ManşetMANŞETÜSTÜ

Güllə Vəliyevə dəysə də, hədəf AZƏRBAYCANDIR…

Güllə Vəliyevə dəysə də, hədəf AZƏRBAYCANDIR…

Güllə Vəliyevə dəysə də, hədəf AZƏRBAYCANDIR...

Əslində Azərbaycana girməyin, onu çökdürməyin min yolu olub həmişə. Hər dəfə situasiyadan çıxmışıq. Bu dəfə zərbə gözlənilməyən yerdən olduğu üçün çaşqınlıq var

Bizi təhsillə “vurmaq” istəyiblər. Daha doğrusu təhsil sistemini iflic etməklə. Küt beyinləri idarə etmək asandır. Bu mənada davamlı olaraq xüsusi seçilmiş KİV-lərdə Azərbaycanın təhsil sistemindəki uğursuzluqlar önə çəkilib. Davamlı şəkildə zorlama, hamilə məktəbli, məktəb yaşlı qızların kütləvi məcburi nigahı, təhsil keyfiyyətinin son dərəcə bərbadlığı, daha sonra müəllimlərin pedaqoji səviyyəsinin aşağı olması haqda səs-küylü materiallar dərc olunub. Düzdür, problemlər var, amma qabardıldığı qədər deyil. O üzdən bu məsələnin qarşısına indiki vergilər, keşmiş təhsil naziri Mikayıl Cabbarovun “Təhsildə keyfiyyət ili” proyekti ilə çıxıldı. Bu proyekt bəyənildi və ölkə üzrə icra edildi. Eyni zamanda rəsmilərin ən müxtəlif çıxışlarında xətt belə oldu: Təhsil ölkənin əsas təhlükəsizlik istiqamətlərindən biridir, dövlət bunu xüsusi nəzarətində saxlayır. Bu addım sözügedən prosesin qarşısını əməlli aldı. Hələlik bəzi xırda elementləri qalsa da əsasən məsələ qapanıb.

Bunu ardınca da, buna qədər də din faktoru ilə hücumlara məruz qalırdıq. Bir müddət cihad həvəsi ilə Suriyaya gedən azərbaycanlıların məsələsi gündəm oldu. Ardıyca Nardaran olayları baş verdi. Sonra inanclı insanların müqəddəs saydığı islam dini liderlərini aşağılamaq xətti tutuldu ki, bu təbii olaraq gerçək inanclı insanları qıcıqlandırdı. Prosesin davamı Fətullah Gülən olaylarının Azərbaycan “qollarını” üzə çıxardı. Yəni Azərbaycanın imkanlı ailələrinin övladlarının necə təriqət adamı edildiyi məsələsi aşkarlandı, Azərbaycanda rəsmi gülənçilər üzə çıxarıldı və yenə də prosesə müdaxilə edilərək qarşısı alındı. Ancaq hələ də nurçular, vəhabilər və sair islami təriqət təhlükəsi mövcuddur.

Bunu Gəncənin icra başçısı Elmar Vəliyevin vurulması olayı da rəsmən isbatlamış oldu. Prosesə Avropada yaşayan, guya Azərbaycan maraqlarından çıxış edən Emin Milli, Orduxan, Leyla Yunusun da qatılması, başçını silahlı hücuma məruz qoyan şəxsin tərəfinin tutulması düşünməyə əsas verir ki, burada təkcə din faktoru yox, həm də avropalı siyasi güclərin maraqları var. Adı çəkilən üç nəfərdən ilk ikisi artıq Gəncə sakinlərinə xüsusi çağırışlar edir. Məsələn, başçının ailə üzvlərinin şəhərdən qovulması, onların əraziyə buraxılmaması və sair. Düzdür, Elmar Vəliyev xüsusi sevgi bəslənəcək məmur deyildi. Onun insanları aşağıladığı, əxlaqi problemli olması, hətta çevrəsində olan əməkdaşları ilə bağlı problem yaşadığı faktdır. Yəni insanların nifrətini haqq edib, amma həm də bu keyfiyyətləri ilə dövlətin hədəf olmasına imkan verib.

Rəsmi açıqlamalarda başçını vuran Yunis adlı şəxsin Suriyada xüsusi təlim keçməsi, qatı dini baxışları ilə fərqlənməsi bildirilir. Eyni zamanda o, Rusiya vətəndaşıdır. Hədəf olansa ölkənin ikinci böyük şəhərində dövləti təmsil etməsinə baxmayaraq, insanların nifrət etdiyi dövlət qulluqçusudur. İndi Elmar Vəliyev kimi insanlara kobud davranan məmurlar başa düşməlidir ki, adamlara olan münasibətləri həm də dövlətin vətəndaşa olan münasibəti deməkdir. Əgər bir vətəndaşı yerli məmur aşağılayır, əzirsə bu dövlət münasibəti sayılır. Bizi Elmar, Həsən, Hüseyin əzir demirlər. Bizi dövlət yaman günə qoydu söyləyirlər. Ancaq məmura əli yaman günə qalan vətəndaşlar adından, arxası nə vətənə, nə vətəndaşa bağlı olmayan biri qaldırırsa, deməli bu əl həm də dövlətə qalxır. Bunun günahkarı isə vətəndaşı affekt vəziyyətinə gətirən məmurdur. Bu vəziyyətdə olan vətəndaşı onu incidəni vuranın kimliyi maraqlandırmır. O sadəcə qurtulmaq, rahatlamaq istəyir. Gəncədə məhz bu baş verdi. İndi kənar güclərdən alınan mesajı təxminən belə yozmaq olar: Səni təhsilinlə, dininlə, siyasi yolla vura bilməsək də, keyfiyyətsiz məmurunla vurarıq.

Bu halda ortada ən çətin durumda qalan dövlətdir. Nə vətəndaş, nə məmur dövlət qədər əziyyət çəkmir. Yəni hazırda yaranan situasiya indiyə qədərki bütün hallardan ciddi şəkildə fərqlənir. Bizi məmurlarla “vurmağa” hazırlaşırlar. Özümüzün olan məmurlarla. Elmar Vəliyev kimi, insanların niftərini qazanmış, amma dövləti təmsil edən məmurlarla. Yəni güllə Elmar Vəliyev dəysə də hədəfdə Azərbaycandır. Bu son dərəcə ciddi SOS-dur. Mütləq şəkildə məmurların fəaliyyəti və insanlara münasibəti nəzarətə götürülməli, tənzimlənməlidir. Həmçinin real cəzalar tətbiq olunmalıdır. Heç bir güc və qorxu nümayişi, ya da sərt çıxışlar insanların gərilmiş əsəblərini sakitləşdirə bilməz. Bu sui-qəsdin təşkilatçılarına ən azı bizə olduğu qədər bəllidir. Ancaq optimist olaq, mütləq hədəfdən yayına biləcəyik. Azərbaycanın buna qüdrəti də, qüvvəti də yetir, kimsə sevinməsin… (musavat)


Paylaş Fakttv.com

Comment here