Cəmiyyət

Bakının məşhur “5 mərtəbə”sinin həyətində inşa edilmiş futbol meydançasının açılışı olub-FOTOLAR

Bakının məşhur “5 mərtəbə”sinin həyətində inşa edilmiş futbol meydançasının açılışı olub.
Bu barədə Millət vəkili Elnur Allahverdiyev facebook səhifəsində paylaşıb.
Huquqaz.com  mətni sizlərə təqdim edir:
Bu gün Bakımızın məşhur “5 mərtəbə”sinin həyətində inşa edilmiş yeni futbol meydançasının açılışını etdik və sakinlərin istifadəsinə verdik. Binanın həyətində stadionun tikilməsi xahişini ötən il seçki kampaniyası çərçivəsində sakinlərlə keçirdiyimiz görüşdə gənclərimiz etmişdilər. Futbol tariximizin əfsanəsi, tanınmış hakim Tofiq Bəhramov vaxtilə bu binada yaşayıb. Başqa sözlə, burada futbol ənənələri var və onları davam etdirmək lazımdır.
Elə həmin görüşdə qərara gəldik ki, həyətdə futbol meydançasının inşasına çalışacağıq. Ötən il pandemiya planlarımızı ləngitsə də, layihəmizin icrası təxirə salınmadı. Söz verildisə, yerinə yetirilməlidir. Fürsətdən istifadə edib hərtərəfli dəstəyə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, dairəmizin ərazisində, daha iki ünvanda futbol meydançaları inşa olunacaq. Sabahdan etibarən Nərimanov prospekti 57/24 saylı binanın həyətində yeni meydançanın tikintisinə start veriləcək. Sosial tərəfdaşlarımızın köməyi ilə inşaat işləri üçün tələb olunan materiallar artıq alınıb.
Dairəmizdə görəcəyimiz işlər sırasında gənclərimiz və uşaqlarımıza sağlam həyat tərzinin təbliği üçün tədbirlərin xüsusi yeri var. Pandemiya ilə əlaqədar məhdudiyyətlər aradan qalxdıqca bu istiqamətdə fəaliyyətimiz intensivləşəcək. “5 mərtəbə”dəki futbol meydançası bu tədbirlərimizdən ilkidir.
Sakinlərimizə xeyirli olsun!
Tezliklə bu meydançadan futbolumuza gənc istedadlar bəxş edilsin!

Comment here