ManşetMANŞETÜSTÜ

İlham Əliyev hədəflərini açıqladı: “İdarəetmənin təkmilləşdirilməsi, məmur özbaşınalığı…”

İlham Əliyev hədəflərini açıqladı: “İdarəetmənin təkmilləşdirilməsi, məmur özbaşınalığı…”

İlham Əliyev hədəflərini açıqladı: “İdarəetmənin təkmilləşdirilməsi, məmur özbaşınalığı…”

İlham Əliyev regionların inkişafı barədə danışarkən deyib ki, prezident seçildiyi ilk illərdə rayonlara səfər edəndə infrastrukturla, məktəblərin, xəstəxanaların bərbad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması və sair məsələlərlə bağlı müraciətlər çox olurdu. Lakin bu məsələlər həll edildikcə, əlbəttə, təkliflər tamam başqa xarakter aldı.

“Bu gün keçdiyimiz yola nəzər salanda görürük ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib. Son 15 ildə biz 30-dan çox elektrik stansiyası istifadəyə vermişik və elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatacaq. Son illərdə biz hər il 100 min hektardan çox suvarılan torpağı istifadəyə veririk. Bu, kənd təsərrüfatının inkişafına güclü təkan verir. Bu il də daxil olmaqla son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib. Bunlar əhalini narahat edən əsas amillər idi. Bundan əlavə, 1 milyon 400 min iş yeri açılıb. Mahiyyət etibarilə işsizlik göstəricisi azalaraq 5 faizə endirilib. Buna görə də müraciətlərin dinamikası və mövzuları dəyişir”-İlham Əliyev deyib. Onun sözlərinə görə, ilk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək.

“Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”-prezident vurğulayıb.

***

Prezident İlham Əliyev TASS-ın baş direktorunun müavini ilə söhbətində onu da deyib ki, qarşıdakı illərdə fəaliyyətinin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq.

Sitat: “Çünki artıq dediyim kimi, Azərbaycanın regionlarında infrastruktur məsələləri, sosial infrastrukturla bağlı məsələlər praktiki olaraq tamamilə həll edilib. Ötən 15 il ərzində 3100-dən çox məktəb tikilib. Qeyd edim ki, bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib. Yəni, sosial infrastruktura çox diqqət yetiririk. Qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq. Bax, söhbətimizin əvvəlində dediyim ictimai nəzarət məhz bundan ötrü lazımdır. Mən əsasən bundan ötrü regionlara səfərlər edirəm”.

İlham Əliyev qeyd edib ki, bu il Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının üçüncü proqramı başa çatacaq. O, xatırladıb ki, birinci proqram 2004-cü ildə qəbul edilib.

“Bütün bu proqramlar, onların çox hissəsi yerlərdən verilən təkliflərə əsaslanır. Yəni, bu proqramlar ümumi xarakter daşımır, bunlar şüarlar deyil. Orada hansı şəhərdə, hansı kənddə, nə vaxt hansı işlər görüləcəyi konkret əksini tapıb. Bu, bizim beşillik fəaliyyətimiz üçün əyani sənəddir. Biz üçüncü proqramı tamamlayırıq. İndidən görünür ki, biz onu xeyli artıqlaması ilə yerinə yetirmişik. Buna görə də düşünürəm ki, gələcəkdə əsas məsələ yenə də idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin səmərəsinin artırılması və sahibkarlar, iqtisadiyyatın şaxələndirilməsi üçün daha yaxşı şərait yaradılması olacaq»-Azərbaycan dövlət başçısı Qusmanla söhbətində bildirib.

virtualaz.org

Comment here