İdmanMANŞETÜSTÜ

Gülə-gülə, kapitan…

sad.jpg

Gözlərimiz onu görməyə o qədər alışmışdı ki, bundan sonra yoxluğuyla barışmaq çətindi. Futbolçu kimi futbolçu, insan kimi insan, şəxsiyyət kimi şəxsiyyət. Hər nə qədər yazmaq çətin olsa da, Çexiya ilə bugünkü oyun Rəşad Sadıqov üçün yığmada sonuncu olacaq.

 

Sabahdan kürəyində “14” nömrəni, qolunda sarğını daşıyan, komanda yoldaşlarına özünəməxsus şəkildə tapşırıqlarını verən, oyundan əvvəl əlindəki vimpellə hakimlərə yaxınlaşan Rəşadı millidə görməyəcəyik. Getməyə qərar verdi.

 

Getməliydi, ya yox – bunu özündən yaxşı bilən olmaz. İstənilən halda, ölkənin bir nömrəli komandası üçün olduqca ciddi itkidi. Digər tərəfdən, yoxluğuyla barışmaq olmur. Çünki o, təkcə futbolçu və kapitan deyildi. Özünə və şəxsiyyətinə hörmət etməsi ən birinci qanun olub onun üçün. Milyonların sevgisini də məhz bu keyfiyyətlərinə görə qazanıb.

 

Legioner həyatı yaşayıb, Azərbaycanı xaricdə təmsil etmək üçün dəfələrlə çabada bulunmuşdu. 2002-2003-cü illərdə ölkə futbolsuz qalanda İrana gedib “Fulad”ın şərəfini qorumuşdu. Sonradan “Neftçi”yə qayıtmışdı və çox keçmədən xaricdə oynamaq eşqi Sadıqovu bu dəfə Türkiyəyə – “Kayserispor”a aparmışdı. Ardınca “Kocaelispor” və “Əskişəhərspor”. Özünün də dediyi kimi, mərkəz müdafiəçilərinə xas boyu olsaydı, bəlkə də indiyə qədər legioner həyatı yaşayar, yığmadan getməyi ağlının ucundan keçirməzdi.

 

Onun üçün prioritet bacarığını ölkə daxilində göstərib “bir nömrə” olmaq deyildi. Güzgü kimi Avropanı görürdü. Elə bu səbəbdən də 2008-in qışında “Valyadolid”ə baxışa yollanmağı özünə ayıb bilməmişdi. Bəli, baxışa kifayət qədər tanınan, ölkə daxilindən hədsiz təklif alan həmin Rəşad Sadıqov idi. Çünki yekəxanalıq, “mənəm-mənəm”lik ondan uzaq idi. Azərbaycan futbolunun yetirməsi olduğunu yaxşı bildiyindən, reallığa uyğun addım atırdı. Pulu yox, şəxsiyyətini və ölkəsini düşünürdü. Xeyirxahlığına, danışıq qabiliyyətinə, mimikasına görə neçə-neçə insanlarda futbola maraq yaratmağı bacardı.

 

Təsadüfən idman xəbərlərinə baxan futboldan xəbərsiz birinin Rəşadın açıqlamasını dinləməsi kifayət idi ki, o adamda futbola maraq oyansın. Rəqibin kimliyindən asılı olmayaraq, iddiasını ortaya qoyar, millinin heç bir rəqibdən zəif olmadığını göstərməyə çalışardı. Etdiyi yaxşılıqları heç vaxt dilinə gətirməzdi. Neçə-neçə imkansıza, şikəstə, yetimə etdiyi maddi dəstəyi, kasıb qıza cehiz alması üçün etdiyi köməyi boynuna almadı. Reklam dalınca qaçmadı, özünütərifdən uzaq oldu.

 

Həlledici məqamlarda mətbuatın gündəmində olmamağı üstün tutdu. 9 ildi bu sahədə çalışan, Rəşadı yaxından biri kimi vacib anlarda etdiyim zənglərə hansı cavablar aldığımı yaxşı bilirəm. İki ilə yaxın maşınsız qaldığı dönəm var idi. Qardaşının, dostlarının maşınlarında gəzdi, taksilərdən istifadə etdi. Bir dəfə müsahibəyə görə redaksiyaya gələndə, evə qayıtması üçün yaxınlıqda harda taksiyə otura biləcəyini soruşmasının özü sadəlik, insanlıq nümunəsiydi. Guya “Galenvagen”, ya da “Bentli” alacaq imkanı yox idi? Yoxsa kimsə qadağa qoymuşdu? Qətiyyən!

 

Sabahı bu günündən üstün tutduğuna görəydi. Bəlkə də çoxları bilmir, Rəşad mətbuatı anbaan izləyən tək-tük futbolçulardandı. Bəzən söhbət əsnasında elə yazıdan söz aça bilər ki, sənin yadına gəlməz, çaşıb qalarsan. Təkcə özü haqda yazılanları yox, ölkə futbolunda başverənləri diqqət mərkəzində saxlayır, hansısa gözlənilməz xəbərin doğru olub-olmadığını aydınlaşdırmaq üçün özünü dağa-daşa vurur. Komandası udsa da, uduzsa da, digərlərindən fərqli, kamera və mikrofonlar qarşısına keçib deməyə söz tapıb. “Biz buyuq, bacardığımız budu” sözlərini dilinə gətirməyi özünə ar bilməyib.

 

Suraxanıda, “Azərsun Arena”nın yaxınlığında üç jurnalistin yolun kənarıyla getdiyini görəndə maşını saxlayıb, aşağı düşüb, əl sıxıb görüşəcək qədər sadə davranıb. Üç ildi futbol oynamağa başlayan, əlifbada neçə hərfin olduğunu bilməyən, amma 5 manat pul görüb başını itirən indiki gənclərə nümunə olub. Norveçlə oyundakı avtoqola, Şimali İrlandiya ilə oyunda topu uzaqlaşdıra bilmədiyinə görə bütün məsuliyyəti üzərinə götürüb, “mənim səhvimdi” deyib. Amma heç bir halda, komanda yoldaşlarını suçlu görməyib, başqalarının səhvlərini qabartmayıb.

 

Millimizdə oynamağı özünə layiq bilməyən atası azərbaycanlı Aleksandr Səmədovun Azərbaycan – Rusiya qarşılaşmasından əvvəl dilinə gətirdiyi “onları meydanda cəzalandıracağıq” sözlərini unutmamısız ki? Hədəylə barışa bilmədiyindən, mətbuat konfransında jurnalistlərin önünə çıxıb Səmədova ona doğma olan rus dilində cavab verən, bununla da matçdan sonra Aleksandrı özünə yaxınlaşıb üzr istəməyə məcbur edən həmin Rəşad Sadıqov olmuşdu. Kapitan bu cəsarətin sahibi olub, bu keyfiyyətləri daşıyıb. Ona görə də gedişiylə, yoxluğuyla barışmaq çətindi.

 

Bu gedişlə çətin ki, bundan sonra yığmanın yükünü çiyinlərində daşıya bilən, ağıllı addımlarıyla həm komanda yoldaşlarına, həm də rəqiblərə örnək olan biri çıxsın ortaya. Bir futbolçu adına bütün xoş sözləri 16 ildə yığmanın şərəfini qorumaqla haqq etdi. Bu gün onu onminlər yola salacaq. Ayaqüstə alqışlanacaq, göz yaşlarını nə özü, nə də millini Rəşada görə sevənlər saxlaya biləcək. Getsə də, ürəyi yığmayla döyünəcək. Çətin olsa da, deməyə məcburuq: gülə-gülə, kapitan…

 

Həbib Aslanov

Comment here