MANŞETÜSTÜ

CƏBHƏDƏN GÖNDƏRİLƏN 75 YAŞLI MƏKTUB


Mənzilimin bir hissəsinin qanunsuz olaraq sökdürülüb-dağıdılması ilə əlaqədar şəxsi arxivimi səliqəyə salarkən ömrümün 43 ilini həsr etdiyim jurnalistika dünyamda bir çox maraqlı sənəd və şəkillərə rast gəldim. Bu çox dəyərli sənədlərdən biri də Böyük Vətən müharibəsinin od-alovu içində yazılan, barıt tüstüsü qoxuyan, çox iri böyüdücü şüşənin köməyi ilə çətinliklə oxuya bildiyim bu məktubdur. Onu 75 il qabaq bir zərdablı döyüşçü cəbhədən yazıb doğulduğu Zərdab rayonunun Qoruqbağı kəndindəki doğma və əzizlərinə göndərib..
Fikir verin, bu qeyrətli eloğlumuz əlində avtomat faşist ordusunun növbəti hücumu ərəfəsində də evdəkilərə “kefimiz kökdür”, “bizdən heç xətərə etməyin, bizim xətərəmiz sizdəndir” yazır.
O ağır günlərdə, düşmən mərmisinin hər an başı üstündə partlaya biləcəyi bir məqamda fikir-xəyaldan gecələri dirigözlü açan ailə üzvlərinə belə toxtaqlıq verməyə nə boyda ürək lazımdır, İlahi!
Çox şükür ki, geniş qəlbli bu igid həmyerlimiz cəbhədən salamat qayıtmış, uzun müddət doğma kəndin məktəbində təsərrüfat müdiri işləmişdir.
Allah rəhmət eləsin!
Həmin məktub-açıqcanı və mətnini olduğu kimi sizlərə təqdim edirəm:
Az. SSR. St. Udjarı
Rayon Zardob, S/S Melikli
Selo Qoruxbaqı, paluçit
İbraqimov Qummat Mustafa oqlu.
Polevaya poçta (səhra poçtu—İ.Ə.) St. 1866-1986 S/P
Rota aftomatçikov
Ot İbraqimov Paşa Sadi oqlu
28. 09.1942

ŞANLI MƏKTUB
Unudulmaz və daimi yadımdan çıxmayan əmi, salam. Salamdan sonra zəhmət çəkib bu tərəfin əhvalını xəbər alsan şükür bircə Allaha sağ və salamat varıq. Sizin də sağ və salamat olmağınızı daimi bircə Allahdan arzu edirəm. Hümmət əmi, biləsən ki, kefimiz kökdür. Günüzü bir yerdə oluruq. Mənə evimizdən pul göndəriblər, gəldi çıxdı. Qardaşın adına, göndərən dədəmin adına, mənə, aldım. 30 m. Tapdığa verdim. İndi qardaşa yazıblar ki, pul sənindir. Evdə özləri razılaşarlar. Kefimiz kökdür. Bizə çoxlu kağız yazın görək nə təhərsiniz. Bizdən heç xətərə etməyin, bizim xətərəmiz sizdəndir. Bu gün dörd məktub yazdım, ikisin öz evimizə, bir Mecidə, bir sənə. Ta nə yazım?
İmza sənin qardaşın oğlu Paşa 28. 09. 42.

İsaməddin Əhmədov.

Comment here