DünyaManşetMANŞETÜSTÜ

ARAŞDIRMAÇI-JURNALİST RUSLAN BƏŞİRLİ AKTUAL MÖVZUYA TOXUNDU

Bərzani “referendum”u, ABŞ-İran müttəfiqliyi və Kərkükün “azad edilməsinin” pərdəarxası – İraqa Həccac, ya da Səddam lazımdır ? (Ruslan Bəşirlinin yazısı)

Bərzani “referendum”u, ABŞ-İran müttəfiqliyi və Kərkükün “azad edilməsinin” pərdəarxası – İraqa Həccac, ya da Səddam lazımdır ? (Ruslan Bəşirlinin yazısı)

İraq torpaqları qədim sivilizasiyaların məskənidir, amma eyni zamanda bu ərazi dünyanı heyrətə gətirən fitnələrin də məskənidir. İslamiyyətin ilk dövrlərində bu ərazi daha çox fitnələrlə məşhur idi. Bunlardan ən məşhuru isə Məhəmməd Peyğəmbərin (s.a.s) nəvəsi İmam Hüseynin (r.a) İraqın Küfə şəhərinin sakinləri tərəfindən aldadılması və ona xəyanət edilməsidir.

Avropa.info xəbər verir ki, bu torpaqlarda sadəcə iki dəfə əmin-amanlıq, asayiş mövcud olub. Bunlardan biri 661- 714-cü illərdə İraqın hakimi olmuş Həccac ibn Yusifin dönəmində, digəri isə Səddam Hüseynin hakimiyyəti dövründə idi. Lakin bu əmin-amanlıq məhz zülm , qan bahasına başa gəlib. Həccacın İraq hakimi olduğu dövrdən yazan tarixçi İbn əl Əsir “əl-Kamilu fit-Tarix” kitablarında yazır : “Elə ki Həccac ibn Yusif İraqın hakimi vəzifəsinə təyin olunaraq öz hakimiyyətinin qərargahı olan Kufəyə daxil oldu, ilk nitqini (müraciətini)  qorxutma, çoxlu hədə ilə başladı və bununla da özünün qaniçən olduğunu göstərdi. Ilk nitqində işlətdiyi cümlələrdən biri də bu idi: “Ey İraq xalqı! Ey təfriqəçi, nifaqçı və ən pis sifətlərə malik olanlar! And olsun Allaha ki, mən sizin aranızda ucalmış boyunlar və biçilmək vaxtı yetişmiş çoxlu başlar görürəm! Və bu mənim işimdir! Ey İraq əhalisi! Bilin, and olsun Allaha mən nə sizin səhvinizi bağışlayacağam, nə də sizin üzrünüzü qəbul edəcəyəm.”

Eynən Səddam Hüseyn dönəmində də İraqda ağır cəzalar verilirdi, fəqət indi bəzi analitiklərin fikrincə, Səddamın dönəmindəki İraq dövləti, hazırda parçalanmış, məzhəbçiliyin və məzhəbçilərin idarə etdiyi İraqdan daha pozitiv idi. Eyni zamanda Səddam dönəmində ABŞ bu ölkədə idarə olunan xaos yarada bilməmişdi, İranın təsiri sıfırın altında idi.

 

Image result for Səddam Hüseyn

 

2003-cü ildə İraqın ABŞ koalisiyası tərəfindən işğal edilməsi ilə İraqda uzun müddət bərqərar olan sabitlik  yenidən pozuldu. Ölkədə fitnələr baş qaldırdı, məzhəbçilik ən üst zirvəyə qalxdı. Əslində ABŞ  və həmin dövrdə İraqa faktiki olaraq müdaxilə edən İranın əsas istəyi də bu idi.

