DünyaManşetMANŞETÜSTÜ

ABŞ bütün bazarları kəsdi: Berlin yeni sistem qurur

ABŞ bütün bazarları kəsdi: Berlin yeni sistem qurur

Almaniya Avropa Birliyindəki liderliyini sürdürməyə və daha aktiv siyasət yürütməyə çalışır.

Bu sözləri Axar.az-a son zamanlar Almaniyanın ABŞ-a qarşı alternativ addımları haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert hesab edir ki, Avropa Birliyinin, o cümlədən Almaniyanın öz maraqları çərçivəsində addımlar atması çox təbiidir:

“Avropa Birliyi də istəməz ki, ABŞ həm bölgədə, həm dünyada yeganə hegemon söz sahibi olsun. Avropa Birliyinin və Almaniyanın maraqları son zamanlar ABŞ tərəfindən çox da nəzərə alınmır. Berlin də məhz buna qarşı həmlələr edir, müəyyən addımlar atır. Məsələn, ABŞ-ın Rusiyaya qarşı sanksiyalardan itirəcəkləri çox az idi. ABŞ-la Rusiyanın ticarət dövriyyəsi sanksiyalardan öncə cəmi 18 milyard dollar idi. Ancaq Avropa Birliyi ilə Rusiyanın ticarət dövriyyəsi 400 milyard dollar idi. Nəticədə Rusiyaya qarşı sanksiyalar Avropaya, o cümlədən Almaniyaya ən çox təsir edən vasitələrdən birinə çevrildi. Obama dönəmində belə bir anlaşma var idi ki, Rusiyaya qarşı sanksiyaların alternativi olaraq İran üzərindən sanksiyalar götürülsün və nəticədə Avropa Birliyi və Almaniya Rusiya bazarında itirdiklərini İran bazarından qazanmaqla kompensasiya etsin. Çünki İranda yeni texnologiyalara və yatırımlara ehtiyac çox idi. Sözün məcazi mənasında desək, İran ac bir bazar idi. Avropa şirkətləri də bu bazarı tutmağa və Rusiyanı əvəzləməyə cəhd göstərirdilər. Ancaq ABŞ bunun da qarşısını kəsdi. İrana qarşı sanksiyalar daha da sərtləşdirilir və az qala Avropa ölkələri də bu sanksiyalara qoşulmağa məcbur edilir. Bu da təbii ki, həm Almaniyanın, həm də digər Avropa ölkələrinin xoşuna gəlmir. Almaniya iqtisadiyyatına və ixracatının həcminə görə Avropa Birliyinin lider ölkəsidir və son zamanlar bu liderliyini sürdürməyə və daha aktiv siyasət yürütməyə çalışır”.

Ekspert Almaniyanın Dünya Bankı və Federal Ehtiyatlar Sisteminə (FES) alternativ yaratmaq cəhdlərinin mümkünlüyünə də aydınlıq gətirib:

“Açığı, Federal Ehtiyatlar Sisteminə alternativ bir sistemin yaradılması mümkün deyil. FES unikal bir qurumdur və əslində, heç dövlət qurumu da deyil. Tarixən FES özəl bir qurum kimi yaradılıb, sonradan Konqresin nəzarəti altına verilib. Belə bir ikinci unikal qurumun Avropada yaranması mümkün deyil. Ancaq ona bənzər bir qurum Avropa Mərkəzi Bankıdır ki, FES-ə paralel funksiyaları yerinə yetirir. Burada Almaniyanın daha böyük rol alması mümkündür. Bu günə qədər Avropa Mərkəzi Bankı Almaniyanın fikirlərini nəzərə alıb. Breksitdən sonra Britaniyanın da Avropa Birliyini tərk etdiyini düşünsək, Almaniyanın bundan sonra daha hegemon rol oynaması və Avropa Mərkəzi Bankında diqtəedici bir mövqeyə sahiblənməsi mümkündür”.

Fakttv.com

 

Comment here