GündəmMANŞETÜSTÜ

“Filankəsdən ehtiyatlı ol, demaqoq adamdır”

Demaqoq…

Hələ uşaq olanda kimisə barmaqla göstərib deyərdilər ki, “filankəsdən ehtiyatlı ol, demaqoq adamdır”. Mən də kənar gəzərdim. Rayonda bir ağsaqqal kişiyə də o adı vermişdilər. Yazıq kişi hər dəfə başımı sığallayıb deyəndə ki, “oğlum, necəsən? Atan necədir?”, qorxumdan heç nə deməzdim. Çox sonralar bildim ki, bu kişi qanunsuzluğu görəndə dözə bilmirmiş və raykom adamları onu gözdən salmaq, öz əməllərini ört-basdır etmək üçün adını demaqoq qoyublar. Bununla da, başa düşməyənlər ondan qaçırmışlar.

Bir dəfə Azərbaycanın rayonlarının birində bir kişi yuxarılara xeyli şikayət məktubları ünvanlayarmış. Harda qanunsuzluq görərmişsə, tez bu barədə öz etirazını bildirərmiş. Bu işin üstündən neçə il keçib, amma kişi məktublarını yazmağa davam edib. Axırda raykomun 1-ci katibi onu kabinetinə çağırıb, qarşısına çay qoyub və soruşub ki, “a kişi, sənin dərdin nədir?”. Kişi ancaq bu sözü deyib: “Daha yazmayacağam. Siz ki, məni adam balası kimi kabinetə çağırıb, “sənin dərdin nədir” sualını verdiniz, daha yazmayacağam. Mənə təsir edən o idi ki, siz məni adam yerinə qoymurdunuz. Bax mənim istədiyim bu idi. Adamlara laqeyd yanaşmayın”. Bu sözü deyib və kabinetdən çıxıb. Daha o gündən rayon barəsində yuxarılara heç nə yazmayıb.

Əslində, “demaqoq” “populist” və “xalq siyasətçisi” kimi də tərcümə olunur. Belə çıxır ki, indi mən siyasətçi olmasam da, xalqın hansısa şikayətini harasa çatdırıram. Köhnə dövrün qaydaları ilə desək, indi mən demaqoq sayılıram. Müasir dövrün qaydaları ilə desək haqqın tərəfdarı. Əgər hər hansı qanunsuzluq görüb dillənirəmsə, deməli demaqoqam.

Axı, mən marketdə necə qışqırmayım ki, heç bir səbəb olmadan vəziyyətdən sui-istifadə edib ölkədə istehsal olunan məhsulların qiymətini süni şəkildə qaldıran biznesmenlərimiz, iqtisadçı Əli Məsimlinin sözü ilə desək “Vətənsizlər” var. “195-2” qaynar xəttinə zəng etmək istədim, satıcı pıçıldadı ki, “müdürə deyin ki, içəridə demaqoq var, özünü çatdırsın”. Müdir də gəlib dedi ki, “sizə köhnə qiymətdən verəcəyik”. Beləcə, köhnə qiymətdən aldım. “Demaqoq” olmayanlara isə təzə qiymətdən sırıdılar.

Axı mən necə danışmayım ki, Suraxanı rayonunun Hövsan qəsəbəsindəki “Həyat” marketin qarşısındakı dayanacaq 3 aydır ki, qəzalı vəziyyətdədir. Düz 3 ay bundan əvvəl bir sürücü avtomobilini ora çırpıb, dayanacağın şüşələri qırılıb, dirəkləri kökündən çıxıb. Onun altında duran məktəblilərin həyatına təhlükəni görüb necə deməyim bunları?! Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları isə hələ də o dayanacaq barədə ölçü götürmürlər. Hərbi hissənin yanındakı zibillikdən isə dağ yaranıb. Məgər ora normal zibil qutuları qoymaq bu qədərmi çətindir? Halbuki, düz bir ildən çoxdur ki, sakinlər zibil dağının yanından ötüb keçirlər. Əgər kimsə bu üfunətə danışmırsa, bu o deməkdir ki, iş görülməməlidir?

Axı mən necə danışmayım ki, Çay Evlərində qəlyan vermək olmaz, bu ağ ciyərin funksiyasına ciddi təsir göstərir, gənclərdə vərəm çöpləri yaradır. Axı necə danışmayım ki, dəfələrlə qeyri-qanuni fəaliyyət göstərən çörəkxanalar, qənnadı sexləri bağlansa da, 3-5 gündən sonra yenidən işlərini davam etdirirlər. Axı necə danışmayım ki, bəzi dönərxanalarda tərkibi bilinməyən ətlər mövcuddur, aidiyyatı qurumlar 3-5 manat cərimə ödərtdirməklə işlərini bitmiş hesab edirlər. Yeməkxanalarda təmizliyə riayət olunmur, avtobusların əksəriyyətinin salonu kir içindədir, metrodakı 4 esaklatordan ikisi işləyir, basabas olur, bəzən qatarların intervalında gecikmələr yaranır, adamlar vaxtında işə çata bilmirlər, nağıl kitablarında mənəviyyatımıza zidd olan nümunələr yer alır. Axı mən bunları görüb necə danışmayım?

“Yol əhvalatı” filmində bir qoca kişi əvvəlcə təyyarəyə buraxılmır. Çünki o kişi demaqoq idi. İçəridə Qurban müəllimin qoyunlarını görüb dözə bilməyəcək, bu qanunsuzluğu dilinə gətirəcəkdi. Ona görə də bəzən açıq-aşkar edilən qeyri-qanuni əməllərə heç cür dözmək olmur. Prezidentimiz dəfələrlə məmurlara tapşırır ki, adamlarla etik davranın, öz işinizin məsuliyyətini dərk edin. Bəziləri bu tapşırığa əməl etsə də, bəziləri öz əməllərini hələ də davam etdirirlər. Deməli, hər bir rayonun öz demaqoqunun olması zəruri məsələdir. Ki, qanunsuz əməllər barədə daim məlumat verilsin

FAKTTV. Coşqun Abdullayev

Comment here