ManşetMANŞETÜSTÜ

Bakıda ətin qiyməti bahalaşır- görün neçəyə olacaq +FOTO

Bakıda ətin qiyməti bahalaşır- görün neçəyə olacaq +FOTO

Bakıda ətin qiyməti bahalaşır- görün neçəyə olacaq +FOTOYol kənarlarında, küçədə antisanitariya şəraitində ət kəsiminin qadağan edilməsi, onların yerinə stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrinin yaradılması qərarından sonra qəssablara sallaqxanaların mağazalarla əvəzlənməsi üçün 1-2 ay vaxt verilib. Mağazanın qarşısında diri heyvan saxlanılması da qadağan olunub. Amma virtualaz.org-un paytaxtın əksər ərazisində apardığı müşahidələrə görə, xüsusilə məhəllələrdə, Bakıətrafı qəsəbə və kəndlərə gedən yollarda hələ də heyvan kəsilir. Heyvan kəsimi üçün istifadə olunan “dar ağacları” da küçələrdən yığışdırılmayıb.

Yeni Yasamaldakı məşhur sallaqxanalar isə yığışdırılıb. Qəssablardan kimi mağaza icarəyə götürüb, kimisi də bıçaq-baltası ilə Yasamal bazarında piştaxta arxasına keçib. Qəssab Maqsud Əliyev deyir ki, məcburi köçkün kimi Yasamaldakı yataqxanada məskunlaşandan ət satışı ilə məşğuldur. İmişli və Beyləqandan diri heyvan gətirir, sağlamlığına dair baytardan arayış alandan sonra kəsir. Hələlik sahə müvəkkili gəlib, küçədə hamının gözü qarşısında heyvan kəsməməyi tapşırıb. O da heyvanı gecə saat 3-dən sonra kəsir. “Dedilər ki, hər rayonda bir kəsim məntəqəsi olacaq. Yasamalda da məntəqə tikiləcək, biz də əti ordan alacağıq”, – Maqsud söyləyir.

Maqsudun mağazasının yaxınlığında daha 2 qəssabxana var. Mağazaların qarşısında qoyun saxlanılır. Satıcılar foto çəkməməyi xahiş edirlər. Deyirlər ki, sahə müvəkkili xəbər tutsa, canlarını cərimə ilə qurtara bilməyəcəklər. Qəssablardan Davud Əzimov isə narahatdır. Onun sözlərinə görə, fərdi qaydada rayonlardan diri heyvan gətirə bilməyəcək. Camaat isə gözü qarşısında kəsilməyən heyvanın ətini almır. Baytarın verdiyi sağlamlıq arayışı ilə maraqlanan yoxdur, heyvanın göz önündə kəsilməsi arayışdan keçərlidir.

Qəssablardan biri isə sallaqxanaların ləğvi ilə ətin qiymətini ən azı 15 manata qaldırılacağını düşünür. Söyləyir ki, mağazanın icarəsinə ayda 700 manat ödəyir, 2 soyuducu işlədiyi üçün tək işığa aylıq 80-100 manat ödəyir. “Hələ vergi, su, kanalizasiya, tullantıların daşınması xərclərini nəzərə almıram. İndi kəsim, ətin daşınma xərcləri də üstünə gələcək”, – qəssab gileylənir.

Hövsanda məhəllələrdə azı 10-15 sallaqxana fəaliyyətdə olub. Sahə müvəkkili tapşırıb ki, saat 11-dək əti satıb qurtarsınlar. Qəfil yoxlama gəlsə, küçədə sallaqxana görünməsin, yaxud da hələlik mağaza icarəyə götürsünlər. Amma satıcıları söz verilib ki, imkan olan kimi şərait yaradılacaq, evlərinin qarşısında heyvan kəsib sata biləcəklər.

Son 1 aya qədər Zığda heyvan elə yol kənarında, hamının gözü qarşısında kəsilib, qanı küçəyə axıdılıb, baş-ayağı mağazanın girişinə qoyulub. İndi isə küçədə heyvan kəsilmir, amma mağazaların birinin qarşısında heyvan baş-ayağı var, iylənmiş baş-ayağın üfunəti dayanacağa qədər yayılır. Sakinlər deyirlər ki, qadağalar kənar məhəllələrə hələ gedib çatmayıb.

Xətai rayonunda, Gəncə prospektindəki qəssabxanaların da əsas müzakirə etdiyi mövzu heyvanın müştərinin gözü qarşısında deyil, məntəqədə kəsilməsidir. Satıcılardan biri deyir ki, nə olacağını gözləməkdən başqa çarə yoxdur.

Qeyd edək ki, il ərzində ölkədə 5 milyon baş heyvan kəsilir.

Paylaş Fakttv.com

Comment here