GündəmManşet

Manatla bağlı proqnoz. Qərarı hökumət verəcək. Açıqlama

Xəbər verdiyimiz kimi, dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.”Azəri Layt” markalı neftin 1 barrelinin dəyəri isə 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib.
Bəs neftin qiymətinin gün keçdikcə bahalaşması milli valyutanın və dolların mövcud məzənnəsində il ərzində kəskin dəyişikliyə səbəb olacaqmı? Məsələ ilə bağlı iqtisadçı-ekspert Samir Əliyevlə əlaqə saxladıq.

Samir Əliyev Sonxeber.az-a açıqlamasında milli valyutanın dəyərinin neftin qiymətindən birbaşa asılı olduğunu deyib:

 “Neftin qiymətinin 60 dollardan yüksək olması milli valyutanın məzənnəsi üçün sabitlik yaradır. Bu rəqəm 70 dolları keçəcəksə valyuta gəlirlərimizi artmasına gətirib çıxarır. Bu baxımdan düşünürəm ki, neft nə qədər qalxarsa bu manatın məzənnəsinə müsbət təsir edəcək”.

Ekspert vurğulayıb ki, neftin bahalaşması milli valyutanın məzənnəsinin hansı həddə olacağı sualını ortaya qoyur:

“Neftin qiyməti bahalaşdıqca manatın məzənnəsinin yüksəlməsi Hökumətin və Mərkəzi Bankın qərarından asılıdır. Bu gün rəsmi məzənnə 1,70-dir və bütün qiymətlər həmin rəqəmə uyğunlaşdırılıb. Manatın daha da bahalaşıb 1, 60-a qədər yüksəlməsi qanedici deyil. Çünki, 1-2 ay sonra neftin qiymətinin 70 dollardan yüksək olması müəammalıdır. Çünki milli valyuta bahalaşanda qiymətlər ucuzlaşmır. Amma, manat ucuzlaşanda qiymətlər əksinə bahalaşır. Ona görə də, hökumət üçün mövcud məzənnə əlverişlidir. Neftin bahalaşması manatın kəskin dəyişməsi demək deyil. Hər bir halda qərarı hökumət verəcək”.

İqtisadçının sözlərinə görə, neftin bahalaşması hər bir halda manatın məzənnəsinə müsbət təsir edəcək. Bu baxımdan indiki səviyyədə manatın ucuzlaşması gözlənilmir. Proses bu cür davam edərsə dolların ucuzlaşmasını müşahidə edə bilərik. Neft bahalaşdıqca dolların ucuzlaşması qərarı hökumətin istəyinə uyğun formalaşır. Qeyri-neft sektorunun inkişaf etdirilməsinin tələb olunduğu dövrdə manatın bahalaşması bu sektoru çökdürə bilər. Bu baxımdan düşünürəm ki, müəyyən qədər ucuzlaşma olsa da Mərkəzi Bank dolların kəskin ucuzlaşmasına imkan verməyəcək. Dollar bu il hazırkı səviyyədə qalacaq.

Comment here