən Azxeber.com portalının təsisçiləri Hacıbəy Heyderli və Əfsələddin Ağalarovu olduqca absurd iddia ilə xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə verib. İki gənc jurnalistin ümumi maraqlar naminə məsələnin sülh yolu ilə həlli üçün etdiyi çoxsaylı jestlərinə baxmayaraq, qəzəbli keçmiş gömrükçü onları cəzalandırmaq fikrindən əl çəkmək istəmir.

Düşünürəm ki, Aydın Əliyevin bu “prinspiallığı” təsadüfi deyil. O, haqlı olaraq işdən azad olunmasının qisasını dövlətdən almaq istəyir. Jurnalistlərin həbsinə nail olmaqla Azərbaycanın adının beynəlxalq təşkilatların “qara siyahı”larına salınmasına cəhd edir. Ancaq inanırıq ki, adı olmazın qanunsuz işlərdə hallanan, ən yaxın ətrafı haqqında hüquqi araşdırmaların başlandığı Aydın Əliyev bu arzusuna çatmayacaq. Azərbaycan məhkəmələri qanunun aliliyi prinsipi ilə hərəkət edəcəkdir. Sonadək gənc dostlarımızın yanındayıq. Onları həbs etməyi düşünən hakimdən bizi də onlarla birgə həbs etməsini tələb edirik”.

“Azərbaycan Slavyan Gənclər Assosiyasının” sədri, 7news.az saytının rəhbəri Səbuhi Abbasov: “Təxminən 5 ay öncə eyni aqibəti yaşamışdım. Bu gün qlobal şərtlərdə bir yanaşma var. Əgər bir dövləti aşağılamaq istəyirsənsə onun nüfuzlu ya QHT, ya da media nümayəndəsini həbs edəcəksən. Ölkəyə, ölkə rəhbərliyinə bundan böyük zərbə vurmaq mümkün deyil. Bu sadəcə Prezidentə və dövlətə xəyanətdir. Bəzi məmurlar nəsil-nəcabətlərinin lüksu üçün dövlət büdcəsini talayanda biz Əfsələddin və Hacıbəy ilə çiyin-çiyinə informasiya savaşında vuruşmuşuq, vuruşuruq da. Binəqədi məhkəməsi ədalətlidir, bunun canlı şahidi olmuşam. Bu mənada mən də ədalətə inanıram”.

“Vətəninfo.az” saytının rəhbəri Nahid Canbaxışlı: “Aydın Əliyev prezidentin onu işdən qovmasını həzm edə bilmir. Bu üzdən də bütün kinini jurnalistlərə yönəldib. Aydın Əliyev DGK sənin ata mülkün deyildi ki, ölənə kimi orda oturasan. Dövlət baba sayar vəzifə verər, istəsə də alar. Sən kimsən ki, dövlətin fərmanına təpkini azad mətbuata yönəldəsən?”

1news.az

Comment here