Siyasət

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir

 

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, sonraki illərdə həyata keçirilən tədbirlər və atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur. Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir.Nəqliyyat infrastrukturunun diversifikasiyası, beynəlxalq yük və sərnişin daşımalarının ölkələrimizin ərazisindən tranzitinin daha da artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biri ölkələrimizin rəhbərlərinin təşəbbüsü və iradəsi ilə “Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti” layihəsinin reallaşdırılması olmuşdur. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Çünki Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Həmçinin Qarabağın reinteqrasiyası və reabilitasiyasında, habelə bütün bölgədəki konyunktura dəyişikliyinin bərabərində gətirdiyi perspektivlərdən yararlanılmasındatürk iş adamlarının fəal iştirakı gündəmdədir..İnfrastruktur layihələrində, Füzuli-Şuşa arasındakı Zəfər yolu, Toğana-Kəlbəcər yolu, habelə Füzulidə tikiləcək hava limanının tikintisində türk şirkətlərinin fəal iştirakı artıq təmin olunub. Azərbaycanda həyata keçirilən quruculuq işləri, habelə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin qəbul edilməsi türk investorlar üçün geniş imkanlar və perspektivlər vəd edir. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək yeni bir dəhliz – Zəngəzur dəhlizi artıq beynəlxalq müstəvidə də “Zəngəzur dəhlizi” adı ilə təsbit edilmiş və aktuallaşmışdır. Bu dəhliz təkcə Türkiyə ilə Azərbaycan arasında deyil, o cümlədən region ölkələrinin çoxtərəfli ticari-iqtisadi əlaqələrinin daha da inkişaf etməsinə təkan verəcəkdir. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə qazandıra bilər.. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.

 

Feyzulla Aslanov, Saatlı rayon Məmmədabad kənd tam orta məktəbin tarix müəllimi

Comment here