Və indi həmin fitnələrdən biri də əlavə olundu. İraq Kürdüstanı Regional hökuməti müstəqillik referendumu keçirməklə İraqda yeni bir qalmaqalın əsasını qoydu. Əslində İraqda böyük miqyaslı parçalanma ABŞ-ın 2003-cü il işğalından sonra baş verdi. ABŞ bölgəyə “demokratiya” gətirəcəyini bəyan etsə də, İraq üçün parçalanmanın əsasını qoyan bir konsitutsiya yazdı. Həmin konsitutusiyaya görə, İraq prezidenti kürdlərdən, baş nazir şiələrdən, parlament sədri isə sünnilərdən ola bilərdi. Bu qayda parçalanma prosesini daha da gücləndirirdi. Artıq İraqda sünnilərin partiyası, şiələrin partiyası, şiə kürdlərin partiyası, sünni kürdlərin partiyası kimi deyimlər ortaya çıxmışdı. Siyasəti məzhəblər müəyyən etməyə başladı. Üstəlik də ABŞ-ın bölgənin ən məzhəbçi dövləti olan İranı İraqda hakim mövqeyə gətirməyi, Səddamın dönəmində İrana qaçmış siyasətçiləri Bağdadda ən üst vəzifələrə daşıması problemin miqyasını daha da böyüdürdü. ABŞ-ın hətta İraq prezidenti vəzifəsini də İrana bağlı kürdlərə həvalə etməsi İraqın parçalanmasını daha da sürətləndirirdi. 

Bərzani ailəsinin rəhbərlik etdiyi İraq Kürdüstanı Regional hökuməti isə bu bölgü ilə razılaşmayaraq özünüidarə sisteminə keçdi. Faktiki olaraq 15 ildən çoxdur ki, Bərzaninin rəhbərlik etdiyi qurum rəsmi Bağdada tabe olmur. İraq Kürdüstanı Regional hökuməti daha çox Qərb ölkələri və Türkiyə ilə iqtisadi münasibətlər saxlayırdı.

 

Image result for Bərzani

 

2014-cü ildə Qərb İraqda İŞİD adlı yeni fitnənin əsasını qoydu. Həmin vaxt İraqın türkmənlərin də sıx yaşadığı Mosul və Telafer şəhərlərində mərkəzi hökumətin məzhəbçi, ayrımçı siyasətinə qarşı xalq üsyanı baş vermişdi. Belə bir vaxtda İŞİD adlı fitnə ortaya atıldı və İraq dövlətinin nizami ordusu İŞİD terror təşkilatı qarşısında silah-sursatını ataraq Bağdada doğru qaçmağa başladı. İŞİD qısa zamanda Mosul, Telafer kimi böyük əraziləri ələ keçirərək, mərkəzi hökumətə qarşı başlamış xalq üsyanını da tarixin arxivinə gömdü.

 

Image result for İŞİD

 

Bundan sonra, Qərbin dəstəyi ilə İran əsgərləri yenidən İraqa transfer olmağa başladı. Bununla yanaşı İranın bölgədə uzun illərdir dəstəklədiyi və şiddətlə ad çıxarmış terror qrupları “Haşdi Şəbi” adlı bir terror təşkilatının ətrafında birləşdirildi. Bu qruplaşma İŞİD terror təşkilatından heç nə ilə fərqlənmir. Son 3 ildə dünyanın nüfuzlu “Freedom House”, “Human Rights Watch” kimi insan haqları təşkilatları “Həşdi Şəbi”nin bölgədə əhaliyə qarşı törətdiyi vəhşiliklərdən onlarla hesabat hazırlayıb. Həmin hesabatlarda bu qruplaşmanın insanları məhz məzhəb ayrı-seçkiliyinə görə oğurladığı, işgəncə verdiyi, yandıraraq öldürdüyü video görüntülərlə təsdiqlənib. Hazırda da İraqın nizami ordusu deyə bir şey yoxdur. İraq ordusu əsasən “Həşdi Şəbi” qruplaşmasından və İraq İnqilab Korpusundan ibarətdir. 

 

Image result for Haşdi Şabi terrör örgütü

 

İŞİD-in İraq ərazilərinin böyük bir hissəsini zəbt etməsindən sonra, bölgədə oynanılan oyunun qarşısını almaq üçün Türkiyə prosesə daxil olmaq istədi. Bu səbəblə də Mosul yaxınlığındakı Başika düşərgəsində yerli türkmənlərə və İranın bölgədə genişlənmə planına qarşı olan kürd peşmərgələrə təlim keçmək üçün düşərgə quruldu.

