ManşetMANŞETÜSTÜ

Mətbuat Şurası Osman Nərimanoğluya ikinci dəfə ciddi xəbərdarlıq etdi

Mətbuat Şurası Osman Nərimanoğluya ikinci dəfə ciddi xəbərdarlıq etdi

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.Mətbuat Şurasından AzNews.az-a daxil olan məlumatda bildirilir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

“Metak” MMC-nin “Emtv.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəyə gəliblər ki, informasiya resursunun hazırladığı materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) əksər prinsipləri pozulub. Materiallarda şirkət barədə ciddi ittihamlar yer tutsa da, qarşı tərəfin rəyi öyrənilməyib, həmçinin, yanlış məlumatların düzəldilməsi üçün şirkət tərəfindən edilən müraciətlər nəzərə alınmayıb. İnformasiya resursunda yayımlanan materiallarda kampaniyaçılığın üstünlük təşkil etdiyini nəzərə alaraq, daha geniş müstəvidə araşdırılma üçün məsələ MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilmişdir.

“Veysəloğlu” MMC-nin “Gündəm Xəbər” qəzetinə qarşı şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, şirkətin eyni motivli müraciəti əsasında məsələ artıq Yasamal Rayon Məhkəməsində araşdırılıb və qəzet haqqında hökm çıxarılıb. Məhkəmə hökmü olduğu üçün komissiya məsələni baxılmamış saxlayıb.

Komissiya üzvləri Tərtər Rayon Polis Şöbəsinin sabiq rəisi Əflatun Məcidovun “Reallıq.info” saytına qarşı müraciətini də baxılmamış saxlayıblar. Bildirilib ki, MŞ-nin bu informasiya resursu haqqında daha öncədən ciddi rəyi olub, onun adı MŞ tərəfindən hazırlanan “qara siyahı”ya daxil edilib. Adları “qara siyahı”da olan KİV-lər haqqında təkrar rəy verilmir.

Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun “Demokratik.az” Xəbər Portalına qarşı müraciətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, portalda yayımlanan materiallarda AJPDQ-nın prinsipləri intensiv şəkildə pozulub, portalın baş redaktoru adından dərc edilmiş yazıda etik qaydalara sayqısızlıq nümayiş etdirilib. “Demokratik.az” Xəbər Portalına və baş redaktor Osman Nərimanoğluna ciddi xəbərdarlıq edilib.

AzNews.az bildirir ki, MŞ-nın son iclasında ciddi xəbərdarlıq alan “Demokratik.az” saytı və onun baş redaktoru Osman Nərimanoğluna ötən ay da MŞ tərəfindən ciddi xəbərdarlıq edilmişdi. Sentyabrı ayının 18-də “Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin “demokratik.az” saytının rəhbəri Osman Rzayevə qarşı müraciətini araşdıran komissiya müəyyən edib ki, dərc edilmiş yazılarda Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri kobud şəkildə pozulub: qeyd edilən materiallarda təhqir, böhtan halları ilə yanaşı, təhdidlər, hədələr də əks olunub.

Əldə etdiyimiz məlumata görə, Osman Nərimanoğlunun məhz bu cür ictimai qınaq metodlarından lazımi nəticə çıxarmadığı və jurnalist peşə qaydalarına zidd olan fəaliyyətini davam etdirdiyi səbəbindən tanınmış jurnalist Məhəmmədəli Qəribli onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Bu gün Yasamal Rayon Məhkəməsində həmin şikayətlə bağlı hazırlıq iclası keçirilib. Növbəti məhkəmə prosesi noyabr ayının 7-si saat 16.00 təyin olunub. İş hakim Hüseyn Səfərovun icraatındadır.

AzNews.az

Comment here