GündəmMANŞETÜSTÜ

Dollarla olan əmanətlərin payı azalır – SƏBƏBLƏR

Dollarla olan əmanətlərin payı azalır – SƏBƏBLƏR

Cəmi bir il əvvəl dollarlaşmanın yüksək səviyyəsi bank sektorunda ciddi müzakirə mövzusu idi. Bu ilin 9 ayı üzrə açıqlanan rəqəmlər isə dedollarlaşmanın səviyyəsi düşür. Maraqlıdır: nəyin hesabına?

Fakttv.com Oxu.Az istinadən xəbər verir ki, Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən, ötən 9 ayda əhalinin xarici valyutada əmanətləri 2% artıb və 5 mlrd. 128,9 mln. manat təşkil edib.

Son nəticədə xarici valyutada olan əmanətlərin həcmi ümumi əmanət portfelinin 62,5%-ini tutub. Halbuki, 2017-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 66,5% təşkil edirdi.

2018-ci ilin yanvar-sentyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi isə 21,2% – 3 mlrd. 70,2 mln. manatadək artıb. Bu isə bütün əmanət portfelinin 37,5%-ini tutur.

Göründüyü kimi, manatla olan əmanətlərin həcmində artım 19% daha çoxdur. Səbəbinə gəlincə, qeyd etmək olar ki, bu təbii seçimlə baş vermir. Çünki bankların əksəriyyətinin dollar ehtiyatı kifayət qədər yüksəkdir və  dollarla olan əmanətləri qəbul etməkdə maraqlı deyil. Məsələn, ölkənin ən iri əmanət banklarından biri olan Kapital Bank dollarla olan əmanətlərə 0,25-0,1 faiz təklif edir.

Bu isə faktiki olaraq, gəlir vəd etmir, sadəcə pulun bankda saxlanması deməkdir. Eyni bankın manat əmanətlərinə təklifi isə 7 faizdir.

Təbii ki, burada manatın stabilləşmə faktoru da rol oynayır, amma bu o qədər də güclü amil sayıla bilməz. Üstəlik, ərzaq məhsullarında və nəqliyyat daşımalarında qiymətlərin artımı faktiki olaraq əhalinin yığım imkanlarını azaldıb.

2018-ci ilin yanvar-sentyabr aylarında əhalinin bank əmanətləri (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,4% artaraq 8 mlrd. 199,1 mln. manata yüksəlib.
30 sentyabr 2018-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 mlrd. 363,5 mln. manat, qeyri-rezidentlərin – 835,7 mln. manat təşkil edir.

Yanvar-sentyabr ayları ərzində rezidentlərin əmanətlərinin həcmi 8%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 12,2% artıb.

Xatırladaq ki, Azərbaycan respublikasında daimi yaşayış yeri, vətəndaşlığı olan şəxslər rezidentlərdir.

Xarici diplomatik, beynəlxalq nümayəndəliklər isə qeyri-rezidentlərə daxildir. Artımdan da görünür ki, xarici vətəndaşlar pullarını bankda saxlamağa adət etdiklərindən, artım tendensiyasında öndədirlər. Vətəndaşlarımız isə bank sektoruna sarsılmış inamlarını hələ də bərpa edə bilməyiblər.

Ümumilikdə 2018-ci il oktyabrın 1-nə banklarda əmanət və depozitlərin həcmi 21 mlrd. 583,6 mln. manat təşkil edir. Bu isə 2017-ci ilin sonuna olan göstəricidən 4,8% çoxdur.

Comment here