Lakin, bir müddət sonra İbadi hökuməti, İran və ABŞ Türkiyənin Başika düşərgəsindən çıxmasını təkləb etdilər. Məsələ hətta BMT-nin Təhlükəsizlik Şurasına belə daşındı. Lakin, Türkiyə Başikadan çıxmadı. Nə qədər qəribə olsa da, həmin vaxt Türkiyənin Başikada qalmasını yerli türkmənlərlə yanaşı, Bərzani hökuməti dəstəklədi.

İŞİD-in İraqda böyük ölçüdə məğlub edilməsindən sonra, bu ölkəni qarışdırmaq üçün yeni bir plan lazım idi. Belə bir vaxtda Bərzani planı işə düşdü. Trampın ABŞ prezidenti seçilməsindən sonra, bu ölkəyə səfər edən Məsud Bərzani “Nyu-York Tayms” qəzetinə müsahibəsində İraq hökumətinin İranla əlaqələrini qırmayacağı və bölüçü siyasətindən əl çəkməyincəyi təqdirdə qısa bir müddətdə müstəqillik referendumu keçirəcəyini bəyan etmişdi. Və həmin müsahibədən aylar keçmiş Bərzani hökuməti qondarma referendum keçirmə haqda qərar verdi. Bu İraqda oynanılan yeni bir plana işarə idi. Rəsmi Ankara onunla iqtisadi -siyasi münasibətlərdə olan İraq Kürdüstanından belə bir təxribatdan uzaq durmağı tələb etsə də, Bərzani bu tələbləri qulaq ardına vurdu. Görünür Bərzaniyə daha böyük vədlər verilmişdi. Siyasi ekspertlər bu vədlərin ABŞ və İsrail tərəfindən verildiyini bildirirlər. Nəticə etibarilə bölgə yeni qanlı müharibənin astanasındamış kimi görünür. 

Dünən İraq ordusu + “Haşdi Şəbi” türkmənlərin də yaşadığı Kərkükə girdi. Bu gün isə kürdlərin sıx yaşadığı Sincara. Maraqlıdır ki, kürd peşmərgəsi ciddi müqavimət göstərmədən geri çəkilib. Hələ 3 gün öncə Məsud Bərzani İraq Kürdüstanının telekanalı olan “Rudav” a verdiyi açıqlamada, İraq hökumətinin Kərkükə hücum edəcəyi təqdirdə müqavimət göstərməyəcəyini bildirmişdi. Eyni açıqlamasında Bərzani İraq hökumətinin Ərbilə doğru gələcəyi təqdirdə ölənə kimi vuruşacaqlarını demişdi. Görünən budur ki, bölgədə yeni qanlı planlar həyata keçirilmək üzrədir. İran dəstəkli İraqın Ərbilə doğru irəliləməsi təqdirdə bu qanlı plan baş tuta bilər. İndi günün sualı budur. İran+İraq+ “Həşdi Şəbi” Ərbilə doğru hücum edəcəkmi?

İstənilən halda baş verən proseslərin bir hədəfi var, bu Türkiyədir. Türkiyə bölgədə oynanılan oyunlara qarşı təkbaşına duran dövlətdir. İrandan fərqli olaraq, Türkiyənin məzhəbçi siyasəti yoxdur. Məhz bu səbəbdən də ABŞ başda olmaqla Qərb dövlətləri Ankaranın İraqa girməsinə qarşıdır. Hazırda Türkiyə baş verən proseslərə seyriçi qalmaq məcburiyyətindədir. Rəsmi Ankara Bərzani hökumətinə qarşı sərt açıqlamalar və bəzi embarqolar tətbiq etsə də, bölgədəki tərəfdaşını da itirə bilməz. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Bərzani PKK deyil. Türkiyənin mümkün əməliyyatı ölkədə yaşayan bəzi kürd əşirətlərinin narazılığına səbəb ola bilər. Bu isə Türkiyəyə lazım deyil. Son 15 ildə aparılan siyasət Türkiyədə türk-kürd qardaşlığını formalaşdırmaq yönümlüdür və buna böyük ölçüdə nail olunub.

