GündəmMANŞETÜSTÜ

İÇDİ, KÖÇDÜ

İÇDİ, KÖÇDÜ…

Azərbaycanlı hüquqşünaslar zəhər içən generaldan danışdılar

Adəm Məmmədov: “Pralyak müharibə cinayətlərində ittiham olunurdu. Bütün dünya onu qatil kimi tanıyırdı, özünü öldürməkdən başqa çıxış yolu yox idi”

Qurban Məmmədli: “Mənim bu cür adama hörmətim yarandı. Pralyak öz şərəfini, ləyaqətini qorumağa çalışdı. Millətinin maraqlarına uyğun cinayətləri törətdi və özünü öldürdü”
Əliməmməd Nuriyev: “Generalın üzərində zəhər gəzdirməsi nonsesdir. Pralyaka uzun
müddət ciddi nəzarətlər olmayıb. Bir tərəfdən də bilərəkdən ona belə bir şərait yaradılıb”
İradə Cavadova: “Onun belə addım atması qəhrəmanlıq deyil. 70-dən çox yaşı var idi və 20 il həbs cəzası ona çox ağır gəlib, ona görə də özünü öldürüb”
Sabiq Xorvat müdafiə şurasının rəhbəri Slobodan Pralyak Haaqada Beynəlxalq Tribunalın apelyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında zəhərli maddə qəbul edib. Məlumata görə, S.Pralyak zəhəri içdikdən sonra keçinib.
Baş vermiş hadisə bütün mediada səs-küyə səbəb olub. Hər kəs sabiq generalın nə üçün bu addımı atdığını düşünür. Maraqlıdır, ölkəmizdəki hüquqşünaslar, hüquq müdafiəçilərinin gündəmin əsas mövzusuna reaksiyaları necədir?
… tarixi məhkəmə prosesi
Hüquqşünas Adəm Məmmədov bildirib ki, sabiq generalın yaşı çox olduğu üçün o, belə bir addım atıb. Vəkilin sözlərinə görə, həmçinin bütün dünya Pralyakın törətdiyi cinayətlərdən xəbərdardır və zəhərləyərək özünü öldürmək onun çıxış yolu olub: “S.Pralyakın xəstəliyi də var idi. Yəqin o fikirləşib ki, yaşlı və xəstədir. Ona görə də bunu həm fiziki, həm psixoloji olaraq qəbul edə bilmədi. Bəlkə də düşünürdü ki, “yaşı çoxdur və daha həyatda heç kimə lazım deyil”.
Onu müharibə cinayətlərinə görə ittiham edirlər. Müharibə cinayətləri bizim qanunvericilikdə də ən ağır cinayətlərdən biridir. Hansı ölkədə törədilməsindən asılı olmayaraq, cinayəti törədən şəxs məhkum edilməyibsə, o, istənilən ölkədə məhkum oluna bilər. Pralyak da elə cinayətdə ittiham olunurdu ki, onu artıq bütün dünya tanıyır və qatil kimi qiymətləndirirdi. Əslində bu, tarixi bir məhkəmə prosesi idi. Özünü zəhərləməsi həm yaşı, həm də törətdiyi cinayətlə əlaqədardır. Bir var adamı sadəcə bir ölkədə lənətləsinlər, bir də var ki, bütün dünyada səni tənqid etsinlər. O, bunun qorxusu ilə canına qəsd etdi və çıxış yolunu özünü zəhərləməkdə tapdı”.
… o, öz millətinin qəhrəmanıdır
“ÇALXAN MMC” hüquq firmasının direktoru Qurban Məmmədov isə düşünür ki, sabiq generalın özünü öldürməsi ilk olaraq nəzarətçilərin diqqətsizliyinin nəticəsidir:
“Faşist Almaniyasının qələbəsindən sonra Hitler generalları ilə bağlı məşhur bir məhkəmə düzənlənmişdi. Bu məhkəmədə çıxarılan hökmlər asılmaqla bağlı idi. Amma Gerinq adlı general yalvarırdı ki, onu əsgər kimi güllələsinlər, asmasınlar. Generalın bu istəyi ilə razılaşmadılar, o da zəhərləyib özünü öldürdü. Ən azı zabit şərəfini qorudu.
