Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur
Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur
Azərbaycan Prezidentinin Albaniyaya dövlət səfəri yeni çağırışlara səs verməkdir Bu ölkə 2022–2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun əsas prinsiplərindən biri də Azərbaycana hörmət və ehtiramla yanaşan bütün ölkələrlə münasibətlərin tənzimlənməsi, əlaqələr qurulması, bərabərhüquqlu və səmərəli əməkdaşlığın təmin edilməsi idi. Bu prinsiplər bizim Albaniya Respublikası ilə əməkdaşlığımızı da məqsədəuyğun edir. Üstəlik, Albaniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir.
Belə ki, rəsmi Tirana Azərbaycanın müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 23 sentyabr 1993-cü ildə qurulmuşdur. Ekspertlər yazırlar ki, Azərbaycanla Albaniya arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016–2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumlarında bir qayda olaraq Albaniya Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri iştirak etmişlər. Xatırladaq ki, Albaniya Prezidenti Buyar Nişani 2016-cı ildə və 2017- ci ildə IV və V Qlobal Bakı Forumlarında iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir. 2018-ci ilin və 2019-cu illərin mart aylarında isə Albaniya Prezidenti cənab İlir Meta VI və VII Qlobal Bakı Forumlarında iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir. Yəni bu ölkə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə sübut etmişdir.
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru
Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir
Prezidentin cənab ilham Əliyevin Albaniya respublikasına reallaşdırdığı dövlət səfəri hər iki dövlətin qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi istiqamətdə daha müfəssəl addımların atılmasını təmin etmək məqsədi daşıyırdı. Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğu dəfələrlə vurğulanıb. Cənab Prezidentimizin bu səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bu səfər ölkələrarası münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada keçiriləcək “Azərbaycan Həftəsi”nə hazırlıqla üst-üstə düşdüyünə görə də əlamətdardır.
Bundan başqa, 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Onu da əlavə edək ki, Prezident cənab İlham Əliyev IX Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə söhbət zamanı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi.
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın işğalçı mövqeyinə görə nəticə verməmişdir 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud işğalı möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.44 gün davam edən İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın n silahlı qüvvələri darmadağın edərək Vətən torpaqlarını işğaldan azad etdi.
Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini
Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir
Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. 100 ildən artıqdır ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən mifik “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlara qarşı törədilən cinayətlərə beynəlxalq təşkilatlar tərəfindən tam hüquqi qiymət verilməsi istiqamətində təsirli işlərə başlanılmayıb. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir.
Vətən müharibəsindən əvvəl işğal altında olan Azıx mağarasında ermənilər tərəfindən bütün beynəlxalq hüququn norma va prinsiplərinə zidd olaraq arxeoloji qazıntılar həyata keçirildiyi əyani olaraq beynəlxalq ələmə göstərildi. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarından çox qiymətli və nadir eksponatlar Ermənistana daşınmışdır.
İşğalçı ermənistan qüvvələri maddi-mədəni və tarixi abilərimizlə yanaşı Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə beynəlxalq hüqqu heçə sayaraq qeyri-qanuni köçürmələrə rəvac verib. Belə ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal altında olan ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmaya dair faktlar zaman-zaman ortaya çıxır. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirib. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Eyni zamanda, Vətən müharibəsindəki qalibiyyətdən sonra Azərbaycan tərəfi bu faktları mütəmadi olaraq beynəlxalq ictimaiyyətə təqdim edərək Ermənistanın işğalçılıq siyasətini ifşa edir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış başlandı. Zəngilanın Ağalı kəndinin bir qrup sakini 30 ilə yaxın ayrılıqdan sonra doğma yurduna döndü. Bu, tarximizdə və taleyimizdə çox qürurlu hadisədir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı, şəhidlərimizin qanı hesabına azad edilmiş torpaqlarımızda artıq həyat başlanır. Aparılan bərpa və yenidənqurma işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Baxmayaraq ki, erməni vandalları 30 il ərzində həmin əraziləri tamamilə dağıdıb, amma dövlətimiz bu torpaqlarda yenidən həyatı qaytarmaq üçün əzm və qətiyyət nümayiş etdirir. Artıq xalqımız, milli dəyərlərimiz və ənənələrimiz bu torpaqlara qayıdıb. Azərbaycan xalqı bundan sonra həmin torpaqlarda əbədi yaşayacaq. Füsunkar təbiəti olan bu diyarın gələcəyi çox gözəl olacaq.
Ümumiyyətlə, regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin uğurlu siyasətinə şahidlik edir. Hər kəs görəcək ki, Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə azad olunmuş torpaqlarda işlər planlı və sistemli şəkildə davam edəcək. Bu işlərin nəticəsində 30 illik torpaq həsrəti çəkən insanlarımız yurdlarına qovuşacaqlar.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc
Şərh yazılmayıb.