 

Image result for Türkiyə

 

Lakin, Türkiyə baş verənlərin qarşısında da susa bilməz. Maraqlı budur ki, Türkiyənin bütün sərt açıqlamalarına rəğmən İraq Kürdüstanı Regional hökuməti bir dəfə də olsun rəsmi Ankaranın əleyhinə açıqlama verməyib. Hətta hökumətin baş naziri Neçirvan Bərzani son açıqlamasında Türkiyə ilə münasibətlərini mütləq düzəldəcəklərini bildirib.

“Türkiyə Suriyadakı kimi proseslərə niyə hərbi müdaxilə etmir” deyənlər ya bölgəni tanımırlar, ya da proseslərin gedişatından xəbərləri yoxdur. Məsələ burdadır ki, Suriyada müxaliflər, xalqın əksər hissəsi və ən əsası yerli türkmənlər Türkiyənin bölgədəki hər addımına dəstək verirlər.  İraqda isə vəziyyət çox da sadə deyil. Bağdad hökuməti ABŞ və İranın birgə nəzarətindədir. Qərb İŞİD projesi ilə bölgədə olan bir çox Türkiyə meyilli müxalif qüvvələri də məhv etdi. İraq Kürdüstanı Regional hökumətinin son illər Türkiyə ilə isti münasibətləri vardı. Amma Bərzaninin Qərb tərəfindən şirnikləndirilərək atdığı son addımlar, Türkiyə ilə bu münasibətlərə ciddi zərbə vurub. Türkiyənin ən böyük ümid bağlamalı olduğu türkmənlər də yekçins deyil. Bölgədə baş verən proseslərdə sırf məzhəb amili rol oynadığına görə, türkmənlərin bir hissəsi İranın təsirindədir. Onların içində hətta “Həşdi Şəbi”də olanlar da var. Hətta təqribən 7-8 ay öncə “Həşdi Şəbi” üzvü olan bir Kərkük türkməninin İranın İRNA agentliyinə verdiyi açıqlama da unudulmayıb. Həmin açıqlamada “Həşdi Şəbi”li türkmən Türkiyəni və Ərdoğanı təhqir etmiş, “Türkiyənin İraqa girəcəyi təqdirdə Ərdoğanın başını kəsərik” deyə azğın ifadələr işlətmişdi. Türkmənlərin əsasən Mosul və Telaferdən olan bir qrupu isə Türkiyənin yanındadır və Başikada təlim keçirlər. Kərkükdə olan kiçik bir qrup isə millətçilərdir və onlar da Türkiyəni dəstəkləyirlər.

Ümumiyyətlə İraq türkmənlərinin ən böyük problemi onların təşkilatlana bilməməsidir. Nə Səddam dönəmində, nə də ondan sonrakı proseslərdə türkmənlər ciddi bir təşkilatlanma ortaya qoya bilməyiblər. Tək Ərşad Salihin rəhbərlik etdiyi İraq Türkmən Cəbhəsi mövcuddur ki, bu da daha çox siyasi yönümlü bir təşkilatdır. Halbuki, İraqın mövcud şərtləri və bu ölkədə ayaqda durmanın yeganə yolu silahlı özünümüdafiə qruplarının olması idi. Türkmənlərdə isə yalnız Türkiyənin Başkiada hazırladığı kiçik bir özünümüdafiə qrupundan başqa heç bir silahlı birləşmə yoxdur. Suriya türkmənləri ilə İraq türkmənlərinin də fərqi məhz budur. Suriyada müharibə başlanandan özünümüdafiə dəstələri quran Bayırbucaq türkmənləri uzun illərdir Türkmən Dağı bölgəsini nə İrana, nə Əsəd rejiminə, nə Rusiyaya, nə də İŞİD-ə təslim etmir. İraq türkmənləri isə parçalanmış durumdadır.

 

Image result for Türkmən Dağı

Bölgə isə yenidən çalxalanır. Görünən budur ki, bölgənin yenidən bölüşdürülməsi prosesinə statr verilib. Bu prosesdə Türkiyənin yenidən Qərb və onun bölgədəki gizli-açıq müttəfiqi İranla yenidən üz-üzə gələcəyi proqnozlaşdırılır.

Ruslan BƏŞİRLİ /AVROPA.info/

Comment here