DünyaManşetMANŞETÜSTÜ

Fuad Muradov: Avropa İttifaqı Ermənistana qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir

Fuad Muradov: Avropa İttifaqı Ermənistana qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir

Kiyev, 1 noyabr, AZƏRTAC

Avropaya inteqrasiyanın qapıları onların standartlarına cavab verənlər üçün açıq olmalıdır. Ermənistan Avropa İttifaqının inteqrasiyasına nümunə ola bilməz. Ermənistan “Şərq Tərəfdaşlığı”nın digər üzv ölkəsinin ərazisini işğal edən dövlətlə eyni komandada yer alır. Bu, yolverilməzdir. Avropa İttifaqı Ermənistana qarşı real hərəkətə keçməli, ciddi iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Avronest Parlament Assambleyasının VI sessiyasının plenar iclasında çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal etməsi ölkəmizin Avropa yolunda Avropa İttifaqı ilə Azərbaycan arasında bütün sahələr üzrə dinamik əməkdaşlığına zərər vurur.

F.Muradov bildirib ki, Azərbaycan Avropa İttifaqı və onun institutları ilə münasibətlərin inkişafında, dərinləşməsində maraqlıdır. Azərbaycan və Aİ arasında həmişə iqtisadi, siyasi və mədəni sahədə yaxşı dialoq mövcud olub.

“Azərbaycan Avropa İttifaqı ilə terrorizmə qarşı mübarizədə səmimi əməkdaşlıq edib, enerji sahəsində də Aİ-nin mühüm tərəfdaşıdır. Azərbaycanın həyata keçirdiyi layihələr Avropa İttifaqı ölkələrinin enerji təchizatının şaxələndirilməsində həlledici əhəmiyyətə malikdir. Oktyabrın 30-da Asiya və Avropa arasında ən qısa və ən etibarlı nəqliyyat dəhlizi olan Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətə başladı. Bu, Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat əlaqələrində mühüm addımdır”, – deyə F.Muradov əlavə edib.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Comment here