ManşetMANŞETÜSTÜ

GƏNC, ALİ MƏKTƏBLƏRİ YENİ BİTİRMİŞ ŞƏXSLƏRDƏN STAJ TƏLƏB OLUNUR

GƏNC, ALİ MƏKTƏBLƏRİ YENİ BİTİRMİŞ ŞƏXSLƏRDƏN STAJ TƏLƏB OLUNUR

Nəticədə Vəkillər Kollegiyası hüquq sahəsinin “qaymaq”larını, savadlı gəncləri əldən qaçırmış olur

İmtahanda iştirak edənlərin sayının çox olması bölgələrdə vəkil çatışmazlığı probleminin müəyyən qədər həllinə gətirib çıxaracaq

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov vəkilliyə qəbul imtahanına namizədlərin sayının rekord təşkil etdiyini bildirib. Onun sözlərinə görə, test imtahanında ölkəmizin bütün regionlarından namizədlər iştirak ediblər.
“Regionlarda vəkillərin azlığı ilə bağlı problem bu imkanlar nəticəsində həllini tapacaq. Dövlət İmtahan Mərkəzi ilə əldə edilən razılığa əsasən gələcəkdə də vəkilliyə qəbul imtahanları tez-tez keçiriləcək və bütün namizədlər üçün lazımi şərait yaradılacaq”.
Sədr qeyd edib ki, imtahan yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə şəffaflıq şəraitində aparılıb.
İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid, hər biri 1 balla qiymətləndirilən 100 sual təqdim olunub. Ən az 60 suala cavab verən şəxslər lazımi keçid balını toplayaraq növbəti mərhələyə buraxılacaqlar.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov əvvəlcə sosial şəbəkələrdə imtahanın çətinliyi ilə bağlı səslənən fikirlərin əsassız olduğunu deyib. O bildirib ki, bu il sualların 60 faizi asan, 22 faizi orta, 18 faizi isə mürəkkəb olub: “Sualların əlaqəsiz olduğu haqqında fikir yürüdənlər də bu məsələdə haqsızdır. Çünki imtahandan 1 ay əvvəl imtahan proqramı verilmişdi. İmtahan proqramında sualların düşəcəyi qanunvericilik sahələri göstərilib. Vəkillər Kollegiyasının Rəyasət heyətinə qarşı imtahan sualları ilə bağlı bu kimi iddialar irəli sürməyin hüquqi əsası yoxdur. Savadlı şəxslər lazımi imtahan nəticəsini göstərə bilib.
Vəkillər Kollegiyasına üzvlük üçün tələb edilən 3 illik stajla bağlı gənc hüquqşünasların narazılığı ilə qarşılaşırıq. Bildirmək istərdim ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin tələbinə əsasən sənəd qəbulu bu cür müəyyən edilib. Gələcəkdə bu qanun dəyişdirilərsə, uyğun addımlar atılacaq, yeni şərtlər qeyd ediləcəkdir. Ümumilikdə, qanunun dəyişdirilməsi məqsədəuyğundur.
Çünki gənc, ali təhsil müəssisəsini yenicə bitirmiş şəxslər staj tələb edilməyən sahələrə üz tutur. Nəticədə Vəkillər Kollegiyası hüquq sahəsinin “qaymaq”larını, savadlı gəncləri əldən qaçırmış olur. Ona görə, Vəkillər Kollegiyası olaraq istəyimiz, tələb olunan iş stajı müddətinin 1 ilə qədər endirilməsidir. Amma təəssüf ki, Vəkillər Kollegiyasının qanunvericilik təşəbbüsü hüququ yoxdur. Buna baxmayaraq, müvafiq orqanlar qarşısında məsələni qaldıra bilərik. Ümid edirik ki, yaxın vaxtlarda bu problem həll ediləcək. Vəkilliyə müraciət edənlərin sayı bundan sonra daha da artacaq. Yeni rəhbərlik də məhz buna çalışır. Dövlət İmtahan Mərkəzi (DİM) ilə ilkin razılığa əsasən imtahanlar müntəzəm əsaslı olacaq. Həmçinin, sənəd qəbulu hər zaman mümkün olacaq. Sənədlər yığıldıqda, DİM-ə göndəriləcək, imtahan təşkil olunacaq. Çünki Vəkillər Kollegiyasının üzvlüyünə ştat məhdudiyyəti yoxdur”.
Vəkil Adəm Məmmədov isə bildirib ki, imtahanda iştirak edənlərin sayının çox olması bölgələrdə vəkil çatışmazlığı probleminin müəyyən qədər həllinə gətirib çıxaracaq:
“Təxminən 607 nəfər keçid balını toplaya bilib. Hesab edirəm ki, bu qədər şəxsin bal toplaması hüquqi problemləri aradan qaldıracaq. Bu vaxta kimi vəkillər kollegiyasına namizədliyini verənlərin sayı bu qədər olmamışdı. Əsas məsələ odur ki, artıq hüquq mühafizə, prokurorluq orqanlarının əməkdaşları da öz namizədliyini irəli sürüblər. Əlbəttə ki, bütün bunlar vəkillik institutunun inkişafına gətirib çıxaracaq və müəyyən problemləri həll edəcək”.
Yeganə Bayramova

 

Comment here