DünyaGündəmManşet

Afrinin fəthini zəruri edən 4 amil – Ruslan Bəşirlinin yazısında

“Türkiyənin Vyetnamı” olacağı iddia edilən Afrin bölgəsi 50 gün ərazində ABŞ-ın dəstək verdiyi PKK terrorçularından təmizləndi. Afrin bölgəsi Türkiyə üçün niyə bu qədər strateji əhəmiyyətə malikdir?

1. Türkiyə dövlətinin rəsmi qeydlərinə görə, terror təşkilatı PKK, 1970-ci illərin sonunda Diyarbəkirin Licə mahalının Fis kəndində qurulub. O dövrdə PKK adı yox idi. Terrorçular “apoçular” kimi tanınırdı.

Abdullah Öcalan Türkiyədən qaçınca isə ilk yerləşdiyi ərazi Afrin olub. Terrorçubaşı Afrində Amanos dağlarının Suriyaya uzanan yamaclarındakı kəndlərdə özünə tərəfdarlar toplayıb, terror birləşmələri qurdu. Öcalan uzun illər Afrində yaşadıqdan sonra separatçı fikirlərini bölüşmək üçün Bekaa vadisinə yollanır. Beləliklə, terrorçubaşı Öcalanın bir Afrin tarixçəsi ortaya çıxdı.

Öcalanın Suriyada gizləndiyi dövrlərdə Suriyada hakim Hafiz Əsəd rejimi  SSRİ-nin diqtəsi ilə Türkiyəyə qarşı terror təşkilatı PKK-ya dəstək verirdi. Afrin bölgəsi terror təşkilatı PKK-nın əsas bazalarından birinə çevrilmişdi. 1980-ci illərdə Türkiyədən qaçan PKK terrorçularının bir qismi məhz Suriya ərazisində yerləşirdi.  Məhz bu səbəbdən Afrin xüsusi önəmə malik idi.

2. Türkiyədə 2002-ci ildə, AK Partiyanın hakimiyyətə gəlişindən sonra, ölkədə uzun illər boyu kök salmış və xaricdən idarə olunduğu şübhə doğurmayan türk-kürd qarşıdurmasını həll etmək üçün bir proses başladıldı. Koalisiya hakimiyyətləri dönəmində ağır sarsıntılara uğrayan Türkiyə iqtisadiyyatı AK Partiyanın hakimiyyətə gəlişindən sonra dirçəlməyə başladı. İqtisadiyyatın sürətlə inkişafı nəticəsində ölkənin kürdlər yaşayan cənub-şərq bölgəsində infrastruktur layihələri həyata keçrilməyə başlandı. Kürd əhalinin böyük bir hissəsinin Türkiyə dövlətinə inamını bərpa edə bildikdən sonra ölkənin cənub-şərq hissəsində antiterror əməliyyatları həyata keçrildi.

2015-2016-cı illər ərazində Türkiyənin cənub şərq hissəsində xüsusi xidmət orqanlarının həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində PKK terror təşkilatına tarixi boyunca görülməmiş zərbələr vuruldu. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terrorunun kökünün məhz terrorun istehsal olunduğu yerdəcə kəsəcəklərini bəyan etdi. Afrin əməliyyatı zamanı PKK-nın əsas bazalarından birinin məhz Afrin olduğu açıq şəkildə göründü. Afrinin hər yerində Öcalanın şəkilləri asılmış, hətta terrorçubaşının böyük abidəsi də inşa edilmişdi. Elə bu amilə görə də PKK terrorunun əsas bazalarından olan Afrində əməliyyat həyata keçrildi. Yaxın tarixdə bölgədə antiterror əməliyyatlarının davam etdiriləcəyi gözlənilir. Bununla yanaşı, İraq ərazisində də oxşar əməliyyatların həyata keçriləcəyi bildirilir.

3. Afrin əməliyyatının əsas səbəblərindən biri ABŞ-ın Suriyanın şimalında, Türkiyə sərhədlərində, PKK terror təşkilatına “dövlət” qurma cəhdi idi. İŞİD terror təşkilatı Türkiyə sərhədlərində ələ keçirdiyi əraziləri ABŞ-ın rəsmən dəstək verdiyi PKK/PYD terrorçularına kiçik qarşıdurmalarla təslim etdi. Bölgənin tamamilə PKK/PYD-yə peşkəş edildiyini görən Türkiyə 1 il öncə, İŞİD-ə qarşı “Fərat Qalxanı” kod adlı əməliyyat həyata keçirdi. Cerablus, əl-Bab kimi şəhərlər İŞİD-dən təmizləndi. Türk ordusu Mənbicə girməyə hazırlaşarkən məlum oldu ki, ABŞ hərbi birləşmələri PKK/PYD terrorçularını mühafizə etmək üçün, şəhərdə baza qurub. Hərçənd, türk əsgərinin Mənbicə girməsinə maneə törədilməyəcəyi haqda ABŞ-la öncədən razılaşma var idi.

Sonrakı aylarda ABŞ-ın PKK/PYD terrorçularına verdiyi hərbi, silah sursat yardımı artan sürətlə davam etdi. Ən müasir silahlarla təchiz edilən terrorçular Türkiyənin səbrini daşırırdı. Ankara Qərbin bütün etirazlarına baxmayaraq, məhz Suriyanın şimalında PKK üçün “dövlət” qurulmasına müsaidə etməyəcəyini göstərdi.

4. Türkiyə həm “Fərat Qalxanı”, həm də “Zeytun budağı” əməliyyatları ilə siyasətin təməl prinsiplərindən olan “meydanda olarsansa, masada da olarsan” faktorunu ortaya qoydu. Türkiyənin Suriyada təsir dairəsi çox böyükdür. Əvvəla, Türkiyə Suriya ilə böyük bir sərhədə malikdir. İkincisi, Türkiyə təxminən 5 milyon suriyalı qaçqına qucaq açıb. Üçüncüsü, Suriyada diktator Əsəd rejiminə qarşı başlayan ilk etirazlardan bu günədək Türkiyə bölgənin önəmli faktorlarındandır. Türkiyə Əsəd rejiminə qarşı Suriya müxalifətinin ən böyük dəstəkçsidir, sahədə olan qruplara söz keçirə biləcək gücdədir. Məhz bu səbəbdəndir ki, istər Soçi, istərsə də Astana danışıqları məhz Türkiyə ilə Rusiya arasında aparılır. Suriyada böyük ölçüdə atəşkəsin tətbiq olunması da məhz Türkiyə ilə Rusiyanın razılaşması nəticəsində baş tutub. Lakin Türkiyə bölgədə əlini daha da gücləndirmək istəyir. Bu səbəbdən də ABŞ-ın dəstəklədiyi PKK/PYD terrorçularına qarşı əməliyyat həyata keçrilir və bu əməliyyatların miqyasının genişlənəcəyi gözlənilir. Eyni zamanda, Türkiyə terrordan azad etdiyi bölgələrdə dəstəklədiyi müxalif qüvvələri yerləşdirir ki, bu da həmin qüvvələrin Əsəd rejimi qarşısında gücünü artırır. Təbii ki, Türkiyə dəstəklədiyi qüvvələrin masada Əsəd rejimi ilə ən azı bərabər bir güc şəkilində oturmasında maraqlıdır.

Qısası, Türkiyə regionun kilid dövlətinə çevrilir.

Ruslan Bəşirli /Avropa.info/

Comment here