Cəmiyyət

Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır

Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır

Təəssüf ki, dünyada səhiyyə sisteminin bu qədər inkişaf etməsinə baxmayaraq, COVID-19 pandemiyası yayılmağa başladığı ikinci ilində də tüğyan edir. Azərbaycan isə COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir. Dövlət başçısının təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, mayında Qoşulmama Hərəkatının Zirvə toplantıları, dekabrında isə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq qalaraq, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə vəsaiti ayırıb, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib. 2021-ci il aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında qurumun Baş direktoru Tedros Adhanom Gebreyesusun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Dövlət başçısı videomüraciətində əsas diqqəti bir daha koronavirus pandemiyasından qorunmaqla bağlı mübarizədə mühüm amil hesab edilən vaksinasiyaya yönəldib. Bildirilib ki, builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir: “ Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək..” Prezident onu da vurğulayıb ki, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb, hansı ki bu il martın 23-də konsensus əsasında qəbul edilib: “…Azərbaycan həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

Saatlı rayon gənci,
Səmədağa Məmmədov

Comment here