Praylakın özünü öldürməsi təbii ki, onun törətdiyi cinayətləri aradan qaldırmaz. O, yüz minlərlə müsəlmanı qətlə yetirib və öz milləti üçün istədiyinə çatıb. Bu hadisə araşdırılmalı və kimlərsə cəzalanmalıdır. Bilinməlidir ki, zəhəri ona kim və necə ötürüb. Hər halda mənim bu cür adama hörmətim yarandı. Pralyak öz şərəfini, ləyaqətini qorumağa çalışdı. Millətinin maraqlarına uyğun cinayətləri törətdi və özünü öldürdü. Əslində o, öz millətinin qəhrəmanıdır”.
Bəşəriyyətə qarşı olan cinayət…
Hüquqşünas Əliməmməd Nuriyev də nəzarəti həyata keçirən əməkdaşların ciddi səhlənkarlığa yol verdiyini söylədi. Onun sözlərinə görə, generalın üzərində uzun müddət zəhər gəzdirməsi nonsesdir. Ə.Nuriyev bildirib ki, baş verənlər uzun müddət öncə planlanıb və general sadəcə hökmü gözləyirdi:
“Deməli, Pralyaka uzun müddət ciddi nəzarətlər olmayıb. Bir tərəfdən də bilərəkdən ona belə bir şərait yaradılıb. O hesab edirdi ki, həyata keçirdiyi fəaliyyət Xorvatiyanın azadlığı uğrundadır və o, öz vətənini qəsdlərdən qoruyub. Ona görə general belə bir ittihamın verilməsi və bu ittihamla tarixdə qalmağı özünə rəva bilməyib. Beləliklə etiraz əlaməti olaraq özünə qəsd edib.
Əlbəttə ki, belə insanlar öz xalqlarının qəhrəmanı ola bilirlər. Lakin burda siyasi yanaşmalar da ola bilər. İnsanları milli və dini mənsubiyyətinə görə qətl edirlərsə və belə insanlar tarixdə qəhrəman olaraq qalırlarsa, bu, bəşəriyyətə, ədalətə qarşı olan bir müharibədir. Şübhəsiz ki, kütlənin böyük əksəriyyəti onu hər zaman qəhrəman hesab edəcək. Lakin bu, soyqırımdır. Müddətin keçməsindən asılı olmayaraq soyqırımı həyata keçirən canilər tapılıb cəzalanmalıdır. Yoxsa tarix özü hər zaman belə insanları lənətləyir. Bəşəriyyətə qarşı cinayətlərdə iştirak etmiş hər kəs məhkəmə qarşısına çıxarılıb ədalətli cəza almalıdır. Əks halda, bu proses davamlı bir xarakter ala bilər. Bu isə cəhənnəmin yaxınlaşması deməkdir”.
Pralyak qəhrəman deyil
Xanım hüquqşünas İradə Cavadovanın sözlərinə görə, sabiq general məhkəmənin qərarını ədalətsiz hesab etdiyi və özünü günahkar bilmədiyi üçün bu addımı atıb: “Düşünmürəm ki, Pralyak bu addımı ilə bir qəhrəmana çevrildi. O, məhkəmənin qərarına protest bildirdiyi üçün zəhər içib özünü öldürdü. Yəqin ki, o, müəyyən sübutlar təqdim etmişdi. Artıq 2013-cü ildən ona hökm verilib. Hətta qərar verilən zaman bildirmişdi ki “mən sizin qərarınızı ədalətsiz hesab edirəm”. Hər halda onun belə addım atması qəhrəmanlıq deyil. 70-dən çox yaşı var idi və 20 il həbs cəzası ona çox ağır gəlib, ona görə də özünü öldürüb”.
Yeganə Bayramova

 

